Məhkəmə qərarları › İş №2(007)-108/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-108/2024

02.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-108/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 4000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xəbəri olmadan cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Nəticədə cavabdehə maddi ziyan vurmuş və 4000 manat borcu yaranmışdır. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, nə o, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamış habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir.

Tərəflərin izahatları:

3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, uzun müddətdir ki, həmin evdə yaşayır. Lakin nəvəsinin ürək problemi var və tez-tez xəstəxanada qalırlar. Nəvəsi açıq ürək əməliyyatı olunduğundan onunla birgə xəstəxanada qalıbdır, evə çox gələ bilməmişdi. Onlar evdə olmayanda qazın az işləməsi bəhanəsilə evə gəlib sayğacı dəyişiblər. 1 ildə 2 dəfə sayğac dəyişiblər. Sonuncu dəfə xx.xx.2023-cü ildə dəyişiblər. Kənarda olan rezin boru ilə guya kənar xətt çəkiblər. İllərdir, o var, hər dəfə gəlib görürlər, özləri də yaxşı bilir ki, o sayğacdan gedir. Əvvəl kartla idi, onda da həmin boru var idi. O boru ayrıca otağa çəkilib. Belə olan halda açıq-aşkar boru niyə çəkilsin ki?! Daha sonra onlara evdə çox olmadıqlarını bildirib. Cavabdeh İB-nin əməkdaşları onun evinin qazını kəsib, onu da 4000 manat cərimə ediblər. Odur ki, iddia tələbinin təmin edilməsini və qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Sayğaca müdaxilə edilməyib, sayğacdan kənar xətt çəkilib. Elektron sayğac olduğu üçün hər ay baxış keçirilməsinə ehtiyac yoxdur. Hər ay olmasa da 1, 2 aydan bir elektron sayğaclara profilaktik baxış keçilir. Mexaniki sayğaclara hər ay baxış keçirilir.

5. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu.

9. İddiaçı adına verilmiş **********00620 nömrəli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə “ZENNER G4T Smart” markalı, **********1695 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 4147.20 manat borc hesablanmışdır.

10. Dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x24x360=34560 m3.

11. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə “ZENNER G4T Smart” markalı, **********1695 nömrəli sayğac quraşdırılmışdır.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 3/1136 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş ******* saylı, 31 mart 2023-cü il tarixli akta əsasən qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçıya 4147.20 manat borc hesablanmışdır. Hesabat müddəti 24 saat olmaqla 360 gün qəbul edilmişdir. İddiaçı həmin cərimənin silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

17. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kənar xətt çəkilmədiyi və sərf olunan qaz sayğac vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

18. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 3/1136 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir.

19. Bundan başqa itirilmiş qaz 360 gün qəbul edilərək (4x24x360=34560 m3) iddiaçıya 4147.20 manat borc yazılmışdır. Halbuki, Cavabdeh nümayəndələri tərəfindən sayğaclara hər ay baxış keçirilir.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 4000 manat məbləğində borc silinməlidir.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Məhkəmə xərcləri:

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00620 abonent kodu üzrə hesablanmış 4000 manat məbləğində borc silinməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00620 abonent kodu üzrə hesablanmış 4000 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar