Məhkəmə qərarları › İş №2(007)-1101/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1101/2023

17.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1101/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən **********570 abonent kodu üzrə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilə hesablanmış 1060.76 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin ünvanda daimi yaşamasa da tez-tez həmin ünvana gəlib orada qalır. Evin mülkiyyətçisi olmasına baxmayaraq ödəniş qəbzləri Sarıyev Səfərin adına gəlir, eyni zamanda 3 nəfər də tanımadığı, adını belə bilmədiyi şəxslər həmin ünvanda yaşadıqları bildirilir. Beləliklə dörd nəfər üçün Cavabdeh ASC tərəfindən borc məbləği hesablanıb. Onun dəfələrlə Cavabdeh ASC-nin Nizami Rayon Sukanal idarəsinə ərizə ilə və şifahi müraciət etməsinə baxmayaraq bu günə kimi ona sayğac quraşdırılmayıb. Ərizəsinə cavab olaraq su təchizatı və kanalizasiya müəssisəsi hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparıldığını, hazırda su və tullantıların axıdılması xidmətlərindən istifadəyə görə borc ailə tərkibinə əsasən hesablandığını göstərib. O, borc məbləğinin dörd nəfər üçün hesablanmasına etiraz etdiyi zaman, “ümumi hesablayırıq” cavabını verirlər. Hazırda abonent kodu üzrə (**********570) mənzilinə qanunsuz olaraq 1060,76 manat borc yazılıb. O, tək yaşayır, heç yerdə işləmir. Sosial iqtisadi vəziyyəti ağırdır, ağır şəkər xəstəsidir, dərmanlar həddindən artıq bahadır. Həmin dövrdə suyun hər kub metri baha deyildi, lakin cavabdeh tərəfindən həddindən artıq şişirdilmiş məbləğ yazılıb. Qeyd edir ki, o, Cavabdeh ASC-nə bütün sənədləri təqdim etmişdir, lakin onlar həmin sənədləri yoxa çıxardıblar. Borc məbləği əsassız şişirdilmiş yazıldığı üçün məcbiriyyət qarşısında qalaraq bu borc məbləğinin silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1101/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “borcun sislinməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1101/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən **********570 abonent kodu üzrə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilə hesablanmış 1060.76 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək Nizami Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(007)- 1101/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdi. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(007)-1101/2023 nömrəli qərardadı ilə Cavabdeh ASC-nin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1101/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmişdir. Məhkəmənin iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi arayışda, “Nizami Rayon Məhkəməsinin icraatında 2(007)-1101/2023 saylı iş üzrə İddiaçı Talib qızının cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair təxirə salınmışdır. Qeyd olunan xüsusatları nəzərə alaraq bildirir ki, tərəflərindən məhkəməyə təqdim edilmiş əhali qrupu üzrə istehlakçı Səfər Sarıyev adına Su və çirkab suyuna dair abonent kodu **********570 olan 14509604 saylı müqavilə ailə tərkibi 1 nəfər olmaqla xx.xx.2007-ci il tarixdə Su təchizatı Kanalizasiya müəssisəsi arasında bağlanmışdır. xx.xx.2012-ci il tarixdə abonent tərəfindən mənzildə qeydiyyatda olan nəfər say dəyişikliyi barədə təqdim edilmiş arayışa əsasən 3 nəfər olmaqla sərfiyyat verilərək hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş X1nın 7.4.-cü bəndinə əsasən Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsinə dair Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli fərmanı ilə istehlakçı abonentlərin borcları silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiqlənmiş X1nın 7.1-ci bəndinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. İşin obyektiv hallarının dəqiq araşdırılması üçün məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Tarif Şurasının qərarları ilə İçməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflərin dinamikası istehlakçı əhali qrupu üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək sərf edilən su təchizatı üzrə 0.30 axıdılan tullantı xidmətlərinə görə 0.06 qəpik, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək isə sərf edilən su təchizatı üzrə 0.35 axıdılan tullantı xidmətlərinə görə isə 0.15 qəpik, xx.xx.2021-ci il tarixdən sərf edilən su təchizatına dair 0.70 qəpik, axıdılan tullantı xidmətlərinə görə isə 0.30 qəpik müəyyən edilmişdir. İddiaçıya məxsus ünvanda istifadə edilən su təchizatı və tullantı sularına dair xidmət üzrə ailə tərkibinə əsasən illik qalıq borcu təqdim edilmiş abonent kartı üzrə olmuşdur. Əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərini pozaraq müqavilə bağlandığı tarixdən göstərilən və istehlak edilən xidmətlər üzrə hal- hazıradək heç bir ödəniş təqdim edilməmişdir.” qeyd olunmuşdur. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, evi 2007-ci il tarixdə almış, 2008-ci il tarixdə də qeydiyyata düşmüşdür. 2018-ci il tarixdə borc barədə qəbz gəmişdir. xx.xx.2007-ci il tarixdə Sarıyev Səfərin adına müqavilə bağlanmışdır. Səfər Sarıyevlə əlaqə saxlayıb o, da heç vaxt gedib müqavilə bağlamadığını bildirmişdi. Öz sənədlərini aparıb idarəyə vermiş ki, onun mənzilinə sayğac qoyulsun. Lakin sənədlərini itiriblər. Sayğac da qoymayıblar. Su ümumi yataqxanaya gəlir, həmçinin onun mənzilinə də. Orada əsasən məcburi köçkünlər yaşayır onlar da ödənişdən azaddırlar. Məhkəmənin iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, müqavilə xx.xx.2007-ci il tarixdə Sarıyev Səfərin adına bağlanmışdır. İdarəyə yaxınlaşıb məlumat verilmədiyindən müqavilə avtomatik olarq Sarıyev Səfərin adına uzadılıb. Borc 2011-ci il tarixdən bu günə kimi hesablanmışdır. xx.xx.2011-ci il tarixdə silinmədən sonra borc xx.xx.2012-ci il tarixə kimi 1 nəfərlə, xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 3 nəfərlə, xx.xx.2023-cü il tarixdən bu günə kimi 1 nəfərlə hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilin mülkiyyətçisidir. - Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı tək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzildə yalnız İddiaçı qeydiyyatdadır. - Cavabdeh ASC Bakı Şəhəri Nizami Rayonu Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilinə (abonent kodu **********570) 1060.76 manat borc hesablanmışdır. - Bakı Şəhəri Nizami Rayonu Sukanal İdarəsindən İddiaçı ünvanlanmış məktubun məzmunundan görünür ki, istehlakçının həmin idarəyə borcun silinməsi barədə etdiyi münasibət təmin edilməmiş və bu onunla əsaslandırılmışdır ki, İddiaçı ailə tərkibi barədə arayış təqdim etmədiyindən borc ailə tərkibinə uyğun aparılmışdır. - 12 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 359 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilində 2008-ci ildən hal-hazıradək 1 nəfər qeydiyyatdadır. - Cavabdeh ASC ilə Səfər Sarıyev arasında bağlanmış 01 fevral 2017-ci il tarixli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilədən görünür ki, DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflər öhdəlik götürmüşlər. Ailə tərkibi 1 nəfər göstərilmişdir. - "xxxx"ASC-nin abonent saldosundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilin abonenti (**********A0057) İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzil xx.xx.2008-ci ildən İddiaçı mülkiyyətindədir. Lakin mənzilə dair suyun istifadə olunması ilə bağlı müqavilə 01 fevral 2017-ci il tarixdə Səfər Sarıyevlə bağlansa da müqavilədə abonentin imzası yoxdur. Həmçinin xx.xx.2023-cü il tarixli hesab fakturada Səfər Sarıyevin adı qeyd olunmuşdur. Cavabdeh ASC tərəfindən həmin mənzilə xx.xx.2011-ci il tarixdə silinmədən sonra borc xx.xx.2012-ci il tarixə kimi 1 nəfərlə, xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 3 nəfərlə, xx.xx.2023-cü il tarixdən bu günə kimi 1 nəfərlə 1060.76 manat borc hesablanmışdır. 12 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilində 2008-ci ildən hal-hazıradək 1 nəfər qeydiyyatdadır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə tam yetirmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında suyun alqı-satqısı ilə bağlı müqavilə olmasa da faktiki olaraq Cavabdeh ASC-nin cavabdehin mənzilini su ilə təmin etməsini və ona kanalizasiya xidmətləri göstərdiyini məhkəmə iclasında tərəflər təsdiqlədilər. Bu işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə Cavabdeh ASC tərəfindən İddiaçı sudan isdifadəyə görə tutulan pul ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X1”na əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzildə 2008-2023-cü illərdə 1 nəfər qeydiyyatda olmuşdur. Həmin dövrdə istehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxsin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Həmin qaydalara əsasən sərfiyyat 1 nəfər üçün 5 kub metr müəyyən olunub, hər kub metrə görə xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək sudan istifadə 0.30 qəpik, kanalizasiya xidmətlərindən istifadəyə görə 0,6 qəpik müəyyən edilmişdir. Belə olan halda, 1 nəfər üçün su və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2011-2016-cı illərdə 1 aylıq xidmət haqqı 0.36 qəpik (0.36 x 5=1,80; 61 ay x 1,80=109,80) manat təşkil edir. xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək sudan istifadə 0.35 qəpik, kanalizasiya xidmətlərindən istifadəyə görə 0,15 qəpik, 1 nəfər üçün 1 aylıq xidmət haqqı 0.50 qəpik müəyyən edilmişdir. xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək (0.50 x 5=2,50; 57 ay x 2,50=142,50) manat təşkil edir. xx.xx.2021-ci ildən hal-hazıradək sudan istifadə 0.70 qəpik, kanalizasiya xidmətlərindən istifadəyə görə 0,30 qəpik, 1 nəfər üçün 1 aylıq xidmət haqqı 1 manat müəyyən edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək (1 x 5=5; 25 ay x 5=125) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2011-ci ildən 2023-cü ilin mart ayına qədər ünvan 3 ünvanı üzrə su və kanalizasiya xidmətlərindən istifadəyə görə 1 nəfər üçün xidmət haqqı 377.30 manat təşkil etdiyindən, iddia tələbi cavabdeh İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 377.30 manat məbləğində borcu vardır. Ona görə hesablanmış 1060.76 manat borcdan 683.46 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən məhkəmə xərclərinə aid olan dövlərt rüsumu dövlət büdcəsinə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 683.46 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81A, 57 saylı mənzilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 683.46 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar