Məhkəmə qərarları › İş №2(007)-1144/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1144/2025

21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1144/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı X1 Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanda yerləşən abonent kodu **********00410 olan yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777,6 manat dəymiş ziyan borcunun silinməsinə və smart karta ödədiyi ödənişlərdən həmin borca görə tutulan pulların hesablanaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evi onun evidir. Bildirir ki, həmin fərdi yaşayış evinə abonent kodu №**********410 olan qaz sayğacı quraşdırılmışdır. Bildirir ki, xx.xx.2023-cü il tarixində ******* saylı akt əsasında “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları onun xəbəri olmadan sayğacını yerindən çıxarıb, əvəzində yeni sayğac quraşdırmışlar. Bu yaxınlarda adına olan smart tipli sayğacına smart kart vasitəsi ilə ödəniş etdiyi zaman ödədiyi pulun yarısının borca çıxıldığının şahidi oldu. Bu səbəbdən də Cavabdehnə müraciət edərək əlavə borcun hansı səbəbdən yazıldığını öyərənmək istədi. Bildirir ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı ona guya ki “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün sol hissədən gövdədən tamamilə aralandığı üçün akt tərtib olunduğunu və həmin aktlar əsasında dəymiş ziyan borcunun yazıldığını bildirdi və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 777,6 manat dəymiş ziyan borcu yazılmışdır. Hazırda adına olan sayğaca əsassız 777.6 manat cərimə borcu yazıldığı üçün smart karta ödədiyi pulların yarısı həmin borca çıxılır. Bu hərəkət bir vətəndaş kimi ona qarşı edilən qanunsuz hərəkətdir. O, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşına bildirdi ki, onun sayğacının plombları yerində olub, sayğacına və qaz xəttinə müdaxilə etməmişdir. Qaz sayğacı həyətində yerləşməyib, küçədə quraşdırılıb. Ona dəyən hər hansı bir zərbəyə və ya zədəyə görə o, məsuliyyət daşımır. Həmçinin onun sayğacı saz vəziyyətdə işləyirdi. Onun sayğacını açıb götürən zaman ona xəbər verilməyib. Lakin bundan sonra yazılmış dəymiş ziyan borcu silinmədi. Ona borcun silinməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Düşünür ki, qaz sayğacına qanunsuz müdaxilə etmədiyi üçün, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 777,6 manat dəymiş ziyan borcu tələb olunması ona qarşı haqsızlıqdır. O, qaz sayğacına, nə də ki, qaz xəttinə müdaxilə etməmişdir. O, hesab edir ki, barəsində tərtib olunan xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 777,6 manat dəymiş ziyan borcu silinməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2023-cü ilin mart ayında gecə 12-nin yarısı qapını döydülər. Cavabdeh nümayəndələri soruşdular ki, qaz gəlir? Baxdı ki, qaz gəlir. Sayğacı 2023-cü ilin mart ayında gətirib dəyişdilər. 2025-ci ilin yanvarın 5-də cərimə gəldi. sayğaca müdaxilə olunduğunu dedilər. Sayğac isə yolun kənarında darvazadan kənarda quraşdırılıb. O, sayğaca heç bir müdaxilə edə bilməz. Odur ki, iddia tələbinin təmin edilməsini və qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, qaz sayğacına baxış keçirilən zaman sayğacın mexaniki hesablama mexanizminin qoruyucu örtüyü sol hissədən gövdədən tamamilə aralanıb. Sayğacın mexaniki hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.

8. İddiaçı adına verilmiş **********00410 nömrəli abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə 30.017.2023-cü il tarixdə “ZENNER G4T Smart” markalı, **********059 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 777.60 manat borc hesablanmışdır.

9. Dəymiş ziyanın bərpasına dair 31 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x12x90=6480 m3. 10.Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə “ZENNER G4T Smart” markalı, **********059 nömrəli sayğac quraşdırılmışdır.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən sayğacın mexaniki hesablama mexanizminin qoruyucu örtüyü sol hissədən gövdədən tamamilə aralanıb. Sayğacın mexaniki hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bu səbəbdən iddiaçıya 777.60 manat borc hesablanmışdır. Hesabat müddəti 12 saat olmaqla 90 gün qəbul edilmişdir. İddiaçı həmin cərimənin silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac evdən kənarda küçədə quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

16. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

17. Bundan başqa itirilmiş qaz 90 gün qəbul edilərək (6x12x90=6480 m3) iddiaçıya 777.60 manat borc yazılmışdır. Halbuki, Cavabdeh nümayəndələri tərəfindən sayğaclara hər ay baxış keçirilir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 777.60 manat məbləğində borc silinməlidir.

19. Məhkəmə iddia tələbinin “smart karta ödədiyi ödənişlərdən həmin borca görə tutulan pulların hesablanaraq ona qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmə xərcləri:

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00410 abonent kodu üzrə hesablanmış 777.60 manat məbləğində borc silinməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00410 abonent kodu üzrə hesablanmış 777.60 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar