Məhkəmə qərarları › İş №2(007)-118/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-118/2022

14.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-118/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi X4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə X2-tikinti ekspertizalar şöbəsinin eksperti X1 iştirakları ilə, İddiaçı MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, yeni mənzillərin və qeyri-yaşayış sahələrinin verilməsi, kirayə haqqının ödənilməsi və sair” tələbinə dair mülki işə iddia icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, yeni mənzillərin və qeyri-yaşayış sahələrinin verilməsi, kirayə haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 7 saylı mənzilinə və həmin evin zirzəmisində yerləşən 51,7 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin birinci mərtəbəsində yerləşən, 62,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə və həmin binanın zirzəmisində yerləşən, 51,3 kv.metrlik qeyri-yaşayış sahəsinə, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 20 saylı mənzilinə, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 6 saylı mənzilinə və Cavabdeh4 ünvan 1 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, cavabdehlərin qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması, həmin mənzillərin və qeyri yaşayış sahələrinin sökülməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni binada kompensasiya qismində cavabdehlərin mənzillərinin və qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillərin və qeyri-yaşayış sahələrinin onlara verilməsi, yeni yaşayış sahəsi tikilənədək iddiaçı tərəfindən cavabdehlərin hər birinə, kirayə haqqı olaraq, hər ay üçün 500 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli, 177 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi, qeyd edilən torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və kompensasiyanın verilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. Eyni zamanda Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 177 saylı sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və yaşayış sahələrinin mülkiyyətçilərinə müraciətlər edilmiş və Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı yaşayış binasının mövcud vəziyyəti barədə məlumatlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X8 İnstitutunun rəyinə əsasən qeyd edilən binaların texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır və bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. Eyni zamanda, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı yaşayış binasının sökülüb, yerində müasir tələblərə uyğun, yeni yüksəkmərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə 02 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehlərə kompensasiya qismində hazırda yaşadıqları mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzillər veriləcək, habelə bina inşa edilib cavabdehlərə təhvil verilənədək, onların yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün isə hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Lakin cavabdehlər hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edirlər. Göstərilən sərəncamın icrası ilə bağlı, İddiaçı MMC tərəfindən həmin ərazidə yerləşən sahə mülkiyyətçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq müvafiq müqavilə bağlanmış və həmin sakinlərə yeni bina inşa edilənədək hər ay kirayə haqqı ödənilir. Lakin cavabdehlər hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, fantastik kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vururlar. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli, 292- 1VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmin Qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən stifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nizami Rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən İddiaçı MMC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan aktlardan göründüyü kimi cavabdehlərin mülkiyyətində olan yaşayış sahələrinin istismara yararsız olması və sesymik normalara cavab verməməsinin ətrafdakılara təhlükə yaratdığı qeyd edilmişdir. Bununla belə İddiaçı MMC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və mülkiyyətçilərin malik olduqları yaşayış və qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda inşa ediləcək yeni çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahəsinin ölçülərindən 20% əlavə ölçülərdə tam təmirli yaşayış və qeyri-yaşayış sahələrini onlara verməyi öhdəsinə götürür. Cavabdehlər isə bu məzmunda müqavilə bağlamaqdan imtina etsələr də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrinin qəzalı vəziyyətdə saxlanılınası yaşayış binasının digər mülkiyyətçilərinin hüquqlarını pozur və onların bərpa etmək vəzifələrini həyata keçirməyə maneə olur. Göründüyü kimi, cavabdehlər mülkiyyət hüquqlarından sui-istifadə etməklə Mənzil Məcəlləsi üzrə vəzifələrinin həyata keçirməkdən yayınırlar və bu maraqlı şəxs olaraq İddiaçı MMC-nin hüquqlarını pozur və digər sakinlər qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə İddiaçı MMC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. MMC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehlərə güzəştli təkliflər olunmuş, lakin buna baxmayaraq onlar, həmin təklifdən imtina etmişlər və nəticədə MMCyə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadırlar. Həmçinin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 177 nömrəli Sərəncamla verilmiş digər binaların bəzi mülkiyyətçiləri ilə iddiaçı arasında eyni mübahisə ilə bağlı məhkəmə çəkişmələri olmuş və yekun məhkəmə aktlarına əsasən iddiaçının tələbi təmin olunmuş və artıq icra olunmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehlər Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 7 saylı mənzilinə və həmin evin zirzəmisində yerləşən 51,7 kv.metr ölçüdə qeyriyaşayış sahəsinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin birinci mərtəbəsində yerləşən, 62,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə və həmin binanın zirzəmisində yerləşən, 51,3 kv.metrlik qeyri-yaşayış sahəsinə, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 20 saylı mənzilinə, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı evin 6 saylı mənzilinə və Cavabdeh4 ünvan 1 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılmalı, həmin mənzillər və qeyri-yaşayış sahələri sökülməli, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyri-yaşayış sahəsi verilməli, cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, sakinlərlə MTK arasında mübahisə söküləcək mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzində veriləcək kompensasiya məbləği ilə bağlıdır. Razılaşma ilə bağlı cavabdehlərə təkliflər olunub, burada 100000 dəyəri olan mənzilə görə 300000 manat vəsait istəyirlər. Cavabdehlərin təklif etdikləri şərtləri ədalətsiz mövqeyi kimi qiymətləndirir. Bu binalar artıq 80 ildir tikilib, mübahisəli bina da yararsız vəziyyətdədir. Əks təqdirdə həmin binalarla bağlır Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı, cənab Prezidentin fərmanı olmazdı. Əgər həmin binalar qəzalı vəziyyətdə olmasa, Fövqəladə Hallar Nazirliyi onların yeni lahiyəsini təsdiq etməzdi, orada MTK tərəfindən 9 dənə bina tikilib. Məhkəmənin qərarı ilə mütəxəssis cəlb olunmuş, binaya baxış keçirilmiş, çəkilmiş fotoşəkillərdən də göründüyü kimi bina yararsızdır. Kamil Balakişiyev küçəsində yerləşən 38 saylı bina da hazırda mübahisələndirilən Nəsimi küçəsi 16 saylı bina ilə analoji eyni dövrə aid eyni lahiyəsi olan qəzalı vəziyyətdə olan binadır. İş üzrə və əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatətin işin uzadılmasına aparıb çıxarmasını ona görə də təmin olunmamasını bildirdi. O, həmçinin zirzəminin qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğunu, cavabdehlərin hamısından soruşduqlarını, qeyri-yaşayış sahəsi zirzəmidə yerləşirsə, zirzəmidə verəcəklərini, 1-ci mərtəbədə yerləşirsə orada verəcəklərini bildirdi. Hər yaşayış yeri üçün kvadrata 2500 manat təklif etdiklərini, lakin onların qəbul etmədiklərini bildirdi. Cavabdeh2 iddia tələbinə dair məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbini qəbul etmədiyini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O etirazını belə əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərbaycan İnşat və Memerlıq Elmi-Təhqiqat İnustitunun” 21.09.2015-ci il tarixli rəyi Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 38 saylı bina ilə bağlıdır. İddiaçı həmin rəyi əsas götürərək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küşəsində yerləşən 16 saylı binanın qəzalı vəziyyətdə olduğunu, istismara yararsız olmasını və seysmik normalara cavab vermədiyini bildirərək ətrafdakılara təhlükə yaratdığını qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınnı 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 29.11.2019-cu il tarixli 868 saylı Fərmanınnı 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 saylı qərarı 17.12.2019-cu il tarixli 482 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin qərarla mənzil fondunun yenilənməsi sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün ümumi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin edilməsi və.s... tələblər icra hakimiyyətinə tapşırılmışdır. İddiaçı tərəfindən söküləcək binanın qəzalı vəziyyətdə olması, cəmiyyət üçün təhlükəli vəziyyətdə olması sübut olunmur. Ona hər hansı bir təklif olunmamış, mülkiyyətçilərlə danışıq aparılmamış, güzəştli təklifin nədən ibarət olması onun heç bir məlumatı olmamışdır. İddia ərizəsində qeyd olunanlar tamamilə boş söz yığınıdır, həqiqəti əks etdirmir və formal xarakter daşıyır. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiklərini bildirdi. O binaların 1956-cı ilin binaları olduğunu, ekspert keçirilən zaman orada iştirak etdiyini, məhkəmə tərəfindən ekspert qarşısına qoyulmuş sualın Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı binanın istismara yararlı olubolmamamsı ilə bağlı olduğunu, ekspertin istinad etdiyi və öz rəyinin təsvir hissəsində mətnini tam olaraq köçürdüyü Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərbaycan İnşat və Memerlıq Elmi-Təhqiqat İnustitunun” 21.09.2015-ci il tarixli rəyinin mübahisəli bina ilə bağlı olmadığını, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 38 saylı bina ilə bağlı 2015-ci il tarixli rəyin köçürülməsindən və mənasız fotoşəkillərdən ibarət olduğunu, buna görə də yenidən ekspertiza aparmaq üçün vəsatət verdiyini, vəsatətlərinin təmin edilmədiyini, ekspertlərin müfəssər tam obyektiv araşdırma aparmadıqlarını, orada ancaq ölçü işləri aparmaqla kifayətləndiklərini, binanın qəza vəziyyətinin müyyənləşdirilməsi üçün sadəcə oradan nümunələr götürülməli, laboratoriya aparılmalı, binanın mansarına baxılmalı, orada seysmikliyə cavab verən kəmərlərin vəziyyətinə baxmalı olduğunu, ekspertlərin isə ancaq ölçü işləri apardıqlarını, zirzəmidə bir neçə lonjironun olduğunu, onun paslanmasını əsas gətirdiklərini və ancaq ölçü işləri apardıqlarını bildirdi. O qeyd etdi ki, binanın içində yerli baxış keçirilən zaman onların mənzilində baxış keçirilməmiş, baxış keçirilən həmin mənzillərdə keçmiş mülkiyyətçilər tərəfindən söküntülər aparılmışdır. O mənzillərin fotoşəkilləri çəkilmişdir. Halbuki orada 4 ailə var ki, onlar orada yaşayır və mənzillər tam təmirlidir. onların yaşamaq üçün şəraitləri vardır. Mülkiyyətçilərlə razılaşdırılmadan MTK söküntü işləri aparır. Burada insanların talehi həll edilir, mülkiyyət hüquqlarından mərhum etmədən söhbət gedir. O iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş alternativ ekspertizanın rəyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının rəyini sübut kimi götürülməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki proseslərində iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini, onun obyektinin 700.000,00 artıq dəyərinin olmasını, onunla binanın həyətində qeyri-rəsmi şəkildə danışıqlar aparılmasını, tikinti lahiyəsinin təqdim edilməməsini, ekspert rəyi ilə razı olmamasını bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiklərini, evinin 63 kv.metr olmasını bildirdi və əlavə olaraq qeyd etdi ki, ərizədə yazılıb ki, axırıncı sakin çıxmayana kimi, söküntü olmayacaq, amma bunlar söküntü işi aparırlar. Onun evi orada hamısından böyükdür, həyəti var və mənzili təmirlidir. Təmirə 40.000,00 manat pul verib. Ona başqa yerə köçmək lazım deyil, onlara lazımdırsa razı salsınlar. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq həyat yoldaşının usta olduğunu, orada bundan sonra 100 ildə yaşamağın mümükün olduğunu, həyəti, zirzəmisi, artırmaları olduğunu və gəlib hesablamalarını, həyətinin sənədinin olmadığını, amma ondan istifadə etdiklərini qeyd etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə X2tikinti ekspertizalar şöbəsinin eksperti X5 2015-ci ilin rəyinin K.Balakişiyev küçəsində yerləşən binaya aid olmadığını, onun 2015-ci ilin rəyinə istinad etmədiyini, orada FHN-nin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri ilə birgə iştirak etdiklərini, o rəyin işin materiallarında olduğunu və həmin rəyin anoloji binalarla bağlı olduğunu, həmin rəyə istinad etmədiyini, orada demək olar ki, baxış keçirdiyi binanın ölçülərinin, texniki parametrlərinin, lahiyəsinin və.s bu bina ilə üst-üstə düşdüyünü qeyd etdiyini, bundan sonra FHN-nin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəsis rəyinin də daxil olduğunu və mütəxəsisi rəyində də həmin binanın istismar üçün yararsız vəziyyətdə olduğunun qeyd olunmasını bildirdi. Əlavə olaraq qeyd etdi ki, o, baxış zamanı mabahisəli 16 saylı binaya dair əldə edilmiş məlumatlara və mütəxəssis rəyinə əsasən ekspertiza aparmış və həmin binaya dair rəy vermişdir. Kamil Balakişiyev küçəsindəki binanın da hazırki bina ilə eyni dövrə aid eyni lahiyəyə aid binalar olduğunu, tikinti ili ilə bağlı dəqiq məlumatların olmadığını, binanın bir dənə müdafiə xarakterli bunker kimi olan yerinə daxil ola bilməməsini və mansarta baxış keçirilə bilməməsini, qalan əksər hissələrinə baxış keçirilməsini, baxış zamanı binanın fasadından kənara çıxılması, əlavə artımların aparılması, binanın zirzəmisində obyekt nəzərdə tutulmadığı halda sakinlər tərəfindən zirzəmilərin 2 metr dərinliyində qazılması oranın obyekt kimi istifadə edilməsi, zirzəmilərin bu qədər dərinlikdə qazılmasının binanın ağırlığının bərabər paylanmamasına bu isə son nəticədə onun aşması ilə nəticələnə bilməsini, satılan evlərdə söküntü işlərinin aparılmasını, rəydə hansısa yaşayış olan mənzillərin təmirli olduğunu və ya təmirli mənzillərdə qüsur olmasını qeyd etmədiklərini, orada qrunt sularının axıdıldığını binanın qəza vəziyyətinin müyyənləşdirmək üçün nümunələr götürmədiklərini, həmin bina ilə bağlı konkret 29.10.2021-ci il il tarixli Fövqəladə Hallar Nazirliyinin rəyinin olduğunu, FHN-nin rəyinin həmin vaxt daxil olduğunu, binanın bütün predmeti üzrə, faktiki yaşayış olan yerlərə və olmayan yerlərə baxış keçirildiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki proseslərində iştirak etmiş Cavabdeh5 iddia tələbini qəbul etmədiyini, evinin 58 kv.metr olmasını, obyekti 12 ildir ki, istifadə ediyini, lakin obyekti özəlləşdirməməsini bildirdi. Obyektin onun evinin altında yerləşməsini. Onun, vaxtlıvaxtında vergisini ödədiyini bildirmişdir. Məhkəmənin əvvəlki proseslərində iştirak etmiş Cavabdeh3 və onun vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini, obyekti necə var elədə ona obyekt verərlərsə razılığa gələ bilərlər, ekspert rəyi ilə razı olmamalarını bildirərək iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmənin əvvəlki proseslərində iştirak etmiş Cavabdeh4 oğlu iddia tələbini qəbul etmədiyini, ekspert rəyi ilə razı olmamasını bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli 177 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı MMC-nin 10.10.2013-cü il tarixli 05 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. - Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 01.08.2014-cü il tarixli, 14\159 saylı ayrıcı aktdan görünür ki, İddiaçı MMC-yə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən 5.5094 hektar ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpas sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş 30.09.2019-cu il tarixli, 97 nömrəli “Obyektin tikintisinə İcazə”dən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən arasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən obyektlərin tikintisinə icazə verilmişdir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan zirzəmi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 19.04.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 ünvanında yerləşən ümumi sahəsi 62.2 kvadrat metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 24.01.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya MH seryalı 120055 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16, 21 saylı mənzili Cavabdeh5 adına xüsusi mülkiyyət kimi 13.03.1998-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən MA seryalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16, 20 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına 10.02.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya ÖM seryalı 229582 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16, 34,0 kvadrat metr olan yaşayış sahəsindən ibarət olan 7 saylı mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 08.04.2005-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən MA seryalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 ünvanında yerləşən ümumi sahəsi 51.7 kvadrat metr qeyri-yaşayış sahəsi olan zirzəmi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 12.04.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 ünvanında yerləşən ümumi sahəsi 43,9 kvadrat metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına 24.04.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 19.04.2011-ci il tarixdə qeydiyyata alınan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.2 kvadrat metr qeyri-yaşayış sahəsinin 09.01.2018-ci il tarixinə bazar dəyəri 155000,00 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin 02.08.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 7 saylı mənzil Cavabdeh2 məxsusdur və ümumi sahəsi 60,55 m2, tikinti altı sahəsi 72.46 m2 təşkil edir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X8 İnstitutunun 21.09.2015-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.balakişiyev küçəsində yerləşən 38 saylı binanı texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır. Bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. - “X3” MMC-nin 15.07.2021-ci il tarixli, 234 nömrəli rəyin nəticəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı və K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının, mövcud (faktiki) texniki baxımdan, istismar üçün yararsız vəziyyətdə olduğu, Azərbaycan Respublikası Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 21.09.2015-ci il tarixli rəyində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının mövcud (faktiki) texniki-istismar vəziyyətinin eynilik təşkil etməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2021-ci il tarixli, 10/456 nömrəli rəyin nəticəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı binanın istismara yararsız olduğu müəyyən edilmişdir. - Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 29.10.2021-ci il il tarixli mütəxəsis rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasında sonradan tikinti norma və qaydalarına əməl olunmadan, gücləndirmə tədbirləri aparılmadan inşa edilmiş yaşayış sahələri, kürsü mərtəbəsinin qazılaraq zirzəmi mərtəbəsinin yaradılması və pəncərə boşluqlarının genişləndirilməsi binanın əlavə yüklənməsinə, fəza sərtliyinin və zəlzələyə davamlılığının azalmasına səbəb olur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikas! Dövət Memarlıq və Tikinti Komitəsinin Respublika ərazisində seysmikliyin artırılması barədə 17.09.1991 -ci il tarixli, HH-02-3-16-1191 saylı məktubu ilə Respublika ərazisində seysmiklik 1 bal artırılmışdır. Binanın XX əsrin ortalarında inşa edilməsini, 1991-ci ildə Bakı şəhəri üzrə seysmikliyin 1 bal artırılmasını və binada heç bir gücləndirmə tədbirləri görülmədən yenidənqurma işlərinin aparılmasını nəzərə alsaq yaşayış binası istismar üçün yararsızdır. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 10.07.2021-ci il tarixli protokoldan görünür ki, MTK-nın ofisində görüş keçirilmiş və mənzillərin əvəzinə Cavabdeh5 mənzl, obyekt üçün 2 ədəd 2 otaq, 1 ədəd 3 otaq və ya 450000 manat, Cavabdeh1 mənzil üçün 1 ədəd 3 otaq və 1 ədəd 3 otaq və 1 ədəd 1 otaq istəmiş və Cavabdeh3 obyekti olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə görə Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə, həmin tikinti obyektinin yerləşdiyi ərazi üzrə ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsini, tikinti obyektlərinin istismarına icazə verilməsini Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” 17.12.2019-cu il tarixli 482 saylı qərarının 4-cü bəndinə görə Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirməsi tapşırılmışdır. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 1-ci bəndi Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə Bakı şəhərinin rayon İcra hakimiyyətlərinə tapşırıqlar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25.02.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinin 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümümi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən əsrin 50- 60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yeridən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Kəmitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərarın 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən, Bakı şəhəri Nizami Rayon İcra hakimiyyətinin mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə eldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün ümumi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını həyata keçirməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15.04.2014-cü il tarixli, 177 saylı sərəncamı ilə həyata keçirsə də, sonradan 26 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonlarında, o cümlədən Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerinə müasir tələblərə uyğun yenilərinin tikilməsini və qəzalı vəziyyətdə olan binalarda yışayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını qərara almışdır. Həmin qərar ləğv edildikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli 482 saylı qərarında da mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair Bakı şəhəri rayon icra hakimiyyətlərinə bir sıra tapşırıqlar verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən və qeyri-yaşayış sahələrindən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin və qeyri-yaşayış sahələrinin sahəsinə 20 faiz əlavə sahə olmaqla yeni mənzillər və qeyri-yaşayış sahələri verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün hər birinə 500 manat məbləğində kirayə haqq ödənilməsini öhdəliyini İddiaçı MMC öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə mübahisəli binanın qəzalı vəziyyətdə olmasına münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X8 İnstitutunun 21.09.2015-ci il tarixli rəyindən görünür ki, qeyd edilən Nizami rayonu Kabil Balakişiyev küçəsində yerləşən 38 saylı bina texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır. Bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. “X3” MMC-nin 15.07.2021-ci il tarixli, 234 nömrəli rəyin nəticəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı və K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının, mövcud (faktiki) texniki baxımdan, istismar üçün yararsız vəziyyətdə olduğu, Azərbaycan Respublikası Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 21.09.2015-ci il tarixli rəyində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının mövcud (faktiki) texniki-istismar vəziyyətinin eynilik təşkil etməsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 29.10.2021-ci il il tarixli mütəxəsis rəyi ilə ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasında sonradan tikinti norma və qaydalarına əməl olunmadan, gücləndirmə tədbirləri aparılmadan inşa edilmiş yaşayış sahələri, kürsü mərtəbəsinin qazılaraq zirzəmi mərtəbəsinin yaradılması və pəncərə boşluqlarının genişləndirilməsi binanın əlavə yüklənməsinə, fəza sərtliyinin və zəlzələyə davamlılığının azalmasına səbəb olması, Azərbaycan Respublikası Dövət Memarlıq və Tikinti Komitəsinin Respublika ərazisində seysmikliyin artırılması barədə 17.09.1991-ci il tarixli, HH-02-3-16-1191 saylı məktubu ilə Respublika ərazisində seysmiklik 1 bal artırılması, binanın XX əsrin ortalarında inşa edilməsini, 1991-ci ildə Bakı şəhəri üzrə seysmikliyin 1 bal artırılmasını və binada heç bir gücləndirmə tədbirləri görülmədən yenidənqurma işlərinin aparılmasını nəzərə alaraq yaşayış binası istismar üçün yararsız olması müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2021-ci il tarixli, 10/456 nömrəli rəyi ilə də Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı binanın istismara yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyləri zamanı binaların bütün predmeti üzrə, faktiki yaşayış olan yerlərə və olmayan yerlərə baxış keçirilmiş, baxış zamanı espertiza əldə edilmiş məlumatlara və mütəxəssis rəyinə əsasən aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunan hallar və iş materiallarında olan materiallar əsasında ekspertiza rəylərini ağlabatan hesab etməklə mübahisəli binanın qəzalı vəziyyətdə olması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən İddiaçı MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlər tərəfindən də məhkəmə prosesi zamanı mənzillərinin və qeyri-yaşayış sahələrinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, əsasən veriləcək mənzillərin və qeyri–yaşayış sahələrinin sahəsində və ya mənzillərə və qeyri–yaşayış sahələrinə görə pul əvəzinin verilməsində mübahisələrinin olması bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MMC-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə və qeyri-yaşayış sahələri ilə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 20 faiz artıq sahəsi olan mənzillər və yerləşdikləri yerlərə uyğun olaraq qeyriyaşayış sahələri, habelə mənzillər və və qeyri-yaşayış sahələri hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Bu suiistifadə isə, cavabdehlərin mənzillərə görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MMC tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış və qeyriyaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir.Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstanaqarşı iş). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 7 saylı mənzilinə və həmin evin zirzəmisində yerləşən 51,7 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyri-yaşayış sahəsinə və həmin binanın zirzəmisində yerləşən 51,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 20 saylı mənzilinə, Cavabdeh1 ünvan 1 saylı evin 6 saylı mənzilinə və Cavabdeh4 ünvan 1 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırmalı, həmin mənzillər və qeyri-yaşayış sahəsi boşaldılmalı, bu mənzillər və qeyri-yaşayış sahəsi sökülməli, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin (Cavabdeh3 Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyri-yaşayış sahəsi müvafiq olaraq birinci mərtəbədə, digər qeyri-yaşayış sahələri isə yerləşdiyi yerdə, yəni zirzəmidə) ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyri-yaşayış sahəsinin verilməli, cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay onlara 500 (beş yüz) manat kirayə haqqı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 xərc məbləği İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 7 saylı mənzilinə və həmin evin zirzəmisində yerləşən 51,7 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyri-yaşayış sahəsinə və həmin binanın zirzəmisində yerləşən 51,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 20 saylı mənzilinə, Cavabdeh1 ünvan 1 saylı evin 6 saylı mənzilinə və Cavabdeh4 ünvan 1 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılsın. Həmin mənzillər və qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən boşaldılmaqla, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 7 saylı mənzil və həmin evin zirzəmisində yerləşən 51,7 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyriyaşayış sahəsi və həmin binanın zirzəmisində yerləşən 51,3 kv.m sahəsi olan qeyriyaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 20 saylı mənzili, ünvan 1 saylı evin 6 saylı mənzil və ünvan 1 saylı evin zirzəmisində yerləşən 43,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən sökülsün. Həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillərin və qeyri-yaşayış sahələrinin (Cavabdeh3 Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin birinci mərtəbəsində yerləşən 62,2 kv.m olan qeyri-yaşayış sahəsi müvafiq olaraq birinci mərtəbədə, digər qeyri-yaşayış sahələri isə yerləşdiyi yerdə, yəni zirzəmidə) 02 (iki) il müddətinə verilməsi öhdəliyi İddiaçı MMC-yə həvalə edilsin. Cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün onlara hər ay 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi vəzifəsi İddiaçı MMC-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 100,00 manat məbləğində vəsait İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar