Məhkəmə qərarları › İş №2(007)-1188/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1188/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1188/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Nəsirov Ağamirzə İsrafil oğlunun və cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızının iştirakı ilə, İddiaçı Nəsirov Ağamirzə İsrafil oğlunun cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğlunun hər birinə 3.000 manat kompensasiya verilməklə xüsusi mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61-ə istifadə hüquqlarına xitam verilməsi və cavadehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61 ünvanı mərhum valideynlərindən vərəsəlik yolu ilə ona qalmışdır. O, bu ünvanda rəsmi passport qeydiyyatında olmaqla keçmiş həyat yoldaşı və oğlu ilə yaşayır. Vərəsəlik yolu ilə qəbul etdiyi mənzil 06.03.1998-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızı ilə aralarındakı ərarvad münasibəti Nizami rayon məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur və onların aralarında heç bir münasibət qalmamışdır. Digər cavabdeh Nəsirova Aygül Ağamirzə qızı ailə həyatı qurmuş və artıq uzun illərdir ki, öz ailəsi ilə başqa ünvanda yaşayır. Dəfələrlə cavabdehlərlə əsassız olaraq aralarında səbəbsiz narahatlıqlar yaradığından cavabdehlər onun xüsusi mülkiyyət hüququndan lazımi istifadə etməsinə maneəçilik yaradırlar. Bu səbəbdən də o, nəzərdə tutulan hüquqlarından maneəsiz istifadə edə bilmir. Hesab edir ki, cavabdehlərin məhkəmə qaydasında mənzilə istifadə hüquqlarına xitam verilməli və mənzildən çıxarılmalıdırlar. Məhkəmə iclasında iddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızı iddia tələbini qəbul etmədiyini bildirərək, özü və digər cavabdeh Nəsirova Aygül Ağamirzə qızı tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu iddia ərizəsində Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 62 ünvanında olan 61 nömrəli mənzili mərhum valedeyinlərindən vərəsilk yolu ilə qəbul etdiyini göstərməklə 06.03.1998-ci il tarixdən vərəsə kimi qəbul etdiyi mənzilin onun şəxsi xüsusi mülkiyyətində olduğuna istinad etmişdir. Daha sonra göstərmişdir ki, cavabdehlər mübahisəli mənzilə istifadə hüququ olmayan şəxslər olmaqla onun mülkiyyət hüquqlarını pozmaqla hüququnu həyata keçirməkdə əsaslı maneələr yaratmağda davam edirlər. Qanunvericilik bu cür hallar üçün zəruri amilləri vacib sayır və cavabdehlərin məhkəmə qaydasında mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılması üçün kifayət qədər əsaslar vardır... İşin həqiqi hallarına və hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsaslanmadan və rəsmi sənədlərə deyil öz mülahizəsinə əsaslanaraq «guya mənzilin xüsusi mülkiyyət kimi ona vərəsilik yolu keçdiyini» göstərməklə onlara isə cüzi miqdarda kompensasiya ödəməklə mənzildən istifadə hüquqlarınıza xitam verilməklə mənzildən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etməklə məhkəməni çaş-baş salmağa çalışır. Belə ki, o, cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızı iddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu ilə 16 iyul 1988-ci ildə Bakı nikah evində (Səadət sarayında) birgə nikah bağladıqdan sonra əri ilə birgə yaşamaq üçün Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi ev 62, mənzil 61-ə köçərək orada bütün ailə üzvlərin razılığı ilə pasport qeydiyyatına düşməklə halhazırkı müddətə kimi də yaşayır. İddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu ilə birgə nikahdan 04 iyun 1989-cu ildə Nəsirova Aygül Ağamirzə qızı və 11 fevral 1995-ci ildə isə Nəsirov Xəyal Ağamirzə oğlu anadan olmuşdur. İddiaçı ilə nikahları isə Nizami rayon qeydiyyat şöbəsində 24.01.2020-ci il tarixdən pozulmuşdur. O, iddiaçı ilə birgə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçüb yaşayarkən mənzin kirayəçisi qaynatası Nəsirov İsrafil Nəsir oğlu olmuşdur. Onlar mənzildə iddiaçı ilə qaynatası və qaynanası ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmaqla yaşamışlar. Qaynatası İsrafil 16 iyul 1992-ci il tarixdə və qaynanası Nəsirova Minaxanım Qulaməli qızı isə 23.04.1997-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı yaşadıqları mənzilin kirayə müqaviləsini 1998-ci ildə öz adına keçirməklə həmin ilin 6 mart tarixində onun razılığı ilə mənzili öz adına özəlləşdirməklə mənzilə şəxsi mülkiyyət hüququnu əldə etmişdir. Mübahisəli mənzildə ailə üzvü kimi yaşamaqla mənzildən istifadə hüquqları ailə münasibətləri yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzimləndiyindən, iddiaçı ilə ailə üzvü kimi yaşadıqları müddətdən mənzildən istifadə hüquqları yarandığndan iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan əsassız hesab edilməlidir. Məhkəmə iclasında Nəsirova Rəsmiyyə Hacıağa qızı bildirdi ki ona və övladlarının hər birinə 3000 manat verilməklə onların istifadə hüquqlarına xitam verilməsi qanuna zidd olardı. Belə ki həmin vəsaitə onlar yeni mənzil əldə edə bilməzlər. İddiaçı tərəfindən mənzili sataraq ona və övladlarının hər birinə bərabər şəkildə pay verilərsə buna razı olarlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğlu məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Nəsirov Xəyal Ağamirzə oğlu iddianı qəbul etmədiyinin iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirmişdir ki, mənzil özəlləşdirilmə əsasında iddiaçının adına keçmiş, həmin vaxt o, və bacısı yetkinlik yaşına çatmadığları üçün razılıqları alınmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Nəsirov Aygül Ağamirzə oğlu iddianı qəbul etmədiyinin, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki ailə həyatı qursa da, həyat yoldaşı ilə kirayədə qalırlar onun hazırki mübahisəli mənzilə ehtiyacı aradan qalxmamışdır. Yaşamağa başqa evləri yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 21 oktyabr 1971-ci il tarixli 103729 nömrəli Orderin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61 ünvanı yaşaması və istifadəsi üçün İsrafil Nəsir oğlu və onun ailə üzvləri olan Əliyeva Minaxanım, Nəsirova Bircəxanım və Nəsirov Ağamirzəyə verilmişdir. - Səadət sarayı (Bakı nikah evi) tərəfindən verilmiş 11 avqust 2020-ci il tarixli 05/Q-298/09 saylı çıxarışın surətindən görünür ki, Nəsirov Ağamirzə İsrafil oğlu ilə Babayeva Rəsmiyyə Hacıağa qızı arasında nikah 16 iyul 1988-ci il tarixdə Səadət Sarayında qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Nəsirov arvada Nəsirova soyadı verilmişdir. Tərəflər arasında olan nikah 05 dekabr 2019-cu il tarixdə pozulmuşdur. - 03 fevral 1998-ci il tarixdə Nəsirova Rəsmiyyə Hacıağa qızı tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, 61 saylı mənzilin əri Nəsirov Ağamirzə İsrafil oğlunun adına özəlləşməsinə etiraz etməmişdir. - Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya MH 129754 nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61 xüsusi mülkiyyət hüququ kimi Nəsirov Ağamirzə İsrafil oğlunun adına 06 mart 1998-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 142 saylı MKİS tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli, 664 nömrəli arayışdan görünür ki, Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğlu Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 02.09.2020-ci il tarixli “Forma 2” arayışın surətindən görünür ki, Nəsirov Ağamirzə İsrafil oğlu 1971-ci il tarixdən, Nəsirova Rəsmiyyə Hacıağa qızı1988-ci ildən, Nəsirova Aygül Ağamirzə qızı1989-cu ildən və Nəsirov Xəyal Ağamirzə oğlu isə 1995-ci ildən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, 61 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 21 oktyabr 1971-ci il tarixli Orderlə, yaşaması və istifadəsi üçün İsrafil Nəsir oğlu və onun ailə üzvləri olan Əliyeva Minaxanım, Nəsirova Bircəxanım və Nəsirov Ağamirzəyə verilmişdir. Cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızı iddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu ilə 16 iyul 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Onların birgə nikahdan 04 iyun 1989-cu il tarixdə Nəsirova Aygül Ağamirzə qızı və 11 fevral 1995-ci il tarixdə Nəsirov Xəyal Ağamirzə oğlu adlı uşaqları doğulmuşdur. 03 fevral 1998-ci il tarixdə Nəsirova Rəsmiyyə Hacıağa qızı tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, 61 saylı mənzilin əri Nəsirov Ağamirzə İsrafil oğlunun adına özəlləşməsinə etiraz etməmişdir. Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya MH 129754 nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61 xüsusi mülkiyyət hüququ kimi Nəsirov Ağamirzə İsrafil oğlunun adına 06 mart 1998-ci il tarixdə qeydə alınmışdır. Nəsirov Ağamirzə İsrafil oğlu ilə Nəsirova Rəsmiyyə Hacıağa qızı arasında olan nikah 05 dekabr 2019-cu il tarixdə pozulmuşdur. Hazırda iddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mübahisənin yaranlığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibuluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlanndan məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat 5 digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, 61 saylı mənzilinə dair cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğlunun mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir. İddiaçı həmin tələbi onunla əsaslandırmışdır ki, vərəsəlik yolu ilə qəbul etdiyi mənzil 06.03.1998-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızı ilə aralarındakı ər-arvad münasibəti Nizami rayon məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur və onların aralarında heç bir münasibət qalmamışdır. Digər cavabdeh Nəsirova Aygül Ağamirzə qızı ailə həyatı qurmuş və artıq uzun illərdir ki, öz ailəsi ilə başqa ünvanda yaşayır. Məhkəmə iddia tələbinin həmin hissəsini əsassız sayaraq qeyd edir ki, cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızı iddiaçı ilə 16 iyul 1988-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra mübahisəli mənzilə köçmüşdür. Mənzil cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızın da razılığı ilə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Tərəflərin birgə nikahından Aygül Nəsirova və Xəyal Nəsirov adlı uşaqları doğulmuş və anadan olduqları vaxtdan da sözügedən mənzildə pasport qeydiyyatındadırlar. Onların başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədlər, o cümlədən yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına dair sübut növləri məhkəməyə təqdim olunmamışdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007ci il tarixli qərarının da həmin mübahisənin həll edilməsi zamanı hüquqi əsaslanma kimi rəhbər tutmuşdur. Qeyd olunan qərarda deyilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.07.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıddır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə aılnmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə qeyd edir ki, iddiaçı Nəsirov Ağamirzə İsrafil oğlu cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğlunun hər birinə 3.000 manat kompensasiya verilməklə xüsusi mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61ə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Lakin cavabdehlər həmin məbləğ ilə razılaşmır. Bundan başqa, məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir. Həmçinin, cavabdehlər iddiaçının ailə üzvləri olmuş və həmin mənzildə yaşamağa başlamışdır. Cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı və Nəsirov Xəyal Ağamirzə oğlu hal-hazıradək həmin mənzildə yaşayırlar və onların yaşamağa başqa yeri yoxdur. Cavabdeh Nəsirova Aygül Ağamirzə qızı nikaha daxil olsada onun həmin mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Ona görə də, cavabdehlərin hər birinə 3.000 manat kompensasiya məbləği, həmin mənzildə yaşamış cavabdehlərə, ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil özəlləşdirmə əsasında Nəsirov Ağamirzə İsrafil oğlunun adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı cavabdeh Nəsirova Rəsmiyyə Hacıağa qızı mənzilin Nəsirov Ağamirzə İsrafil oğlunun adına keçirilməsinə razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Nəsirov Ağamirzə İsrafil oğlu həmin mənzilə sahiblik, ondan istifadə və mənzil barəsində sərəncam verərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Nəsirov Ağamirzə İsrafil oğlunun cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğluna qarşı “cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğlunun hər birinə 3.000 manat kompensasiya verilməklə xüsusi mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61-ə istifadə hüquqlarına xitam verilməsi və cavadehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nəsirov Ağamirzə İsrafil oğlunun cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğluna qarşı “cavabdehlər Nəsirova Rəsmiyyə Hacıağa qızı, Nəsirova Aygül Ağamirzə qızı və Nəsirov Xəyal Ağamirzə oğlunun hər birinə 3.000 manat kompensasiya verilməklə xüsusi mülkiyyəti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 62, mənzil 61-ə istifadə hüquqlarına xitam verilməsi və cavadehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Nəsirov Ağamirzə İsrafil oğluna aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar