Məhkəmə qərarları › İş №2(007)-1211/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1211/2024

31.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1211/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Notariat Palatası cəlb edilməklə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 17 saylı Notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Notariat Palatası cəlb edilməklə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 17 saylı Notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə 24 sentyabr 2005-ci ildə birgə nikaha daxil olmuş, bu nikahdan iki övladları, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqları dünyaya gəmişdir. Cavabdehlə bir müddət sonra münasibətləri pozulmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş, övladları onun himayəsində saxlanılması və Cavabdeh2 uşaqlara görə aliment tutulması qət edilmişdir. Cavabdehlə faktiki olaraq münasibətləri pozulduğundan o və övladları yaşadığı mənzildən çıxarılmış, bu səbəbdən məhkəməyə müraciət edərək mənzilə istifadə hüququnun tanınması və övladları ilə birlikdə mənzilə köçürülməsi ilə bağlı Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-5970/2017 saylı qətnaməsi ilə onun və övladlarının tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanına istifadə hüququ tanınmış, mənzilə köçürülmələri qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. 2018-ci ilin oktyabrnoyabr aylarında isə Nizami rayon İcra Şöbəsi tərəfindən sözügedən mənzilə köçürülmüşdür. Mənzilin mülkiyyətçisi tam pay hüququ ilə Cavabdeh2 olmuşdur. Onun və övladlarının isə Cavabdeh2 məxsus həmin mənzilə istifadə hüququ tanınmışdır. Lakin, 08 may 2019-cu il tarixdə Cavabdeh2 onun xəbəri və razılığı olmadan Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-69 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 saylı evin 28 nömrəli mənzilinin 4/5 hissəsini bacısı Cavabdeh3 bağışlamışdır. Sözügedən bağışlama müqaviləsi əsasında isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mənzilin 4/5 hissəsinin Cavabdeh3, 1/5 hissəsinin Cavabdeh2 məxsus olması barədə Çıxarış verilmişdir. Bağışlama müqaviləsi qanunsuz və əsassızdır. Bu səbəbdən də, etibarsız hesab olunmalıdır. Evin 4/5 hissəsinin Cavabdeh3 məxsus olmasından yalnız 22 fevral 2023-cü il tarixdə “Giyaslı Group" MMC ilə "Köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” 1/7/21 saylı müqavilə bağlayarkən məlumatı olmuş, bu səbəbdən vəkil vasitəsilə xx.xx.2023-cü il tarixdə Əmlak Xidmətləri Məkanına çıxarışın verilməsinə əsas olmuş məlumatların təqdim edilməsi ilə bağlı sorğu edilmiş, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş cavab əsasında isə məlum olmuşdur ki, Cavabdeh2 Cavabdeh3 ilə bağışlama müqaviləsi bağlamış və bu müqavilə əsasında Reyestr Xidməti tərəfindən çıxarış verilmişdir. Beləliklə, cavabdeh 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən notariat haqqında təlimatın tələbləri pozulmaqla qanunsuz və əsassız olaraq bağışlama müqaviləsi bağlanılmış, nəticədə onun məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmış və 25 dekabr 2018-ci il tarixdən etibarən qeydiyyatda olduğu Cavabdeh2 məxsus ünvan 2 ünvanına dair bağışlama müqaviləsinin bağlanılmasına razılığı alınmadan, həmçinin övladlarının Mülki Məcəllənin tələblərinə əsasən gözlənilən vərəsəlik hüquqları pozulmaqla sözügedən 4Ə- 69 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi bağlanılmışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş cavabdehlər X2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-69 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş X5 Haqqında Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı həmin evə 2005-ci ildə gəlin köçmüşdür. 2017-ci ildə evdən çıxarılmış, 2018-ci ildə isə məhkəmə qətnaməsi ilə həmin evə rəsmi köçürülmüşdür. Daha sonra ona məlum olmuşdur ki, yoldaşı onun razılığı olmadan evin 4/5 hissəsini bacısına bağışlamışdır. Nəticədə onun uşaqlarının gələcəkdə yaranacaq vərəsəlik hüquqları pozulmuşdur. Onlar qeydiyyatda ola-ola razılıqları olmadan bağışlanma baş vermişdir. Buna görə də həmin bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasındakı nikah 2017-ci ildə pozulmuşdur. Daha sonra iddiaçı 2018-ci ildə rəsmi qaydada həmin evə köçürülmüşdür. Daha sonra həmin ev söküntüyə getmişdir. Bununla da iddiaçı evdən çıxmışdır. Sonradan məlum olmuşdur ki, xanım qeydiyyatda olduğu halda, razılığı olmadan ev bağışlanıb. İddiaçı evdə qeydiyyatda olduğu halda, onun razılığı olmadan və ya o qeydiyyatdan çıxarılmadan razılığı olmadığı halda bağışlanma müqaviləsi bağlana bilməz. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 17 saylı Notariat ofisi xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ərizələrlə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının Bakı şəhər 17 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Notariat Palatasına məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 saylı evin 28 nömrəli mənzilinin 4/5 pay hissəsi Cavabdeh3, 1/5 pay hissəsi X1 xüsusi mülkiyyətindədir. Mənzil Cavabdeh3 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, X1 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlarla qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, 009A3-0568 nömrəli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 saylı evin 28 nömrəli mənzilinə dair məhdudiyyət və yüklülük qeydə alınmayıb. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “qeyd olunan əmlakla bağlı məlumat və sənəd surətinin təqdim edilməsi haqqında” məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 241 saylı xx.xx.2005-ci il tarixli sərəncamına, xx.xx.1965-ci il tarixli 32846 saylı orderə, forma 2 arayışına əsasən ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-69 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzilin 4/5 hissəsi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. - XVİİ-ЖГ seriyalı, 356247 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1976-cı il tarixdə doğulmuşdur. X14, anası Zibeydə Dadaşovadır. - АЗБ seriyalı, 193213 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 fevral 1971-cı il tarixdə doğulmuşdur. X14, anası Zibeydə Dadaşovadır. - Vİ-ЖГ seriyalı, 351683 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X4 30 aprel 1993-cü ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Rəcəbova soyadı verilmişdir. - 08 may 2019-cu il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-69 nömrə ilə qeyd edilmiş 08 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh2 (4/5 hissə) bacısı olan hədiyyə alan Cavabdeh3 bağışlamışdır. Əmlakın 1/5 hissəsi isə mülkiyyətçinin özündə qalmışdır. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2005 tarixdə Cavabdeh2 verilmiş 30/209295 qeydəalma nömrəsi ilə 1394 nömrəli kitabın 209295-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 74.92 kv/m. hədiyyə verənə məxsusdur, tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişlər. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi 009A3-0568 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu dövlət notariusu tərəfindən tərəflərə izah edilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 241 saylı xx.xx.2005-ci il tarixli sərəncamına, xx.xx.1965-ci il tarixli 32846 saylı orderə, forma 2 arayışına əsasən ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. ünvan 4 ünvanında yerləşən mənzilin 4/5 pay hissəsi Cavabdeh3, 1/5 pay hissəsi X1 xüsusi mülkiyyətindədir. Həmin mənzilin 4/5 pay hissəsi 08 may 2019-cu il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-69 nömrə ilə qeyd edilmiş 08 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X2 tərəfindən Cavabdeh3 bağışlanmışdır. Qeyd olunan mənzil Cavabdeh3 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, X1 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli pay haqqı ilə qeydiyyata alınmışdır. İddiaçı həmin ünvanda qeydiyyatda olmuşdur. Bağışlama müqaviləsi bağlanan zaman iddiaçının razılığı olmamışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək reyestrdə 4Ə-69 nömrə ilə qeyd edilmiş 08 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş X5 Haqqında Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 667-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Göründüyü kimi, iddiaçı tərəf bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən, o cümlədən ilkin məhkəmə iclaslarında verdiyi izahatlarda iddiasının təmin edilməli olmasına əsas kimi yalnız ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatda olmasını, bağışlama müqaviləsi bağlanan zaman onun şifahi və ya yazılı razılığının olmamasını və övladlarının gələcəkdə yaranacaq vərəsəlik hüquqlarının pozulmasını əsas gətirməklə iddianın təmin edilməsini xahiş etmişdir. Bu yerdə məhkəmə xüsusilə vurğulayır ki, xx.xx.2019-cu il tarixdə 4Ə-69 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanan zaman sözügedən ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. Hansı ki, məhkəmə tərəfindən verilmiş sorğu vasitəsilə əldə edilmiş notariat işində olan sənədlərlə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan da müəyyən olunur ki, həmin mənzilin hazırkı Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydə alınmasına əsas- onun xx.xx.2005-ci il tarixli ərizəsi, habelə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 241 saylı xx.xx.2005-ci il tarixli sərəncamı, xx.xx.1965-ci il tarixli 32846 saylı order və forma 2 arayış olmuşdur. Sözügedən əmlakın hansı dövrdə əldə edilməsi baxımından qeyd edilməlidir ki, iddiaçı ilə hazırkı Cavabdeh2 arasındakı nikah xx.xx.2005-ci ildə, həmin əmlakın əldə edilməsindən sonra bağlanmışdır. Bu yerdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667-ci maddəsinin tələbinə münasibətdə qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi, mübahisə predmeti olan mənzil bağışlama müqaviləsi əsasında Cavabdeh3 bağışlanarkən, həmin əmlak ərarvadın ümumi mülkiyyətində olmamış, eləcə də vərəsəlik ilə məhdudlaşmamışdır. Buna görə də, iddiaçının tələbinin əsası kimi qeyd etdiyi qaydada, sadəcə onun həmin mənzildə qeydiyyatda olması səbəbindən mənzilin bağışlama müqaviləsinin etibarsızlığına dəlalət edə biləcək hal müəyyən olunmur, buna görə də, iddia əsassız olduğundan rədd edilməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 17 saylı notariat ofisində, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 80.24 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına dair 08 may 2019-cu il tarixli, 4Ə-69 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan bağışlama müqaviləsinə əsasən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 17 saylı notariat ofisində, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 80.24 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına dair 08 may 2019-cu il tarixli, 4Ə-69 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan bağışlama müqaviləsinə əsasən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar