Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1226/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayənədəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB X9 İstismar İdarəsi tərəfindən Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş 27.09.2021-ci il tarixli, ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 217,30 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evində yay aylarında ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilində təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişlər. Onun xəbəri olmadan cavabdeh tərəfindən Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27.09.2021-ci il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Həmin Aktda qeyd olunur ki, bu tipli ******* nömrəli sayğacın hesablama mexaniziminin, qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Nəticədə cavabdehə 2160 m2 həcmində maddi ziyan vurmuş və 217,30 manat borcu yaranmışdır. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin Akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Belə ki, nə o, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifai qaydada ona borcun silinməsi barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh “Azəriqaz” İB-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə 17.03.2022-ci il tarixdə etiraz ünvanlayaraq iddia tələbinin əsassız sayılaraq təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, abonent İddiaçı müdaxilə olunduğunu mübahisələndirdiyi Elster tipli G-4 markalı, ******* №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı İddiaçı heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik götürmüşdür. Yuxarıda qeyd edilən sayğac abonentin həyətində qapalı yerdə quraşdırılmışdır, buna görə də kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyildir. Həmin sayğaca abonent İddiaçı iştirakı ilə Xaçmaz RQİİ-nin Xaçmaz rayonu üzrə qaz sayğaclarının qəbulu və istismarı xidmətinin işçiləri tərəfindən baxış keçirilmiş və sayğac xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə ******* saylı akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. ******* №-li sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilərək 29/1710-03686-1 saylı 21.09.2021 -ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, ******* saylı qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Bu rəy əsasında abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında ******* saylı 27.09.2021-ci il tarixli akt tərtib edilmişdir. O, həmçinin bildirmişdir ki, Sayğaca müdaxilə olunması qazdan istifadə qaydalarının pozulması kimi qiymətləndirilir. Qazpaylayıcı ilə məişət qaz qurğularından istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq İstehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul edilənədək qazdan istifadə qaydalarının pozulmasına görə qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qazpaylayıcıya dəymiş ziyan ARDNŞ-nin Şurasının 14.03.2011-ci il tarixli Qərarına uyğun hesablanaraq istehlakçı tərəfindən ödənilir. İddiaçı barədə həmin akta uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 və ya 216 manat məbləğində qaz itkisi hasablanmışdır. Əgər qazpaylayıcı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Çünki, qaz sayğacına müdaxilə nəticəsində itirilmiş təbii qaz, yəni, sayğacdan keçmiş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaz abonentin evində, onun qaz işlədici cihazlarında sərf edilmişdir. Buna görə də, əgər qaz paylayıcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, müdaxilə nəticəsində qazpaylayıcıya dəymiş ziyan abonentdən tələb olunmalıdır. Qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən törədilməsi sübut edilərsə, toplanmış material Energetika Nazirliyinə göndərilir və abonent “Enerji məsələlərinin tənzimlənməsi Agentliyi” tərəfindən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə məsuliyyətə cəlb edilir. Abonent İddiaçı üçün sayğaca müdaxilə nəticəsində sayğacın qeyd etmədiyi 216 manat məbləğində itiuriİmiş qazın ziyanı hesablanmışdır. İddiaçı silinməsini tələb etdiyi 217,30 manat borc məbləğinin nəyin əsasında hesablandığını müəyyən etmək qeyri mümkündür. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. Məhkəmə iclasında iddiaçının nümayənədəsi X4 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, o, iddiaçının həyat yoldaşıdır, o da, yoldaşı da Bakıda yaşayır və işləyir. X3 “Vətən mübaribəsi”nin iştirakçısıdır. Yoldaşı 70 saylı məktəbdə müəllimədir, akt tərtib edilən tarixdə yoldaşı məktəbdə dərsdə olmuşdur. Belə olan halda o, həmin akta necə imza çəkib? O, həmçinin kəndə yay vaxtı 5-10 günlük getdiklərini, orada yaşamadıqları halda orada sayğaca müdaxilə etməyə səbəb olmadığını, “Azəriqaz” İB-nin əməkdaşlarının özlərinin gəlib sayğacı açıb apardıqlarını və onların bundan xəbəriləri olmadığını, sayğacın küçədə yerləşdiyini və sayğaca müdaxilə etmədiklərini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azəriqaz” İB tərəfindən verilmiş 30.09.2021-ci il tarixli X6 dair Tələbnamədən görünür ki, 21.09.2021-ci il tarixli Akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuş və təii qaz itkisi yaranmış və 2160 m3 itirilmiş qaz hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.09.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evində 27.09.2021-ci il tarixdə qazın uçotu və TQİQ-nə riayət edilməsi yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan blombun aşkar olduğu müəyyən olunmuş və dəymiş ziyanın hesablanması, ödənlməsi tələb olunmuşdur. - Abonentin saldosundan görünür ki, 2021-ci il tarixdə Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evində qazın sərfiyyatı digər illərə münasibətdə artaraq 2511 m3 olmuşdur. - Bakı Şəhəri üzrə Təhsil İdarəsi 70 nömrəli məktəb-liseyinin 27.04.2022-ci il tarixli, 290 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də 2021-ci ilin sentybar ayı sentyabrın 21-i də daxil olmaqla işdə olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı istifadəsində olan Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə olunması üçün “Azəriqaz” İB ilə müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. “Azəriqaz” İB tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.09.2021-ci il tarixli, ******* saylı aktın tərtib olunmuş, akt ilə Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evində 27.09.2021-ci il tarixdə qazın uçotu və TQİQ-nə riayət edilməsi yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan blombun aşkar olduğu müəyyən olunmuş və dəymiş ziyanın hesablanması, ödənlməsi tələb olunmuşdur. Daha sonra “Azəriqaz” İB tərəfindən verilmiş 30.09.2021-ci il tarixli X6 dair Tələbnamə ilə 21.09.2021-ci il tarixli Akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuş və təii qaz itkisi yaranmış və 2160 m3 itirilmiş qaz hesablanmış və nəticədə 217,30 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmçinin istehlakçının əlavə qaz xəttinin çəkilməsi qaz paylayıcısı tərəfindən sübut edilməlidir. Göründüyü kimi 30.09.2021-ci il tarixli X6 dair Tələbnamə ilə 21.09.2021-ci il tarixli Akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuş və təii qaz itkisi yaranmış və 2160 m3 itirilmiş qaz hesablanmış və nəticədə 217,30 manat borc yaranmışdır. 27.09.2021-ci il tarixli aktda istehlakçının nümayəndəsi İddiaçı aktı imzalamaqdan imtina etməsi və bir nüsxənin ona təqdim edilməsi qeyd edilsə də akt tərtib edilərkən Bakı Şəhəri üzrə Təhsil İdarəsi 70 nömrəli məktəb-liseyinin 27.04.2022-ci il tarixli, 290 saylı arayışından də göründüyü kimi İddiaçı 2021-ci ilin sentyabrın 21-i işdə olmuşdur. Bu isə həmin akt tərtib olunduğu zaman İddiaçı Bakı şəhərində olduğunu və aktın tərtib edilməsindən məlumatının olmadığını göstərir. Həmin aktda isə onun aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. Məhkəmə eyni zamanda bildirir ki, Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evində daimi yaşanılmadığından, istirahət üçün ora gedildiyindən, həmin müddətdə qazdan çox istifadə edilmədiyindən İddiaçınin və ailə üzvlərinin sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan blomb yerləşdirməsini ağlabatan hesab etmir. Məhkəmə onu da qeyd edir ki, qaz sayğacı Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evinin həyətinin ümumi istifadədə yol yol kənarında yerləşdiyindən və ona kənar şəxslərin müdaxiləsi də mümkün olduğundan iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İB X9 İstismar İdarəsi tərəfindən Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş 27.09.2021-ci il tarixli, ******* saylı Akt ləğv edilməli və həmin Akta əsasən hesablanmış 217,30 manat borc İddiaçı hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Azəriqaz» İB X9 İstismar İdarəsi tərəfindən Xaçmaz rayonu, Canaxır kəndində yerləşən fərdi yaşayış evinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş 27.09.2021-ci il tarixli, ******* saylı Akt ləğv edilsin. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş 27.09.2021ci il tarixli, ******* saylı Akta əsasən İddiaçı hesablanmış 217,30 manat məbləğində borc silinsin. “Azəriqaz” İB-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1226/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1226/2022
28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver