Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1246/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən evinə dair əsassız hesablanmış 7400 manata borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 dekabr 2024-cü il səhər saat 12 radələrində qazla bağlı, yəni “D” sahənin işçiləri həyətinə daxil olub, heç bir xəbərdarlıq etmədən, çox sərt bir şəkildə, 6 ildir niyə qaz pulunu ödəmirsiz deyə, sanki onu təhdid edirlərmiş kimi bu evdə bir kişi var? deyiblər. O, bu evdə qızı ilə yaşadığını bildirib, onlara nə lazım olduğunu, yoldaşının rəhmətə getdiyini soruşub. O, öz vətəndaş hüquqlarını da bilir, dövlətin qanunlarına da hörmətlə yanaşır və onlara başa salır ki, dəfələrlə qaz idarəsinin işçiləri bu qapıda olub, hətta qaz sayğacına baxış belə keçiriblər. Arada sayğacda problem olduğunu da deyiblər. O, onlara kimə müraciət etmək lazımdır, dedikdə, onlar cavab olaraq “ay bibi” bizlikdir, deyiblər. Narahat olmayın, sayğaclar dəyişdiriləcək də deyiblər. Qeyd edir ki, qazla bağlı heç nədən məlumatı yoxdur. Çünki, o müəllimədir, usta deyil ki, sayğacda olan problemdən başı çıxsın. Onlar sayğacda kənar müdaxilə axtardıqları halda özləri pis duruma düşüblər. Əslində bu gələn qaz idarəsinin işçiləri əvvəl gələnlər deyildi. O, onların bu qanunsuz davranışlarına görə aidiyyatı orqanlara şikayət edəcəyini bildirsə də onlardan biri “problem sayğacdadır, sizlik deyil” deyib. Elə isə o, onlara sayğaca toxunmayın deyib. O, aidiyyatı orqanlardan adam çağırtdıqdan sonra sayğaca toxunun deyib. Onlar isə onu dinləmədən "bunu belə saxlaya bilmərik” deyib sayğacı açıblar, yenisi ilə əvəz ediblər. O, onlardan tələb edib ki, sayğac nə qədər pul yazıb ona desinlər. Onlar isə 7400 manat yazıb dedilər. Sual verib ki, əgər sayğacda problem varsa, 7400 manatı nəyə əsasən hesablamısız. Onlar isə “sayğac heç nəyi göstərmir” və “biz bunu yerindən hesablamışıq” deyiblər. Sual verib ki, bəlkə bu qaz boşuboşuna gedib deyib. Ona 7400 manat haqqında heç nə deyə bilməyiblər. 7400 manatı əks etdirə biləcək heç nə verməyiblər, o dəhşətə gəlib. Evində qızı ilə özündən başqa heç kim yaşamır. Ona yeni sayğac üçün kart veriblər. Əvvəlki sayğac rəhmətlik yoldaşının adına idi. Bu dəfə sayğac onun adına keçdi. Kartı aktivləşdirmək üçün Asan kommunala üz tutub. Onlar kartı aktivləşdirməyiblər, borcunun cox olduğunu deyiblər. O, onlara izah edib ki, bu borc deyil, sayğacda yaranan poroblemlə əlaqədardır. Qaz işçilərinin məsuliyyətsizlikləri üzündən bu vəziyyət yarandığını deyib. Heç bir nəticə əldə edə bilmədən geri qayıdıb. Təsəvvür edin ki, soyuqda, şaxtada xəbərdarlıq etmədən, bildiriş göndərilmədən qazın kəsilməsi nə deməkdir? O, şəkər xəstəsidir, ürəyindən əməliyyat olunub. Onu bu vəziyyətə salmağa onların haqqı varmı? Bəlkə bu qaz havaya uçub, ya da bu işdə öz əlləri var deyə, bu şübhələr içində üz tutub, Cavabdeh İstehsal Birliyinə, Bakı Regional Qazın Satışı Departamentinin qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi BRQSD-nin mühəndisi E.Zeynalova yaxınlaşıb. Zeynalov yalnız çıxış yolunu heç olmasa bu ilin pulunu ödəyin deyib. Sonra müqavilə bağlansın, qalanın da hissə-hissə ödəsin. Çarəsiz bir durumda idi. Nə desələr razılaşacaqdı. Çıxış yolu tapa bilmirdi. Günahsız olduğu halda günahkar bir duruma düşmüşdü. O, 550 manat pul ödədi. Ancaq ona çek verilməyib. Kartı aktivləşib. 6 dekabr 2024-cü il tarixindən 150 manat pul qoyub karta, yalnız 20 manat pul göstərir sayğac. Əgər 1 ilə 550 manat pul qaza işlənirsə, 6 ilə nə qədər pul işlənər. Ödədiyi pulların çekləri əlindədir. Yalnız 550 manatın çekini verməyiblər. Deyiblər sayğacda görünəcək, ancaq o da sayğacda görünmür.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, sayğacı apardılar, onun yerinə başqa sayğac quraşdırdılar. Qışda xəbərdarlıq etmədən qazı kəsdilər. Xəstə adamdı məcbur olub guya 1 illik sərfiyyat üçün 550 manat pul ödədi. Ödənişə dair qəbz vermədilər. Sonradan sayğaca görə əlavə 450 manat pul ödəyib. Hesab edir ki, sayğacın düzgün işləməməsi onun günahı deyil ona əsassız borc yazıblar bu səbəbdən borcun silinməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 bildirir ki, iddia tələbini qəbul etmir. Cavabdehə məxsus mənzildə xx.xx.2024-cü ildən sayğac dəyişdirilib, smart sayğac qoyulub. Sayğac mənfiyə işləyib. Borc 5643,85 manat var. Sayğacın klapanı öz-özünə açılıb bağlanır. Smart sistem dayanırsa, avtomatik olaraq sayğac mexanikiyə keçir. Abonent 2024-cü ilin dekabr ayında 210 manat, yanvar ayında 140 manat, fevral ayında 102 manat, mart ayında 128 manat ödəyib. Abonentin Cavabdehnə borcu olduğundan iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İş materialları:
5. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İntervallaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 019913 nömrəli qeydiyyat vəsiqəsi ünvan 1 ünvanında yerləşən mənzil X2 verilmişdir. xx.xx.2003-cü ildə 30/5742 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
6. İ-ЖГ seriyalı 450188 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 06 iyul 1977-ci il Dəvəçi Rayon VVAQ Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 64 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Mustafayeva” soyadını qəbul etmişdir.
7. AZ-İ seriyalı 547219 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 15 iyun 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 iyun 2012-ci il tarixdə 487 nömrə ilə qeyd edilmişdir.
8. Cavabdeh 14-2-2-4/2-2/2025 nömrəli, 06 yanvar 2025-ci il tarixli müraciətə cavabından görünür ki, Nizami rayonu, Nizami küçəsi, ev 9, mənzil 1 ünvanında istehlakçı kodu İddiaçı adına quraşdırılmış öncədən ödənişli G-4 markalı 1602AZ**********87 saylı qaz sayğacı xx.xx.2024-cü il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının göstəriciləri arasında yaranan fərqə, 31020 m³ dəyəri ödənilməmiş təbii qazdan istifadə etdiyi məlum olmuşdur. Bu səbəbdən hesabda 5643,85 manat borc yaranmışdır.
9. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə G-4 markalı 1602AZ**********87 nömrəli sayğac quraşdırılmışdır.
10. Qaz sayğaclarının yoxlamadan keçirilməsi barədə M 1926 nömrəli aktdan görünür ki, 1602AZ**********87 nömrəli sayğaca baxış keçirildi. Klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğac mənfiyə işləyib. Sayğac istismara yararsızdır.
11. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin Bakı Filialının 30 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı qaz abonent saldosu təhlil edilmiş, yaşadığı mənzildə 2012-2024-cü illər üzrə qaç sayğacının işlək olduğu 71 ay (2012-ci ilin iyulundan 2018-ci ilin mayına qədər və 2024-cü ilin dekabr ayında) ərzində üzrə aylıq qaz sərfinin 259 m3 təşkil etdiyi müəyyən edilmişdir. 2018-ci ilin may ayında 79 ay ərzində qaz sərfiyatına görə ödəniş qeydə alınmamışdır. Bu dövrdə mənzildə yaşayış olduğu nəzərə alınarsa, qaz sərfiyyatı 79 x 259 m3 = 20461 m3 təşkil edə bilər.
12. İddiaçı adına verilmiş **********00010 nömrəli hesabdan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə 5643,85 manat borc hesablanmışdır.
13. İllər üzrə 1 m3 qazın qiyməti cədvəlindən görünür ki, 2000-2017-ci illərdə 0,10 manat, 2017-2018-ci illərdə 0-1700 - 0,10 manat, 1700-dən yuxarı 0,20 manat, 2019- 2020-ci illərdə 0-2200 – 0,10 manat, 2200-dən yuxarı 0,20 manat, 2021 (yanvar-oktyabr) 0-1200 – 0,10 manat, 1200-2500 – 0,20 manat, 2500-dən yuxarı 0,25 manat, 2021 (noyabr-2024 dekabr) 0-1200 – 0,12 manat, 1200-2500 – 0,20 manat, 2500-dən yuxarı 0,25 manat, 2025-ci il üçün 0-1200 – 0,125 manat, 1200-2500 – 0,22 manat, 2500-dən yuxarı 0,30 manat.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 məxsus olmuşdur. İddiaçının əri vəfat etdikdən sonra qaz sayğacı iddiaçının adına keçmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilə G-4 markalı 1602AZ**********87 nömrəli sayğac quraşdırılmışdır. İddiaçı qaz abonent saldosu təhlil edilmiş, yaşadığı mənzildə 2012-2024-cü illər üzrə qaç sayğacının işlək olduğu 71 ay (2012-ci ilin iyulundan 2018-ci ilin mayına qədər və 2024-cü ilin dekabr ayında) ərzində üzrə aylıq qaz sərfinin 259 m3 təşkil etdiyi müəyyən edilmişdir. 2018-ci ilin may ayında 79 ay ərzində qaz sərfiyatına görə ödəniş qeydə alınmamışdır. Bu dövrdə mənzildə yaşayış olduğu nəzərə alınarsa, qaz sərfiyyatı 79 x 259 m3 = 20461 m3 təşkil edə bilər. İddiaçı hazırda ona hesablanmış 7400 manat borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:
4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin Bakı Filialının 30 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı qaz abonent saldosu təhlil edilmiş, yaşadığı mənzildə 2012-2024-cü illər üzrə qaç sayğacının işlək olduğu 71 ay (2012-ci ilin iyulundan 2018-ci ilin mayına qədər və 2024-cü ilin dekabr ayında) ərzində üzrə aylıq qaz sərfinin 259 m3 təşkil etdiyi müəyyən edilmişdir. 2018-ci ilin may ayında 79 ay ərzində qaz sərfiyatına görə ödəniş qeydə alınmamışdır. Bu dövrdə mənzildə yaşayış olduğu nəzərə alınarsa, qaz sərfiyyatı 79 x 259 m3 = 20461 m3 təşkil edə bilər.
19. Göründüyü kimi iş materiallarından məlum olur ki, İddiaçı borcu 5643,85 manat təşkil edir. Odur ki, 5643,85-3608,45=2035,40 manat məbləğində borc silinməlidir. İddiaçı tərəfindən istehlak olunmuş qazın dəyəri 3608,45 manat borc məbləği Cavabdehn ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmə xərcləri:
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00010 abonent kodu üzrə hesablanmış 2035,40 manat məbləğində borc silinməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00010 abonent kodu üzrə hesablanmış 2035,40 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova