Məhkəmə qərarları › İş №2(007)-125/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-125/2024

17.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-125/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Dadanova Hicran Qurban qızının fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı Dadanova Hicran Qurban qızı xx.xx.1974-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Bacısı “Şizofreniya paranoid forma, dərin emosional iradı qüsur halı” xəstəliyindən əziyyət çəkir və ona İİ-ci qrup əlillik dərəcəsi verilmişdir. Bacısı Dadanova Hicran Qurban qızı həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Bacısı özü-özünü müstəqil idarə etmək iqtidarıda malik deyil, etdiyi hərəkətlərin mənasını dərk etmir. Ona görə, hesab edir ki, xx.xx.1974-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan bacısı Dadanova Hicran Qurban qızı İİ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Məhkəmə Dadanova Hicran Qurban qızının faliyyət qabliyyəti olmayan hesab etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir (məhkəmənin hazırlıq iclasında maraqlı şəxsin nümayəndəsi iştirak etmişdir). Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, ******** aylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixində Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır; - AZE seriyalı, 07110531 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Dadanova Hicran Qurban qızı xx.xx.1974-cü il tarixində Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur, Bakı şəhəri, E.Süleymanov küçəsi, A\YAT, ev 148, mənzil 97 ünvanında qeydiyyatdadır; - İİİ-ЖГ seriyalı, 499884 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixində Neftçala rayonunun Bankə qəsəbəsində doğulmuşdur. X2, anası X4r; - İİ-ЖГ seriyalı, 465326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Dadanova Hicran Qurban qızı xx.xx.1974-cü il tarixində Neftçala rayonunun Bankə qəsəbəsində doğulmuşdur. X3, anası X4r; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədə dair məlumatın surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Dadanova Hicran Qurban qızına qoyulan diaqnoz: Şizofreniya paranoid forma, dərin emosional iradi qüsur halı. O, müddətsiz ikinci qrup əlildir. Əmək qabiliyyətsizdir. Əlilliyin səbəbi ümumi xəstəlikdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023cü il tarixli, 2869 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Dadanova Hicran Qurban qızında “ŞİZOFRENİYA SADƏ FORMA, PSİXİ QÜSUR HALİ” (X1 kod F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu mülki iş materialları, anamnestik məlumatlar (uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkməsi, qəribə hərəkətlər etməsi, öz-özünə danışması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Şizofreniya paranoid forma, dərin emosional iradi qüsur halı” diaqnozu ilə İİ dərəcə əlil olduğunun qeyd edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, eşitmə hallüsinasiyalarının təsiri altında olma təsəvvürü yaratması, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə- psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 15 may 1974-cü il təvəllüdlü Dadanova Hicran Qurban qızı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Dadanova Hicran Qurban qızının psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Yoxlanılan şəxs Dadanova Hicran Qurban qızının səhhəti onun məhkəmə iclasına çağırılmasına yol vermir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə doğulmuş bacısı Dadanova Hicran Qurban qızı “Şizofreniya paranoid forma, dərin emosional iradi qüsur halı” diaqnozu ilə qeydiyyatındadır. O, “ŞİZOFRENİYA SADƏ FORMA, PSİXİ QÜSUR HALİ” xroniki psixi xəstəlik nəticəsində özünü idarə etmək və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən Dadanova Hicran Qurban qızının tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2023-cü il tarixli, 2869 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan Dadanova Hicran Qurban qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan qardaşı Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən Dadanova Hicran Qurban qızının öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1974-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyat olan Dadanova Hicran Qurban qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə Dadanova Hicran Qurban qızının üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Neftçala rayonunun Bankə qəsəbəsində doğulmuş, Bakı şəhəri, E.Süleymanov küçəsi, A\YAT, ev 148, mənzil 97 ünvanında qeydiyyat olan Dadanova Hicran Qurban qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Dadanova Hicran Qurban qızının üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar