Məhkəmə qərarları › İş №2(007)-1258/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1258/2023

16.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1258/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinə və X4 qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X2 12 oktyabr 2007-ci ildə vəfat etmişdir. Onun 138 saylı order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsi var. Həmin bağ sahəsi onun istifadəsindədir. Bağ sahəsinə aid sənədləşmə işləri apararkən ona Bakı İnzibatı Məhkəməyə müraciət etməsini məsləhət gördülər. Bununla bağlı o, Bakı İnzibatı Məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsinə 138 saylı order əsasında hüququn onun mərhum X2na məxsus olması haqqında arayışın verilməsi» vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraiət etmişdir. Bakı İnzibatı Məhkəməməsinin 2-1(112)-2123/2021 saylı, 20 may 2021-ci tarixli qərarı ilə iddia tələbi təmin olunmuş və Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsinə 138 saylı order əsasında hüququn iddiaçının mərhum X2na məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən mərhum X2nun mülkiyyətini təsdiq edən 04 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışı alandan sonra o, vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin notariat ofisindən ona bildirmişlər ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktının təsdiq etmək üçün məhkəməyə müraciət etməlidir. İddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində texniki səhv olaraq iddiaçının adını X10 və cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisi göstərildiyini qeyd etmişdir. Ona görə də xahiş edir ki, iddiaçının və cavabdehin adını düzəliş edilərək İddiaçı kimi, cavabdeh isə Bakı şəhəri 12 saylı Notariat Ofisi kimi oxunsun və 12 oktyabr 2007-ci ildə vəfat etmiş mərhum X5 qalmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 428 saylı bağ sahəsinə miras əmlakın qəbul edilməsi üçün qanuni müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilsin. İddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirilməsi barədə ərizə verərək X3 iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul edib, İddiaçı qardaşı olduğunu, həqiqətən də, sözü gedən bağ evinin faktiki onun istifadəsində olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktublarla müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********31 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu,Goradil bağ massivi, 428 saylı bağ sahəsi X6 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 04 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X6 adına olan ********** qeydiyyat nömrəli çıxarışa əsasən 428 saylı bağ sahəsinə görə 2022-23 ilin sonuna qədər olan borcu oğlu İddiaçı tərəfindən ödənilmişdir və torpaq vergisi borcu yoxdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinin notariusu Elçin Zeynalovun xx.xx.2022-ci il tarixli, 1496 saylı məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş atasının adına açılmış vərəsəliyin qəbulu müddətini ötürdüyü, vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilməsi İddiaçı izah edilmişdir. - AZ-İ № 401120 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası X1. - AZ-İ seriyalı, 281887 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ seriyalı, 166046 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 183 nömrə ilə qeyd edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2123/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsinə 138 saylı order əsasında hüququn iddiaçının mərhum X2na məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2007-ci il tarixdə ölmüş X5 Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 428 saylı bağ sahəsi miras qalmışdır. X6 qanun üzrə birinci növbəli vərəsəsi hazırki İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət edərək mərhum atasından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Məhkəmə iclasında digər qanun üzrə birinci növbəli vərəsə cavabdeh X9 iddia tələbini qəbul etdi və miras əmlaka faktiki sahibliyi qardaşı İddiaçı etdiyini etiraf etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X6 xx.xx.2007-ci il tarixdə ölməsi ilə ona məxsus əmlaka onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan oğlu İddiaçı mirasa faktiki sahiblik etməklə qəbul etmişdir. Lakin, iddiaçı hüquqi savadsızlığı ilə əlaqədar mirası rəsmi qəbul etmək üçün vaxtında təşəbbüs göstərə bilməmiş, müvafiq notariat ofisinə yalnız xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Daha sonra miras əmlaka çıxarış verilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum atasının xx.xx.2007-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, bu səbəbdən mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 12 oktyabr 2007-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 428 saylı bağ sahəsinin qəbul edilməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12 oktyabr 2007-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 428 saylı bağ sahəsinin qəbul edilməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə bərpa edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar