Məhkəmə qərarları › İş №2(007)-126/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-126/2025

11.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-126/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu **********05830 olan qaz təchizatı ilə bağlı 2511,71 manat borcun silinərək, illik standart norma sərfiyyatına uyğun hesablanma aparılmaqla borcun qeyd edilməsi və iddia ərizəsinin tərtib olunması üçün tərəfindən ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Mənzilinin qaz təchizatı abonent kodu **********8300 üzrə ödənişlər edir. Qeyd edir ki, yataqxana tipli binanın qaz təchizatı xx.xx.2019-cu il tarixinədək "kompakt qaz” sayğacı vasitəsi ilə hesablanaraq, qeyd edilmiş ümumi borc sonradan yataqxana sakinlərinin sayına uyğun bölünərək ödənilirdi. Adına verilmiş “saldoya” əsasən mənzilinin qaz təchizatı ilə bağlı sərfiyyatı illik olaraq "fəsillərə” uyğun olaraq müəyyən olunmuş limiti keçmirdi. Yuxarıda qeyd etdiyi kimi qaz təchizatı yataqxanada yaşayan sakinlərin qaz təchizatı ilə bağlı borcu sakinlər arasında “kompakt qaz” sayğacının qeydiyyatı üzrə tərəflər arasında bölünərək ödənilirdi və xx.xx.2019-cu il tarixdən sonra isə qaz borusu mənzilinə bir başa qoşulmuş və müəyyən vaxtdan sonra ona “fantastik” bir sərfiyatın ödənilməsi ilə “1017,61 manat borc barədə bildiriş” verilmişdir. Yaranmış borcun yaranma mənbəyi ilə bağlı çox saylı müraciətinə xx.xx.2020-ci ildə “SOCAR” **********30560046X00081 nömrəli məktubda “absurd” bir formada yanaşma olmuşdur. Ünvanına ünvanlanmış məktubda qeyd edilir ki, yataqxananın ümumi qaz sayğacı olmuş üst abonent kodu “**********00010” Baxışovun adına olan ümumi G-25 markalı 75018596 saylı qaz sayğacı vasitəsi ilə istehlak etmiş və nəticə etibarı ilə ona ümumi qaydada ödənilməmiş borc yaranıb, bu borc da xx.xx.2020-ci il tarixinə 1017,61 manat təşkil edir. Cavabdehə xx.xx.2020-ci ildə “SOCAR **********30560046X00081” nömrəli məktuba əsaslansaq onda elə çıxır ki, o, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi (yataqxana) 13 №-li binasının sakinlərinin qaz sərfiyatı tərəfindən şəxsən ödəməlidir. Real olaraq bu absurd bir yanaşmadır. Belə ki, açıq bir formada onun abonent saldosuna baxılsa onun ödənişlərinin nizami qrafikinin ardıcıllığı, barəsində yazılmış borcun əsassız olduğunu sübut edəcək. Bu səbəbdən qaz təchizatının istehlakı ilə bağlı barəsində yazılmış əsassız borcun silinməsi ilə bağlı müvafiq göstərişin verilməsi üçün cavabdehə dəfələrlə müraciət etsə də heç bir müsbət nəticə alınmadı. Hesab edir ki, aşağıdakı səbəblərə görə borc silinməlidir. Cavabdeh tərəfindən adına təqdim edilmiş saldoya nəzər yetirilsə əyani formada aktın əsassız olması görünər, 2018-ci il üçün illik ödəniş qrafikinə nəzər yetirilsə görünər ki, 2018-ci ildə illik qaz sərfi 1903,33 kub olmuşdur, 2019-cu il üçün illik ödəniş qrafikinə nəzər yetirilsə görünər ki, 2019-cıı ildə illik qaz sərfi fantastik bir sıçrayıcı 4819,60 kub olmuşdur, 2020-cİ il üçün illik ödəniş qrafikinə nəzər yetirilsə görünər ki, 2020-ci ildə illik qaz sərfi fantastik bir azalma ilə 1582,61 kub olmuşdur, 2021-ci il üçün illik ödəniş qrafikinə nəzər yetirilsə görünər ki, 2021-ci ildə illik qaz, sərfi bir daha fantastik bir sıçrayışla 4914,41 kub olmuşdur, 2021, 2022, 2023-cü il tarixlərində isə dəyişməz olaraq 4914,41 kub olaraq dəyişməz olaraq qalmışdır. Hətta belə mart 2024-cü ildə 2511,85 kub olaraq qeyd edilib. Həmçinin qeyd edir ki, 2-dəfə silinmə belə olub, ona bildirilmədən 1-ci silinmə fevral 2020-ci ildə və fevral 2024-cü ildə. Bu silinmə səbəbləri nəyə əsaslanır, izahını hələ də bilmir. 2010-2016-cı illər ərzində qaz sərfiyatı abonent olaraq normal qrafika əsasən tərəfindən ödənilirdi, lakin qaz sayğacını cavabdeh tərəfindən aparılması nəticəsində 2016-cı ildən bu günə qədər yuxarıda qeyd etdiyi ziddiyətli, qeyri-dəqiq əsası bilinməyən və izahı artıq 4 (dörd) ildir ki, cavabdeh tərəfindən ala bilmədiyi bir vəziyyətdə olması cavabdehin ona qarşı hesabladığı sərfiyyatın əsassız olmasını sübut edir. Xüsusi olaraq qeyd edir ki, binanın ilk üç mərtəbəsi fərdi qaz sayğacı ilə təchiz olunsa da digər 4-cü və 5-ci mərtəbələrdə qaz sayğacı quraşdırılmayıb və əsas problemlər də qaz sayğacının olmaması səbəbi ilə əsassız sərfiyyat cavabdeh tərəfindən aparılır. Bu fikirlərini əyani formada saldoya nəzər yetirilməsi kifayət edir. Cavabdehin qaz sərfi ilə bağlı qrafiki bir başa cavabdehin qeyri-dəqiq, mənbəyi bilinməyən əsaslar əsasında barəsində fantastik bir borc yaranmışdır. Yuxarıda qeyd etdiyi mötəbər əsaslara görə hesab edir ki, qaz təchizatı ilə bağlı tətbiq edilmiş 2511,71 manat borc ləğv edilərək, illik standart norma sərfiyyatına uyğun hesablanma aparılmalıdır. Nəticədə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli oldu.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, sayğac yoxdur, borc nəyə əsasən hesablanıb bilinmir. Öz başına bəzi borclar yazılıb silinib, xəbəri yoxdu. Faktiki bir ədəd qənaətli su qızdırıcısı və 1 ədəd qaz plitəsi var. Yataqxana olduğu üçün ümumi kollektiv sayğac var idi. Həmin sayğacı söküb üçmərtəbəyə qoydular. 2 mərtəbəyə qoymadılar. Odur ki, iddia tələbinin təmin edilməsini və qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndələri X2 və Alıeva Zumrud bildirmişlər ki, iddia tələbini qəbul etmirlər. Abonent 2021-ci ildən bəri ödəniş etməyib. Sayğac kollektiv sayğacdır.

5. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Cavabdeh 05 iyul 2019-cu il tarixli müraciətə cavabından görünür ki, yataqxana statusunda inşa edilən binaların otaqlarında qaz işlədici qurğulardan istifadə edilməsi üçün heç bir texniki şərait nəzərdə tutulmadığından otaqların təbii qazla təmin edilməsi və fərdi qaydada qaz sayğaclarının quraşdırılması “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və "Tikinti Norma və Qaydalarının tələblərinə ziddir.

9. Cavabdeh 03 fevral 2020-ci il tarixli müraciətə cavabından görünür ki, Cavabdehndən Bakı X3 Departamentinə daxil olmuş xx.xx.2020-cı il tarixli SOCAR **********30560046X005 saylı ərizə tərəfindən, müvafiq qaydada araşdırılmışdır. Bildirir ki, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamentınin əməkdaşı tərəfindən ünvan 2 ünvanında yerləşən yataqxana binasına və İlhamə Mahmudovaya məxsus 83/84 saylı mənzilə texniki baxış (mühəndisin xx.xx.2020-ci il tarixli xidməti məlumatı) keçirilmiş və məlum olmuşdur ki, adı çəkilən ünvan 5 mərtəbəli yataqxana binasıdır. Layihəyə əsasən hər mərtəbədə 2 ədəd (binanın sağ və sol künclərində) ümumi istifadə üçün mətbəxlər nəzərdə tutulmuşdur və ümumi mətbəxdən təyinatı üzrə istifadə edilir. Otaqlar kommunal şəraitsız olduğundan yataqxana sakinləri tərəfindən özlərinə məxsus otaqların eyvanlarında mətbəx və sanitar qovşaq yaradılıb. Binanın qaz təchizatı mənbəyində xx.xx.2019-cu il tarixində quraşdırılmış G-25 markalı 75018596 nömrəli Elster tipli kompakt qaz sayğacı (**********00010 nömrəli abonent kodu Baxışovun adınadır və 99 alt abonent vardır) çıxarılıb, yerinə başqa qaz sayğacı quraşdırılmayıb, kompakt qaz sayğacının yerində filəns birləşməsi mövcuddur. Kompakt qaz sayğacından sonra çoxsaylı fərdi smart kart tipli qaz sayğacı (G-4 markalı 1602AZ**********28, 1702AZ**********75,1702AZ**********74 1802AZ**********71 və s.) quraşdırılıb və qeydiyyatdadırlar.

10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13, mənzil 83/84 qazla təmin olunmuşdur.

11. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı Filialının 17 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı qaz abonent saldosu təhlil edilmiş, yaşadığı mənzildə 2013-2015-ci illər üzrə orta illik qaz sərfinin 803 m3 təşkil etdiyi müəyyən edilmişdir. Bu sərfiyyat abonentin istifadə etdiyi 1 ədəd PQ-3 markalı qaz plitəsinin (maksimal qaz sərfi-0,8 m3) və 1 ədəd qənaətli su qızdırıcısının (maksimal qaz sərfi – 1,5 m3) real qaz sərfiyatına uyğundur. Bu baxımdan iddiaçı tərəfindən 2016-2020-ci illər üzrə sərf edilmiş qazın dəyəri hər il üçün 803 m3 x 0,1 manat= 80,30 manat, 2021-2024-cü illər üçün hər il üzrə 803 m3x 0,12 manat = 96,36 manat təşkil edər. Cəmi 2016-2024-cü illər üçün sərf edilmiş qazın dəyəri 5x 80,30+4x 96,36=786,94 manat təşkil edə bilər həmin dövr ərzində. İddiaçı tərəfindən 95,60 manat ödəniş edildiyi nəzərə alınsa, abonentin borcu 786,94-95,60=691,34 manat ola bilər.

12. İddiaçı adına verilmiş **********05830 nömrəli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə 1562,80 manat borc hesablanmışdır.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus mənzil yataqxanadır və kollektiv qaz sayğacı quraşdırılmışdır. Daha sonra qaz sayğacı sökülmüşdür və qaz mənzilə sayğacsız gəlir. Ona məxsus mənzildə 1 ədəd PQ-3 markalı qaz plitəsi və 1 ədəd qənaətli su qızdırıcısı real qaz sərfiyatına uyğundur. İddiaçı hazırda ona hesablanmış 2511,71 manat borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı Filialının 17 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı qaz abonent saldosu təhlil edilmiş, yaşadığı mənzildə 2013-2015-ci illər üzrə orta illik qaz sərfinin 803 m3 təşkil etdiyi müəyyən edilmişdir. Bu sərfiyyat abonentin istifadə etdiyi 1 ədəd PQ-3 markalı qaz plitəsinin (maksimal qaz sərfi-0,8 m3) və 1 ədəd qənaətli su qızdırıcısının (maksimal qaz sərfi – 1,5 m3) real qaz sərfiyatına uyğundur. Bu baxımdan iddiaçı tərəfindən 2016-2020-ci illər üzrə sərf edilmiş qazın dəyəri hər il üçün 803 m3 x 0,1 manat= 80,30 manat, 2021-2024-cü illər üçün hər il üzrə 803 m3 x 0,12 manat = 96,36 manat təşkil edər. Cəmi 2016-2024-cü illər üçün sərf edilmiş qazın dəyəri 5x 80,30+4x 96,36=786,94 manat təşkil edə bilər. Həmin dövr ərzində. İddiaçı tərəfindən 95,60 manat ödəniş edildiyi nəzərə alınsa, abonentin borcu 786,94-95,60=691,34 manat ola bilər.

18. Göründüyü kimi İddiaçı borcu 691,34 manat təşkil edir. Onun tərəfindən həmin borc məbləği ödənilməlidir. Odur ki, 2511,71-691,34=1820,37 manat məbləğində borc silinməlidir.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmə xərcləri:

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********05830 abonent kodu üzrə hesablanmış 1820,37 manat məbləğində borc silinməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********05830 abonent kodu üzrə hesablanmış 1820,37 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar