Məhkəmə qərarları › İş №2(007)-1266/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1266/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1266/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bigə nikahdan 28.01.2017-ci il tarixdə X4 və 28.04.2018-ci il tarixdə X3 adlı övladları anadan olmuşlar. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşmiş, aralarında soyuqluq yaranmağa başlamışdır, ailədə hər gün söz-söhbət yaranırdı. Bir ailə kimi yaşamaları qeyri mümkün idi. Bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət elməyə məcbur olmuşdur. Nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və hər ay hər bir uşağa 154 manat aliment təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədə qeyd olunan aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir həmçinin xüsusi olaraq qeyd edir ki, ölkədə hamıya məlum olan qiymət artımı müraciətinin əsas səbəblərdən biridir. Belə olan halda isə o, övladları ilə çıxılmaz vəziyyətdə qalır, onların gündəlik tələbatını ödəyə bilmir. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilib və 2022-ci ildə uşaqlar üçün 193 manat müəyyən edilib. Qeyd etdiyi səbəblərə görə ’’aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı qanunvericiliyin tələblərinə görə ilk öncə “1 saylı Mediasiya Təşkilatına" aliment miqdarının artırılması ilə bağlı müraciət etmişdir. Nəticədə "İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi" barədə ona 21.02.2022-ci il tarixində arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək, haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manata çatdırılmalıdır.Qeyd olunanları nəzərə alıb, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin artırılması,birgə nikahdan doğulmuş 28.01.2017-ci il təvəllüdlü X2 və 28.04.2018-ci il təvəllüdlü X1 yetkinlika yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər uşağa görə 193 manat olmaqla cəmi 386 sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı ilə birgə nikahdan 28.01.2017-ci il təvəllüdlü X4 və 28.04.2018-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. O, gözdən əlil olması səbəbindən əmək qabliyyətini itirmişdir, işləmədiyi üçün iddiaçının ərizəsi əsasında aralarında olan nikah 2018-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsində uşaqların ananın himayəsinə verilməsi və hər ay hər uşaöa görə 154 manat olmaqla iki uşağa görə 308 manat aliment tutulması müəyyən edilmişdir. Həmin qətnamədə göstərilən hər bir uşağa görə 154 manat alimenti ödəyə bilmədiyi üçün barəsində icra məmurunun təqdimatı əsasında inzibati qaydada bir neçə dəfə inzibati tənbeh tədbirləri tətbiq olunmuşdur. Daha sonra iddiaçı X4 24.02.2022-ci ildə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edərək aliment məbləğinin həcminin artırılmasını tələb etmişdir. Qeyd etmək istəyir ki, ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsindən də, məlum olur ki, o, uşaqlarının saxlanılması üçün hər ay iddiaçıya 154+154=308 manat pul verməlidir. Bildirmək istəyir ki, qeyd olunan pulu verməkdə maddi cəhətdən əziyyət çəkir. O, gözdən İİ qrup əlildir, işləməkdə çətinlik çəkir, hal-hazırda heç bir yerdə işləmir, əlavə olaraq qazancı yoxdur. Məhkəmə tərəfindən müəyyən olunmuş 308 manat alimenti iddiaçıya valideyinləri ödəyir. Həyat yoldaşı ilə münasibətlərinin pozulmasına səbəblərdən biri də əmək qabliyyətinin olmaması və işləməməsidir. Bu səbəbdən maddi vəziyyətləri çətinləşmişdir. Onu da qeyd edir ki, son bir ay müddətində əməliyyat olunmuşdur, halhazırda da ev şəraitində yaşayır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad etmə yalnız məhkəmənin qətnaməsi ilə həyata keçirilə bilər. Bu barədə məhkəmədə iddia qaldırmaq hüququ hər iki tərəfə - həm aliment ödəyən, həm də aliment alan şəxsin aiddir. Qanunun mənasına görə tərəflərin aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəlməsi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi anlamında başa düşülür.Uşaqlarının maddi ehliyyaclarının artması və yuxarıda qeyd edilən miqdarda cavabdehə övladlarının saxlanması üçün aliment ödəməsi onun maddi vəziyyətinin pisləşməsinə səbəb olacacdır, o, iddia ərizəsində göstərilən alimenti ödəyə bilməyəcək. Ona görə də hesab edirəm ki,cavabdehə ödədəyəcəyi alimentin miqdarı məhkəmə qətnaməsinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə bu iş üzrə qətnamə çıxararkən xəstəliyini, xəstəliyi ilə əlaqədar işləmədiyini nəzərə almalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, alimentin məbləğinin artırılmaması heç də övladlarının mənafeyinə ciddi təsir etməyəcək.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin №2(009)- 2628/2018 saylı 26.12.2018-ci il tarixli qətnaməsindən görünür ki,tərəflərin arasında bağlanmış nikah pozulmuş,birgə nikahdan doğulmuş 28.01.2017-ci il təvəllüdlü X4 və 28.04.2018-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 254 manat,cəmi 308 manat alimentin tutulması qət edilmişdir. İş materiallaranda olan mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, Cavabdeh işləmir, İİİ qrup əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini, eləcə də cavabdehin İİİ qrup olmaqla işləmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin №2(009)- 2628/2018 saylı 26.12.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı,tərəflərin birgə nikahdan doğulmuş 28.01.2017-ci il təvəllüdlü X2 və 28.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 175 manat,cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin №2(009)-2628/2018 saylı 26.12.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahından doğulmuş 28.01.2017-ci il təvəllüdlü X2 və 28.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar