Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1283/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Səmədov Rafı̇ q Xanhüseyn oğlunun, Cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Səmədov Rafı̇ q Xanhüseyn oğlunun cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Səmədov Rafı̇ q Xanhüseyn oğlu cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 1-də yerləşən fərdi yaşayış evinə dair «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş 31.05.2019cu il tarixli, ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 450 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan ünvan 1-də yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilində təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir. Onun xəbəri olmadan cavabdeh tərəfindən ünvan 1-də yerləşən fərdi yaşayış evinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31.05.2019-cu il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Nəticədə cavabdehə maddi ziyan vurmuş və 450 manat borcu yaranmışdır. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin Akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, nə o, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamış habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Səmədov Rafı̇ q Xanhüseyn oğlu iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2019-cu ildə ürək əməliyyatı keçirmişdir, bu səbəbdən kommunal xərclərə oğlu nəzarət etmişdir. Cəriməsi olduğunu ona “Asan xidmət”dən bildirdilər. Sayğaca müdaxilə olması səbəbindən kart koda düşmüşdür, o da “Azəriqaz”ın əməkdaşını çağırmışdır. Sayğacı laboratoriyaya aparmış, xəbərdarlıq etmədən cərimələmişlər. 450 manat məbləğində borcu yaranmışdır. Nə o, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir. Ev iki mərtəbəli həyət evidir. Evi qazla deyil, radiatorla isidirlər. 120 manat ödəniş etmişdir, 4 gözlü qaz və ceyran peçi işlədir. Nə qədər qaz istifadə etmişdirsə, o qədər də ödəmişdir. Onun evində kombi olmamışdır, evi yağ radiatorla qızdırırlar. Kombi yalnız 2020-ci ilin əvvəllərində qurşdırılmışdır. Sayğacın daxildə yerləşən iynə “Alarm 1” rejiminə bir neçə dəfə düşmüşdür. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmə baxış iclasında “dəymiş ziyanın bərpasına dair tələbnamə” təqdim edərək, iddianı qəbul etmədiyini, iddianın səhv tərtib edildiyini, aktın ləğv edilməsi hissəsində iddianı əsassız hesab etdiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğaca müdaxilə olunub. Əsasən də müdaxilə daxildən olmuşdur. Sayğacın üzərində yerləşən qapaq hissəsini dəyişmək istədikdə, daxildə yerləşən iynə “Alarm 1” rejiminə düşüb. Qermetr kipləşdirilmiş qapaqdır, ona azacıq müdaxilə olunarsa, sayğacda öz əksini tapır. İynəyə cüzi müdaxilə olduqda kart koda düşür. 2020-ci ilin noyabr ayından abonentdən pul tutmuşlar. Hazırda iddiaçının 450 manat borcu vardır. Akta əsasən isə borc 486 manat təşkil edir. Onların tərtib etdiyi akt istehlakçı hüqulqarını pozan akt deyildir, hal müəyyənedici aktdır. Aktın ləğv edilməsi tələbini qəbul etmirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2019-cu il tarixli, ******* nömrəli Aktdan görünür ki, MSK-29/1710-00889 rəyə əsasən 1102AQ**********8 nömrəli sayğacda alarm rejimi aşkar olunmuşdur. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə 10.06.2019-cu il tarixli, 29/1710-00883 nömrəli Aktından görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin 18 mart 2019-cu il tarixli telefonoqrama əsasən 04 iyun 2019-cu il tarixində keçirilmiş dövlət yoxlaması zamanı Fransa istehsalı olan G3 və G4 markalı smart-kart tipli qaz sayğacları yararsız hesab edilmişdir. Yoxlama zamanı G-4 markalı 1102AQ**********8 nömrəli sayğacda aşkar olunan qüsurlar- sayğacın hesablama mexanizminin qoruyucu örtüyünü üzərinə vurulan sol metrologiya plombunun üzərində boya mövcuddur, sağ metrologiya plombunun rəngi cuzi fərqlidir. ALARM-1 rejimindədir. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda 07.11.2016-cı il, 19.01.2019-cu il, 11.03.20219-cu il cə 13.03.2019-cu il tarixlərdə ALARM- 1 rejimi aşkar olunub. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13.03.2019-cu il tarixli, ******* nömrəli Aktından görünür ki, 1102AQ**********8 nömrəli sayğac yenisi ilə əvəz olundu. Sayğacda heç bir sızma aşkar edilməmiş və qaz sayğacı texniki qaydalara cavab verir. Laboratoriya şəraitində yoxlanıb rəy verilmiş və proqram əlavəsi oxunması üçün abonentin iştirakı ilə torbaya qoyularaq ********* nömrəli möhürlə möhürləndi. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 31 may 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” dən görünür ki, Abonent kodu **********00001 olan, istehlakçı Səmədov Rafı̇ q Xanhüseyn oğlu ünvan 1 ünvanında “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olduğu aşkar olunmuşdur. Bununla bağlı 31.05.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. Cəmi dəymiş ziyanın həcmi: 48690 m3 –dir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Səmədov Rafı̇ q Xanhüseyn oğlunun yaşadığı ünvan 1-də yerləşən fərdi yaşayış evinə dair «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş 31.05.2019-cu il tarixli, ******* saylı Akt ilə MSK-29/1710-00889 rəyə əsasən 1102AQ**********8 nömrəli sayğacda alarm rejimi aşkar olunmuşdur. “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13.03.2019-cu il tarixli, ******* nömrəli Aktına əsasən 1102AQ**********8 nömrəli sayğac yenisi ilə əvəz olunmuşdur. “Azəriqaz” İstehsalat Birliyinin 31 may 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” yə əsasən cəmi dəymiş ziyanın həcmi: 48690 m3 müəyyən edilmişdir. Qeyd edilən akt əsasında 450 manat borc hesablanmışdır. Bundan başqa araşdırma zamanı müəyyən olundu ki, 13.03.2019-cu il tarixli, ******* nömrəli Aktla istismar müddəti bitmiş sayğac dəyişdirilərkən iddiaçı iştirak etmiş və aktı imzalamışdır. Eyni zamanda iddiaçı verilmiş suala cavab olaraq bildirdi ki, “Azəriqaz”ın əməkdaşları sayğaclara mütəmadi baxış keçirirlər. Qeyd olunan sayğacda hər hansı müdaxiləyə rast gəlinməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz, qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarının 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı maddəsinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Səmədov Rafı̇ q Xanhüseyn oğlunun hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Həmçinin, tərtib olunmuş aktla mənzildə yaşayan şəxs tərəfindən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmadığından cərimənin mənzildə yaşayan şəxsdən abonentin saldosuna əsasən tutulmasının hüquqi əsası yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2019-cu il tarixli, ******* nömrəli Aktına əsasən hesablanmış 450 manat borcun silinməsi ilə bağlı aktın ləğv edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 31.05.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 450 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 31.05.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 450 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumu «Azəriqaz» İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1283/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1283/2022
01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver