Məhkəmə qərarları › İş №2(007)-1319/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1319/2023

30.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1319/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.2003-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. X1 anadan olandan “Ağır kəmağıllıq (kəskin imbesillik), kobud nitq və davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir və ona 1ci dərəcəli əlillik verilmişdir. X1 əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna ehtiyac vardır. Oğlu özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə də, hesab edir ki, xx.xx.2003-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X1 faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Hesab edir ki, məhkəmə X5 fəaliyyət qabiliyyəti olmayan hesab etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X7 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 21 dekabr 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - AZ-İ seriyalı, 379353 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 dekabr 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X8, anası Ərizəçidır; - 57 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli 105 saylı arayışdan görünür ki, X6 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışın surətindən görünür ki, X6 İ qrup müddətsiz əlildir, əmək qabiliyyətsizdir. Diaqnoz: ağır kəmağıllılıq (kəskin imbesillik), kobud nitq və davranış pozuntuları ilə. İQ-21. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023cü il tarixli, 1564 saylı rəyindən görünür ki, X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F72.1) qeyd olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X4 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 21 dekabr 2003-cü il tarixdə doğulmuş X1 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F72.1) diaqnozu ilə qeydiyyatdadır. Ondan qeyd olunan psixi xəstəlik nəticəsində özünü idarə etmək və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2023-cü il tarixli, 1564 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21 dekabr 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 dekabr 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar