Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1326/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış MŞB/8/2023-00874 nömrəli, xx.xx.2023-cü il tarixli "Barışıq Sazişinin" məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə ailə qurmuş və onların aralarında rəsmi nikahları xx.xx.2017-ci il tarixində ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabınd 220 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından iki övladları: xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci ildə X4 dünyaya gəlmişdir. Evləndikləri vaxt münasibətləri yaxşı olsada, lakin sonradan münasibətləri pozulmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1894/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə onların aralarında xx.xx.2017-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 220 nömrə ilə qeydiyyata alınmış nikahları pozulmuşdur. Qeyd edir ki, onların aralarındakı nikahın pozulması barədə Mediasiya Şurasına müraciət etmişlər və ilkin mediasiya sessiyasında onlar tərəf olaraq razılığa gəlmişlər ki, birgə nikahlarından olan iki övladı onun himayəsində qalmalı və Maraqlı şəxs hər ay hər bir övladına 50 manat, cəmi 100 manat sabit məbləğdə aliment ödəməlidir. Lakin onların aralarında olan nikahlarının pozulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1894/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi qəbul edildikdən sonra o uzun müddət qətnamənin məzmunundan məlumatsız olmuşdur.Ona görə nikahın pozulması barədə qətnamədə övladlarının onun himayəsinə verilməsi və aliment ödənilməsi barədə məhkəmə aktına fikir verməmişdir. Hazırda hesab edir ki, məhkəmə qətnaməsində övladlarının onun himayəsinə verilməsi və övladalrına alimentin ödənilməsi hissəsi “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq Sazişin“ təsdiq edilməsi və övladlarının onun himayəsində saxlanılması və Maraqlı şəxs hər ay hər bir övladına 50 manat, cəmi 100 manat aliment tutulması qərara alınmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs iddia ərizəsini qəbul edərək bildirdi ki, barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci ildə X4 dünyaya gəlmişdir. Hazırda Ərizəçi ilə Maraqlı şəxs aralarında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) İkinci tərəf birgə nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yaşayış yeri anasının yanı olmaqla Ərizəçi himayəsində qalmasına etiraz etmir və razıdır. 2) Birgə nikahdan doğulan övladları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq aralarında istənilən gün təşkil edilməsi barədə razılığa gəldilər. 3) Aliment məbləği hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə 100 manat stabil olaraq uşaqlar yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür. 4) Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 00874saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 8 saylı Mediasiya təşkilatında, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, barışıq sazişi bağlanılan zaman ərizəçi ümumilikdə 200 manat mediasiya xərcini ödəmiş, buna görə də, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00874 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. İkinci tərəf (Maraqlı şəxs) birgə nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yaşayış yeri anasının yanı olmaqla Ərizəçi himayəsində qalmasına etiraz etmir və razıdır.
2. Birgə nikahdan doğulan övladları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə ikinci tərəfin (Maraqlı şəxs) görüşü birinci tərəf (Ərizəçi) tərəfindən maneəsiz olaraq aralarında istənilən gün təşkil edilməsi barədə razılığa gəldilər.
3. Aliment məbləği hər bir uşaq üçün 50 manat olmaqla ümumilikdə 100 manat stabil olaraq uşaqlar yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf (Maraqlı şəxs) öz öhdəsinə götürür.
4. Birinci tərəf (Ərizəçi) aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə (Maraqlı şəxs) təqdim etməyi öz öhdəsinə götürür.
5. Bu mübahisə ilə bağlı İkinci tərəfə (Maraqlı şəxs) qarşı Birinci tərəfin (Ərizəçi) qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov