Məhkəmə qərarları › İş №2(007)-1369/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1369/2025

10.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1369/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1977-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə anadan olub. X1, X2dır. Onların birgə nikahlarından 2008-ci ildə o, 2006-cı ildə Əli və 2015-cı ildə Hüseyn adlı övladları anadan olmuşdur. X1 xx.xx.2026-cı il tarixdə dəm qazından zəhərlənərək vəfat etmişdir. X2 qardaşları Əli və Hüseyn ilə birlikdə qohumu X6 məxsus, ünvan 1 ünvanında yaşayırlar. X3 himayəsindədirlər. X2 xəstədir. Xəstəliyin diaqnozu: “F.06.8 Baş beynin zədədlənməsi və disfunksiyası və ya somatic xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular. Baş beynin üzvi xəstəliyi, nəticəsində psixi pozuntular, kobud davranış pozuntuları və ifadəli ağıl xəstəliyi zəifliyi MMSE-14”

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X11 ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinı buraxdığını bildirmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur.

8. AZ-İ seriyalı 795597 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 372 № ilə qeyd edilmışdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X16 5744 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə müayinə olunub və ona “Üzvi mənşəli davranış pozuntuları və ağıl zəifliyi F06.8” diaqnozu qoyulmuşdur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X16 5792 №-li xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə müayinə olunub və ona “Üzvi mənşəli davranış pozuntuları və ağıl zəifliyi F06.8” diaqnozu qoyulmuşdur.

10. X17 Tomoqrafiya müayinəsində görünür ki, X8 “minimal serebellar atrofiya əlamətləri, hər iki frontal payda əsasən subkortika sahələrdə qliotik dəyişikliyə uyğun qeyri-spesifik xarakterli tək-tək kiçik ocaqlar” diaqnozu qoyumuşdur.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə “F.06.8 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular. Baş beynin üzvi xəstəliyi, nəticəsində psixi pozuntular, kobud davrnış pozuntuları və ifadəli ağıl xəstəliyi zəifliyi MMSE-14” diaqnozu qoyulmuşdur.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025ci il tarixli, 1694 saylı rəyindən görünür ki, X5 “Demensiya (ağıl zəifliyi)” (F71.1) aşkar olunur. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1977-ci il təvəllüdlü X2 “Demensiya (ağıl zəifliyi)” (F71.1) diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə xx.xx.2025-ci il tarixli, 1694 saylı rəy verilmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəllənin:

28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir.

15. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qızı Ərizəçi ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Nəticə:

17. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1977-ci il tarixdə Ağsu rayonu, Kəlağaylı kəndində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

18. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Ağsu rayonu, Kəlağaylı kəndində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada veridldiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar