Məhkəmə qərarları › İş №2(007)-1370/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1370/2022

27.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1370/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcun sislinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcun sislinməsi və elektrik saycağının iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, 02 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 1, 26 saylı mənzili 4 saylı Bakı «Asan Xidmət»Mərkəzində alqı-satqı müqaviləsi imzalayaraq X1 almışlar.07 sentyabr 2021-ci il tarixdə aldıqları evi öz adına sənədləşdirərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışlar.Evi aldıqdan və iddiaçının adına sənədləşdirdikdən sonra "xxxx" ASC-nə müraciət edərək işiq sayğacının iddiaçının adına sənədləşməsini xahiş etmişlər. "xxxx" ASC-dən onlara ünvanlanmış məktubda **********10020 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında adına vərəqi təhlil olunarkən 28 noyabr 2006-cı il tarixdə elektrik enerjisindən qeydiyyatsız istifadəyə görə akt tərtib edilərək hesabat verilməsi bildirilib. 22 iyul 2009-cu il tarixə kimi mənzildə yaşayış olduğu üçün sayğacsız enerji istifadəsinə görə hesabata enerji dəyəri əlavə edilib.Bu barədə cavabdeh təşkilata evi alqı-satqı müqaviləsi ilə aldıqları X2 bu vaxta kimi heç bir məlumat verməyib. Onlar ərizə ilə "xxxx" ASC-nə sayğacı öz adlarına sənədləşdirmək istəsələr də borc məsələsi ortaya çıxmışdır. Halbuki, evi aldıqları şəxs Z.Y.Məmmədova daim istehlak eldiyi işığa görə borcunu ödəyib.Lakin cavabdeh təşkilat işıq sayğacına qanunsuz və əsassız borc yazıb. Bunu sübuta yetirmədən və heç bir əsas olmadan yüksək məbləğdə borc yazıb.Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq onların təqsiri olmadan baş verən hadisəyə görə də öhdəlik daşımırlar. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin iddiaçının qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və iddiaçının təqsirli olmasını sübuta yetirməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən hesablanmış 2308 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər:öz hərəkətlərinə hüquqi ixtiyar;başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.Belə ki, məhkəməyə təqdim etdiyikləri **********10020 saylı abunə haqqında məlumatın təhlili zamanı iddiaçının hal-hazırki tarixədək 2308.05 manat borcunun olduğu, qeyd edilən borcun iddiaçının halhazırda yaşadığı mənzilinə 22.07.2009-cu il tarixdə sayğac quraşdırılanadək mənzildəki elektrik işlədicilərinin və mənzildə yaşayan şəxslərin sayı nəzərə alınmaqla işlətmə gücünə görə orta sərfiyyata əsasən hesablanmış sərfiyyat borcunun olduğu məlum olur.Həmçinin iddiaçının iddia üzrə silinməsini tələb etdiyi borcun **********10020 saylı abunə koduna hesablanması və həmin kod üzrə istehlakçının Əlizamin Kərimov adlı şəxsin olması məlum olmuşdur."Elektrik enerjisindən istifadə Qaydaları"nda məişət abonenti dedikdə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində məişət məqsədləri üçün elektik enerjsindən istifadə edən istehlakçı başa düşülür.Həmin Qaydalara əsasən abonent (əsas istehlakçı) dedikdə elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı başa düşülür.Həmin Qaydalara əsasən elektrik enerjisinin istehlakçısı dedikdə müqavilə əsasında elektrik enerjisini satın alan və ondan el ektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs başa düşülür.Belə ki, iddiaçının yaşadığı mənzilə 07.09.2021-ci il tarixdə mülkiyyət hüququ əldə etdiyini, silinməsini tərtib etdiyi borcun isə 2009-cu il tarixədək yarandığını və borc yarandığı müddətdə mənzilin mülkiyyətiçisi olmadığı üçün təbii olaraq elektrik enerjisinin istehlakçısı olmadığını,həmçinin elektrik enerjisinin alqı-satqı müqaviləsinin Əlizamin Kərimov adlı şəxslə "xxxx" ASC arasında bağlandığından mübahisələndirilən borcun məhz həmin abonentin adına olan abunə koduna hesablandığı nəzərə alınsa, İddiaçı hazırki iş üzrə nə abonent, nə də ki faktiki elektrik enerjisinin istehlakçısı olduğundan məhkəmə tərəfindən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir.Bu səbəbdən hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd olunan hallar nəzərə alınmaqla hazırki iş üzrə İddiaçı məhkəmə tərəfindən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməli və iddia məhkəmə tərəfindən rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan **********10020 saylı abunə haqqında məlumatdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi,Zığ Şossesi 01 saylı evin 20 saylı mənzili üzrə Kərimov Əlizamin adlı şəxsin 2009-2022-ci illər ərzində enerji sərfiyyatı üzrə ödənilməmiş 2308.05 manat borcu vardır. İş materiallarında olan DƏDRX-dən verilmiş çıxarışdan görünür ki,İddiaçı həmin mənzilə mülkiyyət hüququ 07.09.2021-ci il tarixdən qeydiyyatdan keçmişdir.Abonent saldosubdan görünür ki,hal-hazırda qeyd olunan məbləğdə borc İddiaçı elektrik enerjisinə olan borcu kimi qiymətləndirilir və hissə-hissə onun etdiyi ödənişlərdən çıxılır.Belə olan halda cavabdehin gətirdiyi “iddiaçının başqa borca görə iddia qaldırması üçün subyektiv hüququ yoxdur” kimi arqument əsassızdır. Belə ki, borc qalığının ödənilməməsinə görə iddiaçı kommunal xidməti öz adına sənədləşdirə bilmir və ondan borcun hissə-hissə də olsa ödənilməsi tələb olunur.Belə olan halda iddiaçı istifadə etmədiyi elektrik elektrik enerjisinin haqqını ödəmək məcburiyyətində qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Şossesi 01 saylı evin 26 saylı mənzili 07.09.2021-ci il tarixdə əldə etmişdir. Mənzili əldə edərkə mənzil üzrə əvvəlki sakinlərin **********10020 saylı abonent nömrəsi üzrəv 2308.05 manat manat borcu olmuşdur. Hazırda həmin borc hissə-hissə iddiaçıdan çıxılır. Borc qalığına görə iddiaçı kommunal xidməti öz adına sənədləşdirə bilmir. Məhykəmə hesab edir ki,iddiaçı mənzili əldə edərkən qeyd olunan məbləğdə borcun ödənilməsi üçün öhdəlik götürmədiyindən borcun ondan tələb olunmasının hüquqi əsası yoxdur. Mənzil üzrə borc qalığının olması iddiaçının müəyyən hüuqlarını məhdudlaşdırır. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır.Ona görə də məhkəmə iddianı əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Şossesi 01 saylı evin 26 saylı mənzili üzrə **********10020 saylı abonent nömrəsinə elektrik enerjisinə görə hesablanmış 2308 manat borc silinsin. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar