Məhkəmə qərarları › İş №2(007)-1395/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1395/2021

17.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1395/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 oğluna qarşı müqavilənin bağlanmış hesab edilməsi ya da sökülmüş mənzilə görə kompensasiya verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 oğluna qarşı qarşı müqavilənin bağlanmış hesab edilməsi ya da sökülmüş mənzilə görə kompensasiya verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən “Azneft ” İB-nin Təmir Tikinti İdarəsidə iş icraçısı vəzifəsində işləmişdir. O zaman işlədiyi idarənin rəhbərliyi onun yaşamağa xususi mənzili olmamasını nəzərə alaraq “Azneft” İB Sosial Xidmətlər İdarəsi rəisinin imzası ilə 11 iyul 2003-cü il tarixdə 3 nömrəli orderlə müəssisənin balansında olan Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı mənzilini ona verib. Həmin vaxt ona verilən otaq Cəbrail rayonundan məcburi köçkün düşən Cavabdeh2 tərəfindən zəbt edilib və 6 nəfərdən ibarət ailəsi ilə birlikdə həmin otaqdayaşayırdı. O,həmin vaxt otağı zəbt edənlərin çıxarılmasını tələb etdikdə, məcburi köçkün Məmədov İlqar bildirmişdir ki, bir neçə aya Azərbaycan Respublikası Məcbiri Köçkün və Qaçqınların İşləri üzrə Dövlət Komitəsi onun ailəsini başqa yaşayış sahəsində yerləşdirəcək.Onların vəziyyətini nəzərə alaraq razılaşmışdır. Lakin bir neçə ay keçdikdən sonra məcburi köçkün ailəsi olan Cavabdeh2 ailəsini mənzildən çıxartmamışdır.Onda olan məlumata əsasən Cavabdeh2 ailəsi böyük olduğu üçün başqa mənzil verilməsinə baxmayaraq, onun mənzilini boşaltmaqdan imtina edirlər. Həmin vaxtı ona bildirilmişdir ki, Respublika Prezidentinin Fərmanına əsasən məcburi köçkün və qaçqınlar öz doğma yurd-yuvalarına qayıdana kimi yerləşdikləri mənzildən çıxarılmayacaqlar. Ona görə də yenidən müəssinənin rəhbərliyinə müraciət edərək başqa mənzil verilməsini xahiş etmiş,ona bildirilmişdir ki, bir müddət gizləməlidir.Məcburi köçkünlərə dövlət xətti ilə mənzil veriləcək və o zaman onun otağı ona qaytaraılacaqdır.” Bu səbəbdən də məcbur olub gözləmişdir.2016-cı ildə ona məlumat verilmişdir ki, təcili olaraq yataqxanaya gəlməlisən, yataqxana binası söküntü ərazisinə düşdüyündən söküləcək və onun yerində müasir şəhərsalama tələblərinə cavab verən bina tikiləcəkdir.Bunun üçün yataqxanada otaq sahibləri ilə “Razılaşdırma müqaviləsi" bağlanacaqdır.O, 2016-cı ilin may ayında yataqxananın yerləşdiyi binaya gəlmiş və yataqxananın komendatı ilə görüşmüşdür.Həmin vaxt onlar birlikdə yataqxanada sakinlərlə görüşən Cavabdeh1 MMC rəhbərəri ilə görüşmüşdür.Tikinti şikətinin rəhbəri bildirmişdir ki,yataqxananın söküləcəyi ilə əlaqədar yataqxanada otaq sahibləri ilə iki formada müqavilə bağlanacaqdır.Yəni yataqxanada otaq sahibləri pul ilə kompensayia edilməlklə yataqxanadan çıxmarılacaqlar ya da yataqxanada otaq sahibləri ilə müqavilə bağlanaraq onlara gələcəkdə tikiləcək binada eyni ölçülü, lakin 20 % əlavə olmaqla başqa mənzil veriləcək.O da razilaşmışdır. Ona görə də 19 may 2016-cı il tarixində Cavabdeh1 MMC nin təmsilçisi X2 ona “Razılaşma ” müqaviləsində onun ad,soyadı, ata adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, otağının nömrəsi və ona aid digər məlumatları olan müqavilə təqdim etmişdir.O həmin müqavilədə “Mənə təklif olunan şərtlə mən tam razıyam, heç bir etirazım yoxdur” yazılmışddı və 2 nüsxədə ona təqdim edilmişdi.O, təqdim olunan iki nüsxəli müqavilənin hər ikisinə imza edərək bir nüsxəsini ona qaytarmışdır. O zaman Fərid Qəhrəmanov ona bildirmişdir ki, “Raılaşmanın” digər nüsxəsinə şirkətin rəhbərliyinə imza etdirib və möhürlə təsdiqləyib ona təqdim edəcək və ondakı nüsxə onlara qaytaralacaq. Həmin vaxtı o, Qəhrəmanov Fəridin hərəkətindən şübhələnməmişdi. Lakin bir aydan sonra, yəni 14 iyul 2016-cı ildə o, yenidən yataqxanın binasına getmiş və işlərin hansı səviyyədə olduğunu soruşmuşdur.Fərid Qəhrəmanov ona bldirmişdir ki, “işləyirik, yaxın vaxtlara sənə ələvə məlumat verəcəklər”Eyni zamanda şirkətin rəhbərinin Nizami Rayon İcra Hakimyyətinə çağırıldığını bildirmişdir. Fəridin cavabı onu qane etmədiyi üçün narahatlıq keçirmişdir. Buna görə 14 iyul 2016-cı ildə Nizami Rayon İcra Hakimiyyətinə getmiş, orada söküləcək binanın 10-a yaxın sakinlərinin olduğu görmüşdür.Onlar ilkin olaraq Təsərrüfat Şöbəsinin müdiri Tariyel müəllimin qəbulunda olmuşlar. İcra Hakimiyyətinin Başçısı onları qəbul etməmişdir. 15 iyul 2016-cı ildə İcra Hakimiyyəti Başçısının qəbuluna yazılmışlar. Həmin vaxt icra hakimiyyətinə çağırılan Cavabdeh1 MMC-nin rəhbəri Ruslan müəllim onları qəbul edib məsələni həll edəcəyini bildirməklə sakinləri sakitləşdirmişdir. 2017-ci ilin noyabrın 30 da tikinti şirkətinə gedərək Ruslan müəllimlə görüşmək istədiyini bildirdikdə demişlər ki, Ruslan müəllim xarici ölkəyə gedib, ona görə də onu Fərid müəllim qəbul edib və bildirib ki, 2018-ci ilin 1 marta kimi bina sakinləri ilə müqavilə bağlayacaqlar. 2018-ci ilin martın 1-də o,yenidən şirkətə getmiş, Ruslan müəllim olmadığı üçün çətinliklə Fəridlə görüşmüşdür. Fərid bir neçə günə ona zəng edəcəyini bildirmişdir. Lakin Fərid ona zəng etmədiyi üçün 6 martda özü Fəridə zəng etmişdir.Telefonda Fərid ona bildirmişdir ki, 2018-ci ilin apel ayında müqavilənin rəsmiləşdirilməsi üçün şirkətə gələrsən. 03 aprel 2018-ci ildə o,şirkətə gəlmiş,lakin Fərid şirkətdə olmadığından onu şirkətə buraxmamışlar. O zaman Fərid telefona cavab verməmişdir. Sonradan onunla telefon əlaqəsi saxladıqda Fərid bildirmişdir ki,növbəti ayın axırı gələrsən. Fəridin dediyi vaxtda gəldikdə Fərid yenidən növbəti ayın sonunda gəlməyi bildirirmişdir. Beləliklə, Fərid bir il müddətində bu gün sabaha salaraq onu aldatmışdır. 08 avqust 2019-cu il tarixində rəsmi ərizə ilə şirkətə müraciət etməsinə baxmayaraq, onun ərizəsinə bu vaxta kimi cavab verilməmişdir. 2019cu ilin sonunda telefenla Fəridlə əlaqə saxlayarkən ona bildirmişdir ki, artıq mənzildə qanunsuz yaşayan, məcburi köçkün Cavabdeh2la müqavilə bağlanıb. Həmin vaxt o,etiraz etsə də heç bir nəticəsi olmamışdır.Hesab edir ki, orderlə ona məxsus mənzil barədə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında razılaşma-müqavilə bağlanmasının heç bir hüquqi əsası olmadığından ləğv edilməlidir. Onu da qeyd edir ki, 2020-ci il tarixində bütün dünyada o cümlədən respublikada yayılan COVİD-19 pandemiyasına görə yaşı 65-dən çox olduğundan evdən bayıra çıxmaqda çətinlik çəkmişdir.Bu barədə heç kimlə hüquqi məsləhətləşmələr apara bilməmişdir. Hazırda hesab edir ki, müəssisənin hərəkətləri qanunsuzdur və onun adına olan mənzilə görə ona qanunla müəyyən edilən formada ya fərdi mənzilə verilməli, ya da onun mənzilinə görə müəyyən edilən məbləğdə kompensasiya ödənilməlidir.Qeyd olunanlara əsasən Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı mənzilinin ictimai ehtiyaclar üçün sökülməsi barədə bağlanmış razılaşma-müqavilənin etibarsız hesab edilməsi,onunla Cavabdeh1 MMC arasında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı mənzilinin ictimai ehtiyaclar üçün sökülməsi barədə 19.05.2019-cu il tarixdə tərtib edilmiş razılaşma-müqavilənin bağlanmış hesab edilməsi, onunla Cavabdeh1 MMC arasında 19.05.2019-cu il tarixdə tərtib edilərək bağlanmış razılaşmaya əsasən ictimai ehtiyac ilə əlaqədar cavabdeh Cavabdeh1MMC tərəfindən 2017-2019-cu illərdə Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı ümumi sahəsi 30 kv.m. olan mənzilin sökülərək yerində inşa olunan çoxmərtəbəli-çoxmənzilli yaşayış evindən ona qanunla müəyyən olunan ölçüdə mənzil verilməsi,ya da onun mənzilinin ölçüsünə görə qanunla müəyyən olunan qaydada hesablanmaqla(30 kv.m. x 1500 manat= 4500 manat) kompensasiya ödənilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etmədi və izahat verərək bildirdi ki,əvvəlki məhkəmə iclasında iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə təqdim etmişdir. Həmin ərizəmi müdafiə edir.Əlavə olaraq qeyd edir ki, iddiaçının iddia vermək hüququ olsaydı belə o, 5 il əvvəl iddia qaldıra bilərdi, indiki halda isə iddiaçının idda etdiyi tələb üzrə iddia müddəti keçibdir. Bu isə o, deməkdir ki, iddia müddəti tətbiq edilməklə iddiaçının iddia tələbi rədd edilməlidir. Subyektiv hüququn olmaması əsası ilə isə iddia icraatına xitam verilməlidir.Belə ki, ididaçı öz ərzəsində qeyd edir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 iyun 2016-cı il tarixli müqavilə bağlanıb. Lakin İnteks MMC-yə qarşı iddia tələbini isə düz 5 ildən artıq vaxt keçdikdən sonra irəli sürüb. Əgər onun hüququ pozulubsa elə müqavilə bağlanan andan “İnteks MMC”-nə qarşı iddia qaldırardı. Hətta vaxtında iddia qaldırsaydı belə onların buna heç bir hüququ yoxdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının iddiası əsassızdır. Odur ki, qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 oğlu iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı mənzilinin ictimai ehtiyaclar üçün sökülməsi barədə bağlanan razılaşma-müqaviləsinin etibarsız hesab edilməsi xahiş edir. İddiaçı öz iddiasının "əsaslandırmaq" üçün, 1996-cı ildən "Azneft" İBnin Təmir likinti İdarəsində işləməsini, Sosial Xidmətlər İdarəsinin rəisinin imzası ilə 11 iyul 2003-cü ildə ona mübahisəli mənzilə dair order verilməsini, 2016-cı ilin may ayında onunla "xxxx" MMC arasında razılaşma müqaviləsinin bağlanmasını, sonradan aldadıldığını hiss edərək, "xxxx" MMC-nin və Nizami rayon İcra Hakimiyyətinin müxtəlif vəzifəli şəxsləri görüşməsini bildirir və Mülki Məcəllənin müxtəlif müddələrina istinad edir. Həmçinin iddia ərizəsinə qoşulan sənədlərin siyahısında səs yazılarının diski olduğunu qeyd edir. İddia ərizəsində göstərilənlərlə əlaqədar bildirir ki, məhkəmə həmin şəxsin subyektiv hüquqa malik olub-olmamasının araşdırmalıdır.Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər. Öz hərəkətlərinə hüquqi ixtiyar. Başqa şəxslərdən tələb etmək hüququ.Müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementlərim birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasında, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.Cavabdeh1 ilə onun arasında "Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı mənzilinin ictimai ehtiyaclar üçün sökülməsi barədə" bir müqavilə bağlanmayıb. Göstərilən Tərəflər arasında 24 iyun 2016-cı ildə "Məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri" barədə müqavilə bağlanıb. "Azneft" İB-nin Sosial Xidmətlər İdarəsinin rəisinin imzası ilə 11 iyul 2003-cü ildə İddiaçı mübahisəli mənzilə dair order verilməsi tamamilə qanunsuzdur. Qanunvericiliyin tələbinə görə order yalnız boş olan sahəyə verilə bilər. Həmin vaxt həmin mənzildə qaçqın ailəsi yaşadığı üçün həmin sahəyə order verilməsi tamamilə qanuna ziddir. Digər tərəfdən yataqxanalardakı otaqlara orderin verilməsi üçün birinci növbədə müdiriyyətlə həmkarlar ittifaqı komitəsinin qərarı olmalıdır və bu barədə protokol tərtib edilməlidir. Həmçinin həmin şəxs iş yerində mənzil şəraitini yaxşılaşdırmaq istəyənlərin siyahısında növbədə olmalıdır. Belə bir qərar, belə bir siyahı iş materiallarında yoxdur. Həmçinin yataqxanalarda otaq həmin şəxsə işlədiyi müddətdə verilir. Şəxs işdən çıxarkən həmin yeri təhvil verməlidir.Onda olan məlumata görə iddiaçı hazırda pensiyaya çıxıb və həmin şəxsin müəssisə ilə heç bir əlaqəsi yoxdur. Torpaqların alınması zamanı tikinti aparan şəxs əvvəlcə müvafiq qurumlara müraciət edərək həmin sahədə məskinlaşmış, həmin sahəyə hüququ olan şəxslərin siyahısını istəyir. Müvafiq ququrumların verdiyi cavabda mübahisəli mənzildə onun öz ailəsi ilə birlikdə yaşaması təsdiq olunur. İddiaçı isə bir gün də olsun mübahisəli sahədə yaşamayıb. O, özü 01.02.1996-cı ildən ARDNŞ-nin "Xəzərədənizneftsosialtikinti" trestinin Tikinti Quraşdırma İdarəsində işləmişdir. İddiaçıya order verilməmişdən əvvəl o, ailəsi ilə birlikdə rəsmi qaydada həmin mənzildə məskunlaşdır. Həmin mənzildə o, ailəsi ilə birlikdə yaşadığı üçün həmin şəxs digər yataqxanada otaqla təmin edilib. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılsın. Məhkəmə işdə iştirak şəxslərin izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: “Azneft”İB-nin Sosial Xidmət İdarəsindən verilmiş 11. 07.2003-cü il tarixli 03 saylı orderdən görünür ki, İddiaçı istifadəsinə bir nəfər ailə üzvü ilə 89 saylı yataqxananın 3 saylı otağı verilmişdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı,13.07.2019-cu il tarixli arayışdan görünür ki,İddiaçı ailə üzvləri ilə birlikdə 26 iyul 2003-cü il tarixdən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 89 nömrəli yataqxananın 3 saylı otağında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 30 may 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında hər hansı bir müqavilə bağlanmamışdır. Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 89 nömrəli yataqxananın 3 saylı otağının əvəzinə həmin ünvanda yaşayan Cavabdeh2 oğluna tikiləcək yeni binada məcburi köçkünün müvəqqəti məskunlaşması üçün 2 otaqlı mənzilin istifadəsinə verilməsi və mənzil təhvil verilənədək kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə 06 iyun 2016-cı il tarixli müqavilə bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh2 oğlu arasında bağlanmış 06 iyun 2016-cı il tarixli “Məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəliklərinə dair müqavilənin məzmunundan görünür ki,şirkət Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 89 nömrəli yataqxananın 3 saylı otağının əvəzinə həmin ünvanda yaşayan Cavabdeh2 oğluna tikiləcək yeni binada məcburi köçkünün müvəqqəti məskunlaşması üçün 2 otaqlı mənzilin istifadəsinə verilməsi və mənzil təhvil verilənədək kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Məcbiri Köçkün və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Nizami rayon sektorundan verilmiş 1036 saylı,02.06.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,Cəbrayıl rayonundan məcburi köçkün Cavabdeh2 055150 saylı karta əsasən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi 89 nömrəli yataqxananın 3 saylı otağında(bina sökülüb) məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. SOCAR-ın sosial məsələlər üzrə vitse prezidenti Bədəl Bədəlov tərəfindən məhkəməyə ünvanlanmış 18 avqust 2021-ci il tarixli məktubda qeyd olunur ki,Azərbaycan Respublikası Nazirlər Kabunetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları,yataqxanalar və qeyri yaşayış sahələri bütün sənədlərlə bərabər Bakı Şəhəri İcra Hakimiyyətinin balansına verilmişdir.Həmçinin bildirilmişdir ki,sorğuya aid edilmiş sənədlər SOCAR-ın aidiyyəti struklarında aşkar edilməmişdir. İddiaçı SOCAR üzrə 15.04.2005-ci ildən mənzil uçotundadır.Mənzillə təmin olunmamışdır.Cavabdeh2 barədə isə hər hansı bir məlumat aşkar edilməmişdir. İddianın təmin olunmaması qənaətinə gələrkən məhkəmə aşağıdakı arqumentlərə istinad edir.

1. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Azneft”İB-nin Sosial Xidmət İdarəsinin 11 iyul 2003-cü il tarixdə verdiyi 3 nömrəli orderlə müəssisənin balansında olan Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsindəki 89 yataqxananın 3 saylı otağı İddiaçı 1 nəfər ailə üzvü ilə verilmişdir.Lakin həmin order verilərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mübahisənin yarandığı an qüvvədə olan 48-ci maddəsinin tələbləri pozulmuşdur.Həmin maddəyə əsasən order yalnız boş olan ayrıca otağa verilə bilər.İddiaçının özünün verdiyi izahatlardan və işin digər faktiki hallarından görünür ki,iddiaçıya order verilən vaxt qeyd edilən mübahisəli yaşayış sahəsində Cəbrayıl rayonundan məcburi köçkün olan hazırkı iş üzrə Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayırdı. 2.İddiaçının tələblərindən biri Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı mənzilinin ictimai ehtiyaclar üçün sökülməsi barədə bağlanmış razılaşma-müqavilənin etibarsız hesab edilməsidir.Halbuki iddaçı belə bir müqavilənin mövcudluğunu təsdiq edən sübutları və ya müqavilənin surətini məhkəməyə təqdim etməmiş,Cavabdeh1 MMC isə Cavabdeh2 ilə bu məzmunda nüqavilə bağlanmadığını bildirmişdir. 3.Hal-hazırda müqavilənin(razılaşmanın)bağlanmış hesab edilməsi ilə əlaqədar münasibətləri tənzimləyən maddi-hüquq normaları mövcud deyil.İddiaçınınCavabdeh1 MMC-yə bu məzmunda müqavilə bağlamaq məqsədi ilə müraciət etməsi üçün hər hansı bir maneə olmamışdır.Lakin iddiaçı şirkətə belə bir müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, müqavilənin(razılaşmanın) məhkəmə yolu ilə bağlanmış hesab olunmasına nail olmaq qərarına gəlmişdir.Düzdür,bunu onunla əsaslandırmışdır ki,hələ 2016-cı il tarixdə müqavilə birtərəfli qaydada bağlanmışdır və Cavabdeh1 MMC həmin müqaviləni təsdiqləyəcəyi barədə iddiaçıya vəd vermişdir.Lakin işin bu halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

4. Onunla Cavabdeh1 MMC arasında 19.05.2019-cu il tarixdə tərtib edilərək bağlanmış razılaşmaya əsasən ictimai ehtiyac ilə əlaqədar cavabdeh Cavabdeh1MMC tərəfindən 2017-2019-cu illərdə Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 nömrəli evin 3 saylı ümumi sahəsi 30 kv.m. olan mənzilin sökülərək yerində inşa olunan çoxmərtəbəli-çoxmənzilli yaşayış evindən ona qanunla müəyyən olunan ölçüdə mənzil verilməsi,ya da onun mənzilinin ölçüsünə görə qanunla müəyyən olunan qaydada hesablanmaqla(30 kv.m. x 1500 manat= 4500 manat) kompensasiya ödənilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbləri də yuxarıda göstərilən əsaslara görə təmin oluna bilməz.Belə ki,tərəflər arasında hər hansı müqavilə yoxdur və müqavilənin(razılaşmanın) bağlanmış hesab olunması tələbi təmin edilmədiyi halda həmin tələbdən irəli gələn digər tələblərin hüquqi əsası yoxdur. 5.İddiaçı qanunla müəyyən olunan iddia müddətini ötürmüşdür və Cavabdeh1 MMC mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı özü qeyd etmişdir ki,2003-cü ildə ona order verilərkən həmin otaqda başqa şəxslərin yaşadığını bilmiş,bununla əlaqədar müdiriyyətə müraciət edərək yeni yaşayış sahəsi tələb etmiş,lakin ona gözləməyi məsləhət bilmişlər.Qeyd olunan hallar iddia müddətinin üzürlü səbəbdən ötürülməsini ehtiva edən qanunla müəyyən olunan hallara aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Bundan başqa,qanunla müəyyən olunmuş iddia müddətini açıq-aşkar ötürmüşdür.Ona görə də iddia təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh1 MMC-nə qarşı müqavilənin bağlanmış hesab edilməsi ya da sökülmüş mənzilə görə kompensasiya verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair İddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar