Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1409/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında yerləşən 40 nömrəli mənzildən istifadə hüququna kompensasiya ödənilməməklə xitam verilməsi və bununla da onun qeydiyyatdan çıxarılması üçün hüquqi əsas olmasını xahiş etmişlər.
2. xx.xx.2025-ci ildə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında yerləşən 40 nömrəli mənzildən istifadə hüququna kompensasiya ödənilməməklə xitam verilməsini xahiş etmişlər.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyim çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında yerləşən 40 №-li mənzilin 1/2 hissəsi İddiaçı1, digər 1/2 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. İddiaçı1 və İddiaçı2 doğmaca qardaşlardır. Hazırda sözügedən yaşayış sahəsində (reyesr nömrəsi **********40-05101-093046) İddiaçı1, onun qızı Cavabdeh, İddiaçı2 və onun oğlu X2 qeydiyyatdadırlar. Hesab edirlər ki, yuxarıda adıçəkilən şəxslərdən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında yerləşən 40 saylı mənzildən istifadə hüququna xitam verilməlidir, çünki o, faktiki olaraq uzun illər ərzində həmin mənzildə deyil, tamamilə fərqli ünvanlarda yaşayır. Onun mənzildən istifadə hüququna malik olması və həmin ünvan üzrə qeydiyyatda olması mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırır. Qeyd etmək istəyirlər ki, sözügedən mənzil vaxtıkən birgə iddiaçıların valideynlərinə məxsus olmuş, Cavabdeh isə yalnız uşağlığı dövründə nənə və babasını ziyarət etmək üçün həmin mənzilə gəlibdir. Hazırda isə onun atası ilə aralarında hər hansı münasibətləri yoxdur. Cavabdeh yuxarıda göstərilən ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsinin və bunun nəticəsində qeydiyyatdan çıxarılmasının onun həyatına və yaşayış şəraitinə hər hansı təsiri yoxdur. Belə ki, 07 avqust 2018-ci il tarixdə atası İddiaçı1 tərəfindən ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən 8 saylı, 2 otaqlı mənzilini qızı Cavabdeh qızma bağışlanıb, üstəlik qızının anası, keçmiş arvadı X4 mülkiyyətində də ünvan 3 ünvanında tək qaldığı mənzili var. Hazırki, iddia ərizəsində də cavabdehin ünvanı kimi anasının (İddiaçı1 keçmiş arvadının) ünvanı göstərilib, çünki Cavabdeh hazırda qaldığı dəqiq ünvanı birgə iddiaçılara məlum deyil. Əlavə olaraq qeyd olunmalıdır ki, Cavabdeh artıq müəyyən müddətdir ki, evlidir və birgə iddiaçılarda olan məlumata əsasən, əri ilə birlikdə tamamilə başqa ünvanda kirayəçi qismində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində təsbit olunmuş kompensasiyaya dair müddəasına gəldikdə isə onu bildirirlər ki, birgə iddiaçılar mənzilin mülkiyyətçiləri olaraq cavabdehə kompensasiya ödəməli olduqlarını hesab etmirlər, çünki Cavabdeh qeyd olunan mənzilə (ondan istifadə etmək hüququna) ehtiyacı yoxdur. Belə ki, Cavabdeh sözügedən mənzildə heç vaxt yaşamayıb, anasına məxsus ünvan 3 ünvanında yerləşən mənzildə yaşayıb. Bundan əlavə, hazırkı ərizəyə qoşulan xx.xx.2018-ci il tarixli, 4Ə-İ323 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, cavabdehə atası tərəfindən mənzil bağışlanıb və bununla da bütün yarana biləcək yaşayış ehtiyacları təmin edilib. Cavabdeh əvəzinə kommunal xərclərdə əlavə ödənişlər edilir. Bundan əlavə, onun mənzildə qeydiyyatda qalması və ondan istifadə hüququna malik olması mülkiyyətçilər olaraq həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış veri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdeh isə faktiki olaraq başqa yerdə yaşaması, amma onların evində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Qeydiyyatda qalmasının səbəbi isə mənzildən istifadə hüququna malik olmasıdır.
İş materialları:
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 105, məznil 40 Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, giriş 677, M3, m1 ünvanında yerləşən mənzilin ½ hissəsi İddiaçı2 və ½ hissəsi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində uyğun olaraq ********** və ********** №-si ilə qeydiyyata alınmışdır.
5. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı1, X5, X3 və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 105, məznil 40 Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, giriş 677, M3, m1 ünvanında qeydiyyatdadırlar.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-213-30/2-15726/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən mənzil ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 2V-61 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X6 (1/3 hissə), İddiaçı2 (1/3 hissə) və İddiaçı1 (1/3 hissə) adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-1125 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən X11 özünə məxsus hissəni İddiaçı2 və İddiaçı1 bağışlamışdır. Hazırda mənzilin 1/2 hissəsi İddiaçı2 və 1/2 hissəsi İddiaçı1 mülkiyyətlərindədir.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqeasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu ünvan 6ında qeydiyyatdadır.
8. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ünvan 5 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır.
9. 143 saylı MKİS-in xx.xx.2025-ci il tarixli 439 saylı arayışından görünür ki, Cavabdeh qeydiyyatda olmasına baxmayaraq, qonşuların aktına əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 6ında yaşamır.
Tərəflərin izahatları:
10. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı:
12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 6ında yerləşən mənzil İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərindədir. Cavabdeh iddaçı İddiaçı1 qızıdır və cavabdeh xx.xx.2012-ci il tarixdə atasının yaşayış yeri üzrə mənzilə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçılarının mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi onların mənzil hüquqlarını pozur. Hazırda iddiaçılar əmlakı barədə sərəncam vermək hüquqlarını həyata keçirmək imkanından məhrum olublar. Bu da iddiaçıların xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıları dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
21. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. Tərəflər arasında mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2012-ci ildən, yəni cavabdeh valideynlərinin (İddiaçı1) yaşayış yeri üzrə Bakı şəhəri, Nizami rayonu, ünvan 6ında yerləşən mənzilinə qeydiyyatda düşməsindən sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
24. Bundan başqa, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
26. Eyni zamanda, qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
28. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu ünvan 6ında yerləşən mənzil İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərindədir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. 143 saylı MKİS tərəfindən tərtib edilmiş arayışa əsasən Cavabdeh mübahisə predmeti olan mənzildə qeydiyyata düşsə də, həmin mənzildə yaşamır. İddiaçılar cavabdehin həmin mənzildə heç vaxt yaşamadığını, onun pasport qeydiyyatında olmasının formal xarakter daşıdığını bildirirlər. Cavabdehin onların mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirmək hüququ məhdudlaşdırıldığından məhkəməyə müraciət etmək qərarına gəlmişlər.
29. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən mənzilini qızı, yəni cavabdehə bağışlamış, sonuncusi isə hədiyyəni qəbul etmişdir. Cavabdeh hazırda evlidir.
30. Bununla yanaşı Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçılara mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir.
31. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
32. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, cavabdehin mübahisə mənzildə qeydiyyatı formal xarakter daşıdığından, həmin ünvanda yaşamadığından onun Bakı şəhəri, Nizami rayonu ünvan 6ında yerləşən mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.
Nəticə:
33. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 6ında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir.
34. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 6ında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva