Məhkəmə qərarları › İş №2(007)-1413/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1413/2025

18.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1413/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsimaraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Məlikov Məhərrəm”in adına tərtib edilmiş X3 və Qiymətləndirilməsinə aid texniki pasportunun Bakı şəhəri 1 saylı Notariat Ofisinin 23 oktyabr 2024-cü il tarixli, 698 nömrəli məktubunda hüquq sahibi kimi qeyd olunmuş “Məhərrəm Məlikməmməd oğluna” məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dairqətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportun “Məlikov Məhərrəm”ə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

3. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1929-cu ildə anadan olmuş və xx.xx.1982-ci ildə vəfat etmiş atası, Məhərrəm Məlikməmməd oğlundan miras qalmış, ünvan 1 ünvanında yerləşən əmlakı Dövlət Reyestrində Qeydiyyata alınmaqla arayışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********50 № li məktubu ilə Hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına imtina verilmişdir. İmtinaya səbəb kimi Bakı şəhəri 1 saylı Notariat Ofisinin 23 oktyabr 2024-cü il tarixli, 698 № li məktubunda hüquq sahibi kimi "Məhərrəm Məlikməmməd oğlu”, 20 noyabr 1961-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "X3 və Qiymətləndirilməsinə aid texniki pasportda isə "Məlikov Məhərrəm" qeyd olunması və eyni şəxs olması barədə sənəd təqdim edilməməsi göstərilmişdir. Bakı şəhəri, Nizami rayon X2 Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1982-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə Ərizəçi xx.xx.1982-ci ildə vəfat etmiş atası, "Məhərrəm Məlikməmməd oğlu" kimi qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 20 noyabr 1961-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş "X3 və Qiymətləndirilməsinə aid “texniki pasport rus əsilli, Bloxin soyadlı şəxs tərəfindən tərtib edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən "Məlikov Məhərrəm”in adına tərtib edilmiş "X3 və Qiymətləndirilməsinə aid “texniki pasport”unun Bakı şəhəri 1 saylı Notariat Ofisinin 23 oktyabr 2024-cü il tarixli, 698 № li məktubunda hüquq sahibi kimi qeyd olunmuş "Məhərrəm Məlikməmməd oğlu”na məxsus olması faktını qonşular da təsdiq edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan SSR-də həmin illərdə bir çox idarə və müəsissələrdə çalışan rus, erməni əsilli şəxslər tərəfindən tərtib edilmiş müqavilələrdə, texniki pasportlarda adlar, ata adları və soyadlar təhrif olunmuşdur.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportdan görünür ki, Bakı şəhəri, Əzizbəyov (Sabunçu) rayonu, Maştağa qəsəbəsi, Mehdizadə küşəsi, 11 nömrəli evin sahibinin adı Məlikov Məhərrəm qeyd olunmuşdur. Daha sonra Məhərrəm Məlikməmməd oğlu qeyd olunmuşdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Ərizəçi müraciətinə baxılmışdır, təqdim edilmiş və idarənin arxivində olan texniki pasportda hüquq sahibinin ata adı təqdim olunmuş vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı notariat ofisinin məktubunda isə hüquq sahibinin soyadı qeyd edilməmişdir. Həmçinin təqdim edilmiş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur.

9. Bakı şəhəri 1 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 698 nömrəli məktubun surətindən görünür ki,1929-cu ildə doğulmuş xx.xx.1982-ci ildə vəfat etmiş Məhərrəm Məlikməmməd oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə tərəfindən Bakı şəhəri 1 saylı Notariat Ofisinə müraciət daxil olmuşdur. Həmin vərəsəlik işi üzrə Məhərrəm Məlikməmməd oğlunun adına Bakı şəhərində daşınmaz əmlakın olub-olmaması əgər olarsa miras qoyanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən forma 37 arayışı vərəsə Ərizəçi vasitəsi ilə Bakı şəhəri 1 saylı Notariat Ofisinə göndərilməsi xahiş olunub.

10. Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 və X4 nikahları xx.xx.1955-ci ildə 142 nömrəli akt qeydi ilə bağlanmışdır.

11. Ölüm haqqında şəhadətnamədən görünür ki, Məhərrəm Məlikməmməd oğlu 26 mart 1982-ci ildə ölüb. Ölüm 280 nömrəli akt qeydi ilə qeydə alınıb.

12. АЗ seriyalı 666518 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1r, anası X5r.

13. 17.02.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportla Bakı şəhəri, Əzizbəyov (Sabunçu) rayonu, Maştağa qəsəbəsi, Mehdizadə küşəsində yerləşən 11 nömrəli ev Ərizəçi X6 oğluna verilmişdir. Qeyd olunan texniki pasportda Məhərrəm Məlikməmməd oğlunun soyadı qeyd olunmamışdır. Məhərrəm Məlikməmməd oğlu 26 mart 1982-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportun “Məlikov Məhərrəm”ə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq: 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6-cı bəndindən göründüyü kimi,Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X2 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Belə ki, ərizəçinin təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportla Bakı şəhəri, Əzizbəyov (Sabunçu) rayonu, Maştağa qəsəbəsi, Mehdizadə küşəsində yerləşən 11 nömrəli ev Məlikov Məhərrəmin sahibliyinə verilmişdir.

19. Ərizəçi Bakı şəhəri 1 saylı Notariat Ofisinə müraciət edib 26 mart 1982-ci il tarixdə vəfat etmiş atasından miras qalmış Bakı şəhəri, Əzizbəyov (Sabunçu) rayonu, Maştağa qəsəbəsi, Mehdizadə küşəsində yerləşən 11 nömrəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Ərizəçi müraciətinə baxılmışdır, təqdim edilmiş və idarənin arxivində olan texniki pasportda hüquq sahibinin ata adı, təqdim olunmuş vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı notariat ofisinin məktubunda isə hüquq sahibinin soyadı qeyd edilməmişdir.

21. Göründüyü kimi hüquqi faktın müəyyən olunması ərizəçinin atasından miras qalmış Bakı şəhəri, Əzizbəyov (Sabunçu) rayonu, Maştağa qəsəbəsi, Mehdizadə küşəsində yerləşən 11 nömrəli evə dair vərəsəlik şəhadətnaməsi almaq üçün mühüm əhəmiyyət kəsb edir.

22. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan digər sənədlərdən də müəyyən olunur ki, Ərizəçi X6 oğlunun sənədlərdə soyadı yazılmamışdır. Odur ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportla “Məlikov Məhərrəm”ə məxsus olması faktı müəyyən edilməlidir.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

24. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportun Məlikov Məhərrəmə məxsus olması faktı müəyyən edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə X3 və Qiymətləndirilməsi”nə aid texniki pasportun Məlikov Məhərrəmə məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar