Məhkəmə qərarları › İş №2(007)-1469/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1469/2021

15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1469/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi nümayəndəsi və vəkili X1 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 03 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq N saylı hərbi hissəsinin 3-cü taborunun N bölüyündə qulluq keçməyi, 25 oktyabr 1993-cü ildən N saylı hərbi hissənin tərkibində iştirak etməsi və döyüşlərdə yaralanması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 149.2.3 və 150.0.5-ci maddələrinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallar, həmin hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməli və məhkəməyə təqdim edilməlidir. 89.1 və 89.3-cü maddələrinə əsasən əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar sayılır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qanunvericiliyin tələbindən görünür ki, ərizənin məzmun və forma tələblərinin pozulmasına yol verilmir. Hakim işi icraata qəbul edərkən məzmun və forma qaydalarına ərizəçi tərəfindən riayət olunmasını yoxlamalı, məzmun və forma qaydalarına riayət edilmədiyini müəyyən etdiyi halda ərizəni geri qaytarmalıdır. Beləliklə iş materialları nəzərdən keçirilərkən ərizəyə əlavə edilmiş sənədlərin əsillərinin və yaxud qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətlərinin əlavə edilməməsi müəyyən olunmuşdur. Həmçinin iş üzrə ərizəçi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əməl etməmiş, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatı ərizədə göstərməmişdir. Bundan başqa, ərizəçi maraqlı şəxs qismində cəlb edilmiş orqana döyüşlərdə yaralanması və müharibə iştirakçısı olması barədə məlumatların əldə edilməsi üçün müraciət etməmiş, lazımi sənədləri ala bilməməsini, itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməmiş, məsələnin məhkəmədən kənar həllinin mümkün olmamasına dair müvafiq icra hakimiyyəti orqanının imtinasını əldə etməmiş, ərizəsini bu imtinaya əsas olan hallara uyğun əsaslandırmamışdır. Xüsusən nəzərə alınmalıdır ki, ərizəçi yalnız hərbi hissədə qulluq keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi və döyüşlərdə yaralanması barədə müvafiq sənədləri əldə etdiyi halda, bu sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən olunması üçün ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə ərizə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar