Məhkəmə qərarları › İş №2(007)-1495/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1495/2022

07.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1495/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Paşayeva Səbinə Etibar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8, X1 iştirakları ilə, Ərizəçi X7 maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “vətəndaşın fəaliyyət qabiliyyəti itirmə vaxtının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X14 maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “vətəndaşın fəaliyyət qabiliyyəti itirmə vaxtının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü X4 2016-ci il may ayının 05-dək fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X12 ünvan 1 ünvanında qeydiyyatdadır. Mübahisəli mənzil onun tərəfindən xx.xx.2016-cı il tarixində bağışlanma müqaviləsi ilə hədiyyə edilmişdir. O, evi ona bağışladıqdan bir-iki ay sonra Ukrayna vətəndaşı olduğundan qohumlarından xəbər bilmək üçün Ukraynaya getmişdir. Baxşiyev Vaqifin sağlamlığında ciddi problemləri vardır və o bir müddət evdə tək qalmalı olmuşdur. Onun fiziki cəhətdən imkansız, xəstə vəziyyətindən istifadə edən birinci həyat yoldaşından olan qızı X17 2016-cı ilin aprel ayında onu xatırlaya bilmədiyi hansısa yolla aldadaraq Bakı şəhəri 23 saylı notariat kontorunda adından öz adİna etibarnamə almışdır. Bundan sonra birinci həyat yoldaşından olan qızı X17 ünvan 1 ünvanında yerləşən və Baxşiyev Vaqifin mülkiyyətində olan mənzili X10 adlı şəxslə əlaqəyə girərək xx.xx.2016-cı il tarixində AN-İ №0544905 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 40.000 manata satmışdır. O, xüsusilə vurğulayır ki, mübahisəli mənzilin həmin dövrdə qiyməti təqribən 60-70 min manat dəyərində idi. Mənzil dəyərindən aşağı qiymətə satılmışdır. Bununla da Baxşiyev Vaqifin mülkiyyət və digər hüquqları kobud şəkildə pozulmuşdur. Baxşiyev Vaqifə məxsus mənzilin satılması əməliyyatını həyata keçirdikdən sonra birinci həyat yoldaşından olan qızı X17 həyat yoldaşını müxtəlif dərman və içki vasitələrilə zəhərləyərək anonim olaraq 4 ay müddətində AR Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları'' diaqnozu ilə stasionar müalicə almağına səbəb olmuşdur. Bundan sonra həyat yoldaşı özünə qayıda bilməmişdir. Daha sonra Ukraynaya gedib Baxşiyev Vaqif onunla Bakıya qayıdanda onları evə buraxmadılar. Evdə artıq başqa insanlar yaşayırdılar. 2017-ci ilin aprel-may aylarında onlara məlum olmuşdur ki, X17 ünvan 1 ünvanında yerləşən mənzili dələduzluq yolu ilə özgəninkiləşdirmişdir. Hal-hazırda həyat yoldaşı ilə birlikdə kirayə mənzildə yaşamaq məcburiyyətində qalmışlar. Yuxarıda göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən 46.6 kv.m sahəsi olan mənzilin X17 və X10 arasında Bakı şəhəri 23 saylı notariat kontorunda aldadılaraq bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və Baxşiyev Vaqifin adına yeni qeydiyyat vəsiqəsinin verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018 il tarixli, №2(007)-2684/2018 qərarı ilə X3 iddiası təmin edilmişdir, hansına görə ki, xx.xx.1961 il təvəllüdlü X12 Bakı şəhər 23 saylı notariat kontorunda xx.xx.2016 ildə ******* № ilə qeydiyyata alınmış mübahisəli mənzilin alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə etmə hüququnun itirilməsi tanınmış, bunun əsasında X5 mübahisəli mənzilə mülkiyyət hüququ haqqında xx.xx.2016 il tarixli, seriya RX № ******* çıxarış verilmişdir. xx.xx.1961-ci il təvəllüdlü X12 onun əridir. Spirtli içkilərdən sui-istifadə etdiyinə görə qismən yaddaş itirilməsindən əziyyət çəkir, bununla əlaqədar olaraq o, tam şəkildə öz hərəkətlərini idarə edə və öz hərəkətlərinə görə hesabat verə bilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin məhdudiyyətləşməsi və üzərində qəyyum təyin edilməsində ehtiyac var idi. Buna görə də Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018 il tarixli, 2(007)- 2157/2018 saylı qərarı ilə xx.xx.1961-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz tanınması haqqında ərizəsi təmin edilmişdir. Buna görə də adı çəkilən müqaviləni bağlayaraq onun əri öz hərəkətlərini dərk etməyib və onları idarə etməmişdir. Baxşıyev Vaqifin fəaliyyət qabiliyyətini itirdiyi vaxtın müəyyən edilməsi alqı-satqı müqaviləsinin sonradan ləğv edilməsi üçün onun üçün zəruridir. Məhkəmə iclasında ərizəçi X14 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O həmçinin bildirdi ki, X13 2018-ci il tarixdə fəaliyyət qabiliyyətsiz hesab edilmiş, lakin o, 2016-cı ildən fəaliyyət qabiliyyətsizdir. Onlar əvvəl Svastapolda yaşamış, valideynləri vəfat edəndən sonra Bakıya gəlmişlər. Onun əri çoxdandır ki, içir, əvvəlki ailəsində problemlər vardı. X4 valideynləri 500 manat pensiya alırdı. Buna baxmayaraq evləri pis gündə idi. Baldızı valideynlərinə baxmır, evi də ələ keçirmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X15 ərizənin təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. O həmçinin əgər məhkəmə tərəfindən ərizə təmin olunarsa əvvəlki sərəncamı ləğv edib şəxsi 2016-cı ildən fəaliyyət qabiliyyətsiz hesab edəcəklərini qeyd etdi. Məhkəmənin əvvəlki iclasında X18 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Naxçıvanski küçəsində 1968-ci ildən yaşayır, onların binası Vaqifgilin binasının yan binası olan 43 nömrəli binadır. O, X13 ilə uşaq vaxtı dost olmuşdur, Vaqifin yoldaşı İrina xanımı da tanıyır. Vaqif hərbidə işləyirdi, o yoldaşından ayrıldıqdan sonra çox içirdi. Vaqifin psixoloji durumu dedikdə, onu nə vaxt görürdüsə içki içirdi, onun yanından keçəndə heç onu tanımırdı. İçki də təsirini göstərmiş və deyəsən onu insult vurmuşdur. Vaqifin atası rəhmətə gedən zaman ora gedəndə Vaqif sanki xəstə kimi idi, heç nə hiss etmir və başa düşmürdü.Vaqif adamı baxır, bir müddət danışandan sonra adamı tanıyırdı. 2015-2016-ci ildə atası, sonra da anası rəhmətə getdi, ondan sonra vəziyyəti lap pisləşdi. Məhkəmənin əvvəlki iclasında X11 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Vaqiflə eyni məktəbdə oxumuş, onunla qonşu olmuş, uzun müddət dost olmuşdur. O, sonradan Xalqlara köçmüşdür. Vaqif evlənənə kimi normal idi, sonra onu nə vaxt görürdüsə içkili olurdu, neçə dəfə yerdə uzandığını görmüşdür. Təxmini 2015-ci ildə Vaqif elə dəhşətli vəziyyətdə idi ki, heç onu da tanımırdı. Elə bil onun dostluq etdiyi Vaqif deyildi. O həmçinin Vaqifin fəaliyyət qabiliyyəti olmadığını bildiyini və 2015-ci ildən bu vəziyyətdə olduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 319.1-ci maddəsinə əsasən Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X6 fəaliyyət qabiliyyəti itirmə vaxtının müəyyən edilməsi haqqında iş, onunla birlikdə yaşayan həyat yoldaşı X7 ərizəsi üzrə qaldırılmış və onun 2016-ci il may ayının 05-dək fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Daha əvvəl X14 məhkəməyə ərizə ilə müraciət edərək X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Həmin ərizə üzrə məhkəmə-psixiatrik ekspertizası keçirilmiş, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2017-ci il tarixli, 1515 saylı rəyi ilə X6 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onu şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas olduğu müəyyən edilmiş və nəticədə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 2157/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Beləliklə, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 2157/2018 saylı məhkəmə qətnaməsi ilə xx.xx.2017-ci il tarixli, 1515 saylı rəy əsas götürülməklə X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən, həmin qətnamə artıq qanuni qüvvəsini aldığından və qətnamə həmin ildə icra edildiyindən, ərizəçi X7 “xx.xx.1961-ci il təvəllüdlü X4 2016-cı il mayın 05-dək fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi X7 maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “xx.xx.1961-ci il təvəllüdlü X4 2016-ci il mayın 05-dək fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi X9 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar