Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1506/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilinə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, İddiaçı 01 dekabr 2018-ci il tarixdə oğlu Cavabdeh daşınmaz əmlakının bağışlanma müqaviləsi imzalamışdır. Bu müqaviləyə əsasən onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzili oğlunun mülkiyyətinə vermişdir. Bu barədə 04.12.2018-ci il tarixdə cavabdehin adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən mənzili oğluna bağışlamazdan əvvəl onlar ailə daxilində belə bir razılığa gəldilər ki, o, öz mülkiyyətində olan evi oğluna bu şərtlə bağışlayır ki, mərhum həyat yoldaşı X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-nın inşa etdiyi binasının 3 saylı korpusunun, B girişi, 2-ci mərtəbə, 4 saylı mənzil qızı X1 mülkiyyətinə veriləcəkdir. Oğlu da heç bir etiraz etmədən onların qərarı ilə razılaşdı. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra o, evi qızının mülkiyyətinə keçirmək istəyən zaman oğlu aralarında olan razılığı pozaraq həmin evin satılmasını və özünə düşəcək olan payı tələb etməyə başladı. Beləliklə o, ailə arasında razılıqlarının pozulması səbəbi ilə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, bağşılama müqaviləsi bağlanarkən ona şərt qoyulmamışdır. Müqavilə bağlanan vaxt ümumiyyətlə heç bir problemi yox idi, anası öldükdən sonra bu problemləri başlamışdır. Anasının adına olan evə onun tərəfindən vəsaitlər ödənilmişdir. Həmin ev bacısı ailə qurduqdan sonra alınmışdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı iddia tələblərini əsaslandırarkən iddia edir ki, guya onlar arasında ünvan 3 ünvanında yerləşən mənzilə dair bağışlama müqaviləsi bağlanarkən o, anasının istifadəsində və sahibliyində olan Xətai rayonu, Əhmədli y\sahəsi, X.Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzili bacısı X1 mülkiyyətinə verilməsinə şifahi razılaşma olub. İlk növbədə bildirmək istəyir ki, bağışlama müqaviləsinin etibarsız sayılmaqla ləğv edilməsinə dair iddia tələbi əsassızdır. Bağışlama müqaviləsi bağlanarkən atası ilə arasında heç bir razılaşma olmayıb. Belə ki, mübahisəli mənzil ona bağışlanmazdan əvvəl atasının mülkiyyətində olsa da, atası ilə anası 2012-cu ildən Xətai rayonu, Əhmədli y\sahəsi, X. Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzilə köçdülər və mübahisəli mənzildə o, ailəsi ilə birgə qaldı və həmin mənzilə faktiki sahibliyi və istifadəni o, həyata keçirməyə başlamışdır. Bu müddətdə dəfələrlə mübahisəli mənzili təmir etmişdir. Atası ilə, anası ilə və bacısı ilə aralarında bu günə qədər mübahisələri olmayıb. Anası vəfat edənə qədər atası ilə anası bəzən bir neçə gün həmin mənzildə onlarla qalırdılar. Bütün bayramları ailə olaraq atası ilə anası onun evində birlikdə qeyd etmişlər. Bağışlama müqaviləsi bağlanarkən həm anasının, həm də bacısının evin bağışlanmasına razılıq verilməsi barədə yazılı və notarial təsdiq edilmiş razılıq ərizələri olub. Əgər belə razılaşmaolsaydı buərizələrdə və ya bağışlamamüqaviləsində göstərilərdi. Notariat qaydasında bağlanılan bütün müqavilələrdə olduğu kimi, mübahisələndirilən bağışlama müqaviləsi də bağlanılan zaman notarius tərəfindən hüquqlar və vəzifələr hər birinə izah edilmişdir. Bundan əlavə belə razılaşmanın olmasına heç bir səbəb yox idi. Belə ki, əgər atası və anası Xətai rayonu, Əhmədli y\sahəsi, X. Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzili bacısı, X2 bağışlamaq istəsəydilər ona mübahisəli mənzilin bağışlandığı 01.12.2018-ci il tarixdən anası vəfat edən gün-30.08.2019-cu il tarixə qədər, yəni 9 ay müddətində həmin mənzili bacısına bağışlayardılar və o, buna mane ola bilməzdi, çünki həmin mənzilə qeydiyyatı belə yoxdur. Bundan başqa anası həmin mənzili bacısına bağışlamaq fikri olsaydı ürək əməliyyatından əvvəl, evdə müalicə aldığı müddətdə, yəni 2019-cu ilin iyul ayından ölən vaxta qədər mənzilin bacısına verilməsi ilə bağlı vəsiyyətnamə tərtib edə bilərdi. Çünki ürək əməliyyatından əvvəl anasını əməliyyat edən həkim ona əməliyyatın riskli və həyati təhlükəli olduğunu bildirmişdi. Bacısı ilə aralarında mübahisə anası vəfat etdikdən sonra bacısının həmin mənzilə bütövlüklə yiyələnmək istəməsi və onun öz vərəsəlik hüququndan imtina etmək istəmədiyindən sonra başladı. Hal hazırda da atası və bacısı Xətai rayonu, Əhmədli y\sahəsi, X.Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, B girişi, 4 saylı mənzilin sənədlərini mənzil tikinti kooperativindən alaraq onun vərəsəlik hüquqlarının həyata keçirilməsinə mane olmaq üçün notariat ofisinə təqdim etməkdən imtina edirlər. Eyni zamanda, bağışlama müqaviləsinin bağlandığı vaxtdan artıq bir il üç ay keçməsinəbaxmayaraq, heç kim tərəfindən mübahisələndirilməməsi, yalnız indiki halda onun vərəsəlik hüququndan imtina etmədiyi üçün bu iddia ərizəsi ilə çıxış etmənin arxasında, vərəsəlik zamanı məhkəmə qaydasında mübahisə yaradılması ilə ona maneələr yaradaraq, hansısa əsassız güzəştlərə məcbur etmək istəyinin dayandığı açıqaşkardır. Eyni zamanda iddia tələbi ilə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Təbii ki, iddiaçı tərəfin aramızda razılaşma olması və bu razılaşmanın pozulmasını sonradan bilməsi yuxarıda qeyd etdiklərimə əsasən inandırıcı deyil və heç bir sübuta əsaslanmır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiçının vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzili Cavabdeh bağışlamışdır. - ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 04 dekabr 2018-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzil İddiaçı məxsus olmuşdur. İddiaçı özünə məxsus olan həmin mənzili 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu Cavabdeh bağışlamışdır. Hazırda İddiaçı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.- 668.1.5-ci maddələrinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə, gələcəkdə bağışlama vəd edildikdə, bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1-673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, qanunvericilik hədiyyə verənin bağışlamadan imtina etməsini Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrində sadalanan əsaslardan birinin mövcud olması ilə şərtləndirmişdir ki, işin müəyyən olunmuş halları ilə həmin əsasların mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı öz iddiasında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzili oğluna bağışlamazdan əvvəl onlar ailə daxilində belə bir razılığa gəldilər ki, o, öz mülkiyyətində olan evi oğluna bu şərtlə bağışlayır ki, mərhum həyat yoldaşı X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-nın inşa etdiyi binasının 3 saylı korpusunun, B girişi, 2-ci mərtəbə, 4 saylı mənzil qızı X1 mülkiyyətinə veriləcəkdir. Oğlu da heç bir etiraz etmədən onların qərarı ilə razılaşmışdır. Sonradan cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırmışdır. Lakin iddiaçı istinad etdiyi halları, yəni 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini hər hansı şərtlə bağlanmasına dair mötəbər sübut növü təqdim etməmişdir. İşdə olan 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində isə hər hansı qeyd şərt göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hədiyyə verənin bagışlamadan imtina etməsinə əsas verən hallardan hər hansı birinin mövcud olması sübut olunmamışdır. Belə ki, istər tərəflər arasında bağlanmış müqavilədə, istərsə də digər sübutlarla tərəflər arasında müqavilə bağlanarkən müqavilənin hər hansı şərtlə bağlanması sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “01 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilinə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “01 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilinə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət iddiaçıa aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1506/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1506/2020
03.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver