Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-151/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh qarşı işgüzar nüfuzun pozulması ilə əlaqədar təkzib verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh qarşı işgüzar nüfuzun pozulması ilə əlaqədar təkzib verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu Cavabdeh bir çox sosial şəbəkələrdə və saytlarda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanunla qorunan işgüzar nüfuzunu sarsıdan məlumatlar yayıb. Sabiq hərbi qulluqçu Cavabdeh DSX-nə xidmətə qəbul olunduqdan sonra verilən əmrləri icra etməkdən imtina edərək xidməti yerinə getməyib, həmçinin ona verilən rütbədən də imtina edərək ona daha yuxarı hərbi rütbə verilməsini istəyib, bu göstərilən xüsusatlar nəzərə alınaraq DSX rəhbərliyinin müvafiq əmri ilə “xidməti uyğunsuzluqla” ordu sıralarından tərxis edilib. Tərxis edildikdən sonra Cavabdeh müxtəlif sosial şəbəkələrdə, xəbər portallarında, saytlarda DSX-nə qarşı həqiqəti əks etdirməyən məlumatlar yaymağa başlayıb. Qeyd olunan bu məlumatlar DSX-nin işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirib. Belə ki, Cavabdeh “www.President.az” saytında yerləşdirdiyi müraciətində bildirib ki, “ataların bir misalı var: ət ilə dırnağın arasına girmək olmaz! Sizinlə xalqın arasına nifaq salmaq xainlərin planıdır və bu, heç vaxt alınmayacaqdır.” Bundan başqa, Cavabdeh “www.dia.az” saytında yerləşdirdiyi müraciətində “valideynlərim kadrlar şöbəsinin rəis müavini general-mayor Ayaz Hüseynovun qəbulunda olublar. Ayaz Hüseynov valideynlərimə bildirib ki, heç kim bizə təsir və təzyiqlə rütbə verdirə bilməz. Onu da, deyib ki, mən naxçıvanlıyam, mənə heç kim heç nə edə bilməz.”Cavabdeh özünün "Facebook”dakı səhifəsində yerləşdirdiyi yazısında “Faktiki olaraq Elçin Quliyevin şəxsi ambisiyalarının ucbatından hərbi biletim xoş olmayan maddə ilə ləkələnib və nəticədə gələcək karyeram məhv olunubdur”, “DSX rəhbərliyi administrasiyadan gələn şikayətlərə şablon xarakterli cavablar yazaraq süründürməçilikdən çəkinmir" bildirib.Bundan başqa, “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Siz sağ olsaydınız inanmıram ki, Elçin Quliyev və onun müavinləri bu cür sərhədsizcəsinə mənim hüquqlarımı pozmağa cəsarət tapardılar. Ali təhsilli hüquqşünasa gizir rütbəsi verən Xidmət rəisi ilə artıq məhkəmə də, bacarmır” yazısını paylaşıb. “Facebook"-dakı bir sonrakı yazısında isə, ölkə rəhbərliyinə müraciət edərək “Bu qurumun rəhbər şəxsləri özünü imperator zənn edirlər. Bu gün artıq məhkəməyə təzyiq göstərməklərini hiss edirəm. Əfsuslar olsun ki, nazirlər və bəzi xidmət rəisləri Sizdən sadəlövlüyü və humanizmliyi öyrənə bilmirlər. İqtidar yönlü gənclərin dövlətə və dövlətçiliyə inamını sarsıdırlar. Heydər Əliyev, Əliyevçi ideologiyası ilə yetişən gəncləri qəsdən sındırırlar” bildirib.Bundan başqa, Cavabdeh yaxın qohumları adından www.bizimyol.info saytında və Fuad Muradov adlı istifadəçi adından isə “Facebook"-da yuxarıda qeyd olunan məzmunlarda məqalə və yazılar yerləşdirilib.Cavabdeh sosial şəbəkələrdə, xəbər portallarında və müxtəlif saytlarda yerləşdirdiyi yazılarda qeyd etdiyi xüsusatların həqiqətə uyğun olmaması, qərəzli və böhtan xarakterli olması, ictimaiyyət arasında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirir, cəmiyyətdə sərhədçilərə qarşı mənfi rəy formalaşdırmaqla yanaşı, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün müqəddəs hesab edilən dövlət sərhədlərimizin mühafizəsini təşkil edən sərhədçiləri gözdən salmaq məqsədi güdməklə DSX-nin horbi qulluqçularının qanunla qorunan işgüzar nüfuzunu sarsıdır.Göründüyü kimi, Cavabdeh yazılarında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin fəaliyyətini şübhə altına alıb, onların nüfuzuna xələl gətirib, bununla eyni zamanda dövlətin təhlükəsizliyi əsaslarına da qəsd edilib. Cavabdeh yazılarında qeyd etdiyi xüsusatları təkzib edərək Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməli, sözügedən yalan və böhtan məzmunlu yazıların yayılması nəticəsində DSX-nin hərbi qulluqçularına dəyən mənəvi zərərin əvəzi kimi cavabdehdən 30.000 manat məbləğində pul Dövlət Sərhəd Xidmətinin xeyrinə tutulmalıdır.Xüsusən də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında ordu quruculuğunun uğurla həyata keçirildiyi, hərbi nizam-intizamın möhkəmləndiyi bir vaxtda hərbi qurumların hərbi qulluqçularının işgüzar nüfuzuna xələl gətirilməsi təəssüf doğurur. Vətən müharibəsində qanı və canı bahasına vuruşan sərhədçilərin, qazilərin, sərhədçi şəhidlərimizin cəsarət və vətənpərvərik göstərərək torpaqlarımızın işğaldan azad olunmasındakı iştirakını, müharibədən sonrakı dövrdə, azad olunmuş torpaqlarda İran və Ermənistanla, həmçinin Rusiya, Gürcüstan, Türkiyə ilə quru, Qazaxıstan və Türkmənistanla su sərhədlərinin mühafizəsinin sərhədçilər tərəfindən gecə-gündüz həyata keçirilməsini göz önünə alaraq, hər hansı bir şəxsin DSXnə qarşı bu qədər qərəzli olması, DSX-nin rəhbər şəxslərini, hərbi qulluqçularını Azərbaycan sərhədçisinə yaraşmayan ifadələrlə ləkələməyə çalışması həqiqətən də, böyük təəssüf hissi doğurur.Bundan başqa, belə halların digər hərbi qulluqçular arasında mənfi presedentin yaranmasına zəmin yaratmış olduğu məhkəmə tərəfindən nəzərdən qaçırılmamalıdır.Qeyd olunanlara əsasən Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzunun pozulması ilə əlaqədar Cavabdeh üzərinə Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək sosial şəbəkələrdə, xəbər portallarında yerləşdirdiyi məlumatları təkzib etmək vəzifəsinin qoyulması və həmin məlumatların yayılması nəticəsində DSX-nin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi 30.000 manat məbləğində pulun cavabdehdən Dövlət Sərhəd Xidmətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş olunur. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə öz nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixli 2(007)-2566/2022 №-li iş üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzun pozulması iddiası səbəbi ilə təyin olunan ekspertiza rəyi ilə tanış olmuşdur. Ekspertiza rəyi tamamilə əsassız və qanunsuzdur. Ekspertiza işə obyektiv yanaşmamışdır. xx.xx.2022-ci il tarixli 4/1749 №-li ekspertiza rəyini verən ekspert işin materiallarını tam araşdırmamışdır və ümumiyyətlə İddiaçı Dövlət Sərhəd Xidməti tərəfindən iddia ərizəsinə əlavə olunan sübutları tam araşdırmadan rəy vermişdir.Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı Dövlət Sərhəd Xidməti ilə onun arasında bağlaşma(əmək müqaviləsi) xx.xx.2021-ci il tarixdə bağlanıb.xx.xx.2021-ci il tarixdə isə o, Sahil mühafizə idarəsində rəsmən xidmətə başlamışdır. İddia ərizəsində iddiaçı tərəfindən ilkin “sübut” kimi qeyd olunub ki, o, “Prezident.az” saytında yazmışdır ki, “ət ilə dırnağın arasına girmək olmaz! Sizinlə xalqın arasına girmək xainlərin planıdır və bu heç vaxt alınmayacaqdır” İddiaçı Dövlət başçısına bu müraciətin özünün işgüzar nüfuzuna xələl gətirməsi kimi qiymətləndirib. Halbuki o, bu məktubu cənab Prezidentə xx.xx.2020-ci il tarixdə göndərmişdir. “Prezident.az” saytında bu yazı xx.xx.2020-ci il tarixdə dərc olunmuşdur. İddiaçının yazdıqlarından belə anlaşılır ki,o, Prezidentə 9 ay xidmətə başlamadan öncə yazdığı məktub DSX tərəfindən sübut kimi məhkəməyə təqdim olunub. Prezidentə təşəkkür məktubu yazanda o heç DSX-nin vəzifəli şəxslərini tanımırdı və aralarında xidmət, tabeeçilik, kollektiv və bu kimi digər münasibətlər mövcud deyildi. Xidmətdən uyğunsuzluq maddəsi ilə tərxiss olduğdan sonra aralarında tərxis olmaya dair narazılıq yaranıb. xx.xx.2021-ci ildə isə o, xidmətdən rəsmən xaric olunmuşdur.Digər məhkəmə işi hal hazırda Ali Məhkəmədə hakim İlqar Hüseynovun icraatındadır.1 il 2 ay keçmişdə yazılan və dövlət sərhəd xidmətinə aid olmayan təşəkkür məktubu DSX-nə heç cür aid oluna bilməz və işgüzar nüfuza xələl gətirə bilməz. “Prezident.az” saytından çəkilmiş fotosurət ərizəyə tərəfindən əlavə olunur. İddiaçının digər sübut kimi təqdim etdiyi yazı isə valideynlərinin Ayaz Hüseynovun qəbulunda olması ilə əlaqədardır.İddiaçı Ayaz Hüseynovun valideynlərinə etdiyi kobudluğu və onların cənab Prezidentə etdiyi müraciəti onun yazısı kimi məhkəməyə təqdim edilib. Halbuki bu yazını valideynləri ölkə başçısına açıq məktub yazanda bildirmişdilər ki, “övladımızın hərbi bileti ləkələnibdir”.İddiaçı 3-cü subut kimi iddia ərizəsində əsaslandırmağa çalışıb ki, Cavabdeh yaxınları və Fuad Muradov adlı istifadəçi DSX əleyhinə yazılar yerləşdirib. Qanunvericiliyin tələblərinə görə hər kəs etdiyi əmələ görə özü məsuliyyət daşıyır. Başqa şəxslərin onun məsələsi ilə bağlı etdiyi şikayətlərə görə onun mülki məsuliyyətə cəlb olunması qanunvericilik tərəfindən qadağandır.Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutub bildirir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.Təhqir və böhtan tənqid sayıla bilməz.Onun və valideynlərinin etdiyi şikayətlər sırf tənqid olduğundan işguzar nüfuza xələl gətirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 47.1-ci maddəsini rəhbər tutub bildirir ki, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenum qərarında izah olunur ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüuqu yalnız fiziki şəxslərə aiddir. Yazılanlardan bəlli olur ki, Dövlət sərhəd xidmətinin mənəvi zərər tələb etmək hüququ qanunvericilik tərəfindən nəzərdə tutulmayıb. Yuxarıda yazılanları və Mülki prosessual məcəllənin 47-ci maddəsini rəhbər tutub xahiş edir ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. 1.Cavabdeh müxtəlif sosial şəbəkələrdə işlətdiyi və iddia ərizəsində sadalanan ifadələr Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən ifadələr hesab oluna bilərmi? Qeyd: Ekspert qarşısında qoyulmuş sualın məzmununda dəyişiklik edilmədən qərardadda olduğu kimi köçürüldü. TƏDQİQAT OBYEKTLƏRİNİN GÖNDƏRİLMƏ ŞƏKLİNƏ DAİR VƏ DİGƏR MƏLUMATLAR: 2(007)-2566/2022 saylı mülki işin materialları. TƏDQİQAT PROSESİNİN TƏSVİRİ: 2(007)-2566/2022 saylı mülki işə tədqiqat materialı olaraq Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin barəsində paylaşdığı yazılar daxil edilmişdir. Yazıların mətnləri belədir: Hörmətli cənab Prezident. Ölkəmizdə uğurla və inamla həyata keçirdiyiniz islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sizin və ailə üzvlərinizin daim xalqın yanında olmağınız birliyimizi daha da möhkəmləndirir. Xalqımız da hər zaman Sizin yanınızdadır və Sizin uzaqgörən siyasətinizi dəstəkləyir. Sizin və Mehriban xanım Əliyevanın ölkəmizi və xalqımızı beynəlxalq arenada inamla, cəsarətlə təmsil etməyiniz, müstəqil, gündən günə çiçəklənən Azərbaycanımızın mövqelərinin daha da möhkəmlənməsinə səbəb olur.Ataların belə bir misalı var: “Ət ilə dırnağın arasına girmək olmaz!”. Sizinlə xalqın arasına nifaq salmaq xainlərin planıdır və bu, heç vaxt alınmayacaqdır. İndi dövlətimizə və Sizə müxalif olanlar vaxt gələcək utanacaqlar. Çünki məhz Sizin və ailənizin sayəsində ölkəmizdə əmin-amanlıq, rifah və firavan həyat hökm sürür. X2 Azərbaycanın başı üzərindən əskik etməsin”.Digər bir yazıda yazılır: Unikal.org-un əldə etdiyi məlumata görə, X1 təhqiqat bölməsinin keçmiş təhqiqatçısı Cavabdeh Bakı İnzibati Məhkəməsində DSX-yə qarşı məhkəmə iddiası qaldırıb. İş hakim Orxan Həsənovun icraatına verilib. Qeyd edək ki, Cavabdeh 2020-ci ildə DSX-də xidmətə qəbul olunub. Daha sonra isə onun hərbi biletinə uyğunsuzluq maddəsi yazılıb və xidmətdən xaric edilib”.Digər bir yazıda: “Cənab Prezident və çox hörmətli Mehriban xanım Əliyeva. Məni qanunsuz olaraq büllitendə ola-ola xidmətə uyğunsuzluq maddəsi ilə xidmətdən xaricolma əmrimi rəsmiləşdirən DSX rəhbərliyi barədə fikirləriniz möhtəşəmdir. Cənab Prezident. Bu şəxs təhqiqatçıları gizir kimi xidmətə qəbul etməkdən çəkinmir. Narazılıq edəni isə xidmətə uyğunsuzluqla xidmətdən xaric edir. Ali Təhsilli hüquqşünas generalların orta təhsilli sürücüləri ilə eyni rütbədə xidmət edir. Nəticədə isə müğənnilər, idmançılar və qohum- əqraba yüksək rütbə ilə vəzifəyə gətirilir. Savadlı kadrlar isə kənarda qalaraq dövlətdən küsdürülür.9 aydı məhkəmə prosesi gedir, cənab Prezident. Təsir və təzyiqlərdən çəkinmirlər. Faktiki olaraq Elçin Quliyev şəxsi ambisiyalarının ucbatından hərbi biletim xoş olmayan maddə ilə ləkələnib və nəticədə gələcək karyeram məhv olunubdur. Göndərdiyim məktublar isə Sizə çatmır. Bəzi Qüvvələr gizlədilməsində qara-qura addımlardan çəkinmirlər. Çox xahiş edirəm kömək edin. İşi şəxsi nəzarətinizə götürün. Hüquqlarımın müdafiəsində heç bir qeyri-etik addım tərəfimdən atılmayıb. Həmişə səbrlə aidiyyəti üzrə şikayəti tərtib edib Administrasiyaya göndərmişəm. Lakin DSX rəhbərliyi Administrasiyadan gələn şikayətlərə şablon xarakterli cavablar yazaraq süründürməçilikdən çəkinmir. Halbuki məhkəmədə həkimlər şahid qismində ifadələri alınıbdır. Həkimlər həmin an mənim ağır travmadan müalicə olunmağımı təsdiqləyiblər. Cənab Prezident. Bir hüquqşünasın taleyi Sizin əlinizdədir. Sizin ədalətinizə ehtiyacım var”.Şikayətçinin digər müraciətində yazılır: Cənab general-polkovnik, mən gizir Cavabdeh Cəİilabadda"1-ci Çöytöpə sərhəd dəstəsində təhqiqatçı vəzifəsində xidmət edirəm. Nəzərinizə çatdırıram ki, bu mənim Sizə ilk müraciətim deyil. Bir ay öncə valideynlərim də poçt vasitəsilə müraciət ediblər, lakin Dövlət Sərhəd Xidmətinin Aparatındakı vəzifəli şəxslər bunu Sizdən gizlədiblər. Valideynlərim hətta Kadrlar şöbəsinin rəis müavini general-mayor Ayaz Hüseynovun qəbulunda olublar.Ayaz Hüseynov valideynlərimə bildirib ki, heç kim bizə təsir və təzyiqlə rütbə verdirə bilməz. Onu da deyib ki, mən naxçıvanlıyam, mənə heç kim, heç nə edə bilməz”. “Cənab general-polkovnik,qanunla danışmaq haçandan təzyiq hesab olunur? Axı niyə bu şəxslər biz cavanların karyerasını ləkələyir? Mən Sizin əmrinizlə 2020-ci il təqvim ilinin sentyabr ayında xidmətə qəbul olunmuşam. DSX-nin aparatında nə az, nə çox düz 2 generalın qəbulunda olmuşam. Bildiriblər ki, çox savadlı hüquqşünassan.“Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında” Qanunun 30 maddəsinin 3-cü bəndi izah edir ki, tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə müvafiq olaraq “tibb xidməti” və “ədliyyə” sözləri əlavə edilir. Qanunla və praktikada heç bir hərbiləşdirilmiş və yarımhərbiləşdirilmiş qurumda təhqiqatçıya gizir rütbəsi verilmir. Bundan əlavə, praktikada ədliyyə giziri anlayışı mövcud deyil. Mən vətən müharibəsi iştirakçısı, general-leytenant Azad Ələkbərovun qəbulunda olmuşam. İntellektual və nəzəri biliklərimi yoxlayıb. Bildirib ki, izahatda qeyd et, köməklik göstəriləcək, lakin heç bir köməklik olmadı”.“Azadəliyev deyir ki, rütbə istəyəndən sonra hərbi hissədə ona təzyiqlər artıb və ayrı-seçkiliyə məruz qalıb: “Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 3 bəndini rəhbər tutaraq bildirirəm ki, qanunlar əsasnamələrdən üstün normativ hüquqi aktdır.Sərhəd qoşunlarında isə mənə bildirdilər ki, Hərbi xidmət keçmək haqqında” əsasnamənin 58-ci maddəsində qeyd olunub ki, zabit vəzifəsində vəzifəni icra etmədən rütbə verilə bilməz...”. Yazının sonrasında şikayətçi digər hüquqa və qanuna zidd məqamları diqqətə çatdırır, ona qarşı ədalətsizlik olduğunu, haqqının tapdalandığını,digər əməkdaşlar arasında ayrıseçkilik salındığını vurğulayır.Şikayətçinin internet vasitəsi ilə paylaşdığı digər materiallarda da eyni məzmun ətrafında fikir və məlumatlar əks olunmuşdur.Ekspert araşdırmasından müəyyən olunur ki. tədqiqat materialları Dövlət Sərhəd Xidmətinin X1 təhqiqat bölməsinin keçmiş təhqiqatçısı Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində və müxtəlif xəbər saytlarında paylaşılmış yazılardır. Yazılarda Cavabdeh işlədiyi bu dövlət orqanı və onun rəhbərliyi barədə məlumatlar bildirir. Ekspert qarşısında təqdim edilmiş materiallarda, işgüzar nüfuzu ləkələyən əlamətlərin mövcud olub-olmaması sualı qoyulur. Həmin anlayışların izahına nəzər salaq: “Nüfuz”- cəmiyyətdə verilən qiymətdir. Tədqiqat qarşısında qoyulan sualların xarakterini nəzərə alaraq ekspert tərəfindən materialların leksik, sintaktik-konstruktiv, sintaktik bütöv və mətni anlama metodları ilə araşdırılması məqsədəuyğun hesab edilir. Təqdim edilmiş məlumatlarla ilkin tanışlıqdan yazıların konkret ünvanlarının olması ilə bərabər, ictimai məlumatlandırma və ittiham xarakterli olduğunu müşahidə edirik. Paylaşılanların ümumi məzmununda Azərbaycan Dövlət Sərhəd xidmətinin fəaliyyəti və həmin qurumun rəhbərliyi ilə bağlı neqativ iddialar müəyyən olunur. Yazılanlara görə Cavabdeh işlədiyi həmin DSX-də müəyyən ədalətsiz və qanunların dəstəkləmədiyi hallarla üzləşmiş, həmin hallara etirazını bildirməsi isə işdən azad edilməyinə təkan olmuşdur.Nəticədə büllitendə ola-ola “xidmətə uyğunsuzluq” maddəsi ilə işdən çıxarılmışdır. Paylaşılmış yazılarda müxtəlif dil qatları üzrə çoxsaylı sərt məzmunlu dil vahidləri yer almışdır. Həmin vahidlərə nəzər salaq: -Oğlum dəfələrlə DSX-nin rəisi Elçin Quliyevə müraciət etsə də, onu qəbul etməyib -Dövlət Sərhəd Xidmətinin rəhbərliyi,ohun müraciətlərinə əhəmiyyət verməyib; -Əgər rütbənin verilməsi mümkün deyilsə, niyə digər hüquqşünasa rütbə verilib?; -Belə çıxır ki, Dövlət Sərhəd Xidməti mənim oğlumun bərabərlik hüquqları ilə hesablaşmır? -Necə olur ki, 6 aylıq kurs keçən 3 hüquqşünasdan birinə leytenant, digərlərinə gizir rütbəsi verilsin? -Dövlət Sərhəd Xidməti isə oğlumun faktiki olaraq işsiz durumundan istifadə edərək bağlaşmanı ön plana çəkib; -İndi isə düşməncəsinə oğlumun hərbi biletini xidmətə uyğunsuzluq maddəsi ilə ləkələməkdən çəkinmir; -Bu hiylə niyə məhz mənim oğluma qarşı edilir? -Bu azmış kimi müxtəlif üsullarla hədə-qorxu gəlməkdən çəkinmirlər; -Oğlumun taleyi təhlükədədir; -Aprel ayının əvvəli xidmətdən xaric olunmağına baxmayaraq əməkhaqqı və 2021 -ci ilin imtiyazları ona DSX rəhbərliyi tərəfindən ödənilməyib; -Üstəlik hərbi bileti girov saxlanılıb; -Bir gənc hüquqşünası belə hörmətsizcəsinə çölə atmaq və düşmənçiliklə karyerasını ləkələmək ədalətsizlikdir; -qanunsuz əməlləri törədən rəhbər şəxslər cəzalandırılacaq; -Dövlət Sərhəd Xidmətinin Aparatındakı vəzifəli şəxslər bunu Sizdən(E.Quliyevdən) gizlədiblər; -Bu cür şəxslər biz cavanların karyerasını ləkələyir; -Hərbi hissədə ona təzyiqlər artıb və ayrıseçkiliyə məruz qalıb; -Konstitusiyanın 25-ci maddəsi bizə vəd etdiyi bərabərlik hüququ hara getdi?; -İnsan öz hüquqlarını tələb etdikdə mütləqdir ki, ona “demaqoq” damğası vurulsun?; -Haqqımı tələb etdiyim üçün bu cür ayrı-seçkiliklə üzləşmişəm; -Bu günə qədər də müxtəlif vəzifəli şəxslər tərəfindən hədələnmişəm, bu azmış kimi hələ hərbi biletim də korlanıb; -Mənim xəbərim olmadan işdən çıxarıblar; -Sizdən xahiş edirəm mənə qarşı edilən bu ədalətsizliyin qarşısını alasınız; -Bu şəxs təhqiqatçıları gizir kimi xidmətə qəbul etməkdən çəkinmir; -Narazılıq edəni isə xidmətə uyğunsuzluqla xidmətdən xaric edir; -Savadlı kadrlar kənarda qalaraq dövlətdən küsdürülür; -Təsir və təzyiqlərdən çəkinmirlər; -Elçin Quliyev şəxsi ambisiyalarının ucbatından hərbi biletim xoş olmayan maddə ilə ləkələnib və nəticədə gələcək karyeram məhv olunubdur; -Qara-qura addımlardan çəkinmirlər; -DSX rəhbərliyi administrasiyada gələn şikayətləri şablon xarakterli cavablar yazaraq süründürməçilikdən çəkinmir; -DSX rəhbərliyinin qanunsuz hərəkətlərindən şikayətçi olacam. Problemin təsvirinə aid edilmiş bu cümlələrin hər birində neqativ məzmun daşıyan məlumatlar əks olunmuşdur. Mətnlərdə işlədilmiş yuxarıda sadalanan cümlələrdən savayı, mövzu ilə əlaqədar olaraq- “ətlə dırnağın arasına girmək olmaz” kimi atalar sözündən də istifadə edilmişdir. Eyni zamanda yazıda ölkə Başçısına ünvanlanan “sizinlə xalqın arasına nifaq salmaq xainlərin planıdır və bu heç vaxt alınmayacaqdır” cümləsi yer almışdır. İşlədilmiş həmin cümlələr ümumi xarakterli fikirlər kimi işlədilsə də, müəyyən məzmun bağlılığı yaratmış, mətnlərə daha sərt məna çaları vermişdir.Bu cümlələrdən başqa sintaktik bütövlər daxilində Cavabdehlə eyni vaxtda qəbul olunmuş digər hüquqşünasa leytenant zabit rütbəsi verildiyi halda ayrıseçkilik edilmiş, ona(“Karyeram ləkələnib”,“Konstitusiyanı kobud şəkildə pozulur”,“ayrıseçkiliklə üzləşmişəm”,“vəzifəli şəxslər tərəfindən hədələnmişəm”,“ Ədalətsizliyin qarşısını alasınız”, “Orda olan bərabərsizlik”,“Elçin Quliyevin şəxsi ambisiyaları...”,“Karyeram məhv olunub”, “Qara-qura addımlardan çəkinmirlər”,“ süründürməçilikdən çəkinmir”,“ DSX rəhbərliyinin qanunsuz hərəkətləri”, “düşməncəsinə”, “bu hiylə...”. Mətnlərdə işlədilmiş bəzi sözlərin lüğəti izahına nəzər salaq “Qanunsuz”-qeyn-qanuni, qanuna zidd, qanuna müvafiq olmayan, qanun pozan. “Hədələmək”-təhdid etmək, qorxutmaq. “Ayrıseçkilik"-tərəfgirlik, üzgörənlik, ədalətsizlik, bir tərəfin üstün tutulması, obyektiv münasibətin göstərilməməsi. “Ədalətsizlik”-ədalətə, haqq və məsafa riayət etməyən, ədalət hissini itirmiş, insafsız; ədalətə uyğun olmayan, ədalətə zidd. “Bərabərsizlik’’-cəmiyyət üzvlərinin hüquq və ictimai-siyasi cəhətdən bir hüquqda olmadığı vəziyyət. Müvazinətsizlik, uyğunsuzluq. “Ləkələmək-ləkə salmaq, batırmaq, bulamaq; bədnam etmək, rüsvay etmək, qara yaxmaq. “Süründürməçilik”-bir işi, məsələni qəsdən uzatmaq, həllini gecikdirmək, ləngitmək, getgələ salmaq, lüzumsuz rəsmiyyətçilik. “Məhv olunmaq”-puç olmaq, yox olmaq, sıradan çıxarılmaq. “Ambitsiya’’-heysiyyət, iddia, mənlik. “Qara-qura”-pis,kirli, mənfi. “Pozmaq” (Konstitusiyanı)- icazə verilməyən bir iş görmək, qaydadan kənara çıxmaq. “Düşməncəsinə”- düşmən münasibət, düşmən mövqeyində durmaq. “Hiylə”-kələk, biclik, fənd, məkr. Mətnlərdə işlədilmiş bu sözlərin lüğəti məzmunundan görürük ki, kəskin və neqativ mənaya malik sözlərdir. Həmin sözlər ümumilikdə Dövlət Sərhəd Xidmətinin və bir çox hallarda ayrı-ayrı hərbçi şəxslərin əməl və davranışlarına, iş fəaliyyətlərinə aid edilir. Sərt və neqativ məna yükünə malik bu sözlər mətnlər boyunca səpələnərək ardıcıl olaraq istifadə edilmiş, bu da özlüyündə mətnlərin məna-məzmun quruculuğunu formalaşdırmışdır. Materiallarda yer almış bu məlumatlar yönəldiyi DSX-nin və orada rəhbər vəzifələrdə çalışan şəxslərin vəzifə fəaliyyəti ilə əlaqədar olub, mənfi xarakterli məlumatlardır. Məlumatların əsasən şikayət və ittiham məqsədli olduğu müşahidə olunur. Belə ki, istifadəçi tərəfindən irəli sürülənlərdə DSX-nin yüksək çinli məmurlarının ona qarşı qeyri-obyektiv münasibət göstərdikləri, incitdikləri, karyerasını məhv etdikləri, hərbi biletini bilərəkdən ləkələdikləri, ayrıseçkilik yaratdıqları və s kimi məlumatlar irəli sürülmüşdür.Ümumilikdə, tədqiqat materialı leksik, sintaktik konstruksiyalar və sintaktik bütöv mərhələlərdə aparıldı. İfadə olunan məlumatlarda müşahidə olunan informativlik dilin bütün qatlarında, leksik, sintaktik,sintaktik bütöv və mətn səviyyələrində əks olunmuşdır. Bildirilən fikirlər əksəriyyət olmaqla təsdiq və əminlik formasında diqqətə çatdırılır. İstifadəçinin nitq ifadəsində hər hansı tərəddüd əks edilmir. Bildirilən məlumatlar mətni- anlama aspektindən yanaşıldıqda qapalılıqdan uzaq, açıq və aydın cümlələrlə irəli sürülür. Eyham və gizli məna xarakterli fikirlər də yazılanlarda müşahidə edilmədi. Məlumatlarda eyni zamanda müəyyən emosional durumun mövcudluğu aydın olur. Birbaşa təhqir, eləcə də, invektiv leksikaya aid söz və deyimlər mətnlərin tərkibində müəyyən edilmədi. Bütün dil vahidləri ədəbi dil səviyyəsində işlədilən vahidlərdir. Şikayətlərdə irəli sürülən məlumatlar təfsir şikayət və ittiham xarakteri daşıyır.Tədqiqat materialının linqviştik araşdırmasından müəyyən olundu ki, qeyd edilənlərdə DSX-nin ümumilikdə barəsində kəskin məlumatlar, neqativ fikirlər bildirilmiş, yüksək çinli zabitlərin, hərbi qulluqçuların peşə fəaliyyəti və əməlləri ilə bağlı ciddi və sərt məlumatlandırma mövcuddur. Belə frətnlərdə adı keçən şəxslərin vəzifələrində qanunsuzluq, qanunazidd əməllər törədən, hərbi qulluqçular arasında ayrıseçkilik salan, süründürməçilik yaradan, haqsız davranış göstərən, gənc kadrları lazımınca qiymətləndirməyən, karyeralarını ləkələyən şəxslər obrazları yaranmışdır. Həmin fikirlərin sosial şəbəkədə paylaşılması xüsusilə ciddi və sərt məlumatlandırma imkanlarına malikdir. Belə ki, aid edildiyi şəxslərin qanunsuzluqlar, vəzifələrinin icrasında qeyri-obyektiv, ədalətsiz mövqe tutan rəhbər və hərbçi obrazı yaranmışdır. Bu kimi məlumatlar ümumilikdə yönəldiyi qurumun və orda çalışanların ölkə ictimaiyyətinin yanında nüfuzdan düşməsinə, xidmətin fəaliyyəti barədə mənfi və şübhəli rəyin yaranmasına səbəb ola bilər.Cavabdeh müxtəlif sosial şəbəkələrdə işlətdiyi və iddia ərizəsində sadalanan ifadələr Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən ifadələr hesab olunur.Ekspert tədqiqatı aşağıdakı elmi-metodik mənbələrə uyğun aparılmışdır: 1.Azərbaycan dilinin izahlı lüğətləri İİİ cilddə, akademik A.Axundovun redaktəsi ilə, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. «Bakı», 1999. 2.Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı. 1983 3.Hüseynzadə Ç., Rəhmanov C. Dil norması və kriminalistika. Bakı. Nurlan. 2005 4.Abdullayev Ə. Mətni anlama modelləri.Bakı, “Səda” nəşriyyatı, 1999. TƏDQİQATİN NƏTİCƏSİ: Cavabdeh müxtəlif sosial şəbəkələrdə işlətdiyi və iddia ərizəsində sadalanan ifadələr Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən ifadələr hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşin hallarından görünür ki,Cavabdeh müxtəlif sosial şəbəkələrdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətmişdir.İşin bu halı məhkəmə araşdırması zamanı alınan və tədqiq edilən ekspert rəyi ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən həmin ifadələrin cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməklə,sosial şəbəkələrdə,xəbər portallarında yerləşdirdiyi məlumatların təkzib etmək vəzifəsinin qoyulması hissəsində iddia tələbini əsaslı hesab edir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun 03 avqust 2008-cil tarixli qərarının 3-cü bəndində qeyd olunur ki, “Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir” Hazırkı iddia üzrə iddiaçı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti olduğundan mənəvi zərərin tələb olunması hissəsində iddia təmin oluna bilməz. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh üzərinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən ifadələrin onun tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməklə,sosial şəbəkələrdə,xəbər portallarında yerləşdirdiyi məlumatları təkzib etmək vəzifəsi qoyulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza tədiqatının dəyəri olan 150 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh üzərinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən ifadələrin onun tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməklə, sosial şəbəkələrdə, xəbər portallarında yerləşdirdiyi məlumatları təkzib etmək vəzifəsi qoyulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədiqatının dəyəri olan 150 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-151/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-151/2023
01.02.2023 · Sair işlər - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver