Məhkəmə qərarları › İş №2(007)-1526/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1526/2021

08.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1526/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili-Şirvan regional vəkil bürosunun vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Vəkil1, tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “renta müqaviləsin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Uzun illərdir ki, yüksək təzyiq və ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Son 3-4 ildə isə sərbəst hərəkət edə bilmir. Bu səbəbdən xəstəliyi ilə bağlı müalicə ala, gündəlik ərzaqlarını almaq üçün hətta mağazaya gedə bilmir. Cavabdeh vəd etmişdir ki, ona həm maddi, həm də mənəvi köməklik edəcək, onu müalicə almaq üçün tez-tez həkim müayinəsinə aparacaq, zəruri olan gündəlik ərzaqları alacaqdır. Cavabdeh bildirmişdir ki, onun üçün etdiklərinin müqabilində onunla notariat ofisinə gedib vəsiyyətnamə verməlidir. Notariat ofisinə getdikdən sonra ona aydın olmuşdur ki, cavabdeh onunla renta müqaviləsi bağlamışdır. Cavabdehə inanaraq pensiya kartını da ona vermişdir. Müqavilə bağladıqdan sonra ilk ayda cavabdeh onunla maraqlansa da, sonrakı aylarda cavabdeh ayda 1 dəfə, bəzən isə ayda 2 dəfə yaşadığı mənzilə gəlmişdir. O, hətta lazım olan gündəlik ərzaqları da alıb verməmişdir. Cavabdehə xəstəliyi ilə əlaqədar onu həkim müayinəsinə aparmağını xahiş etsə də, cavabdeh qəti şəkildə bundan imtina etmişdir. Çox vaxt onun pensiyasının bir qismini mənimsəmişdir. Cavabdehlə aralarında 2 ildən artıq müddətdir ki, müqavilə bağlanmasına baxmayaraq cavabdeh bir dəfə də olsun mənzilin təmizlənməsinə təşəbbüs göstərməmişdir, o, əziyyətlə olsa da mənzili özü təmizləyir. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur, 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin 4-cü bəndinə əsasən renta ödəyicisi renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağa, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 12-ci bəndinə əsasən “renta ödəyicisi renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər”. Həmin müqavilənin 15-ci bəndinə əsasən “bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir”. Hesab edir ki, cavabdeh müqavilə şərtlərinin heç birinə riayət etmir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh onun yüksək təzyiqdən əziyyət çəkdiyini bildiyi üçün son zamanlar gecə saatlarında öyrətdiyi insanlar qəsdən onun mənzilinin qapısını döyürlər. Bu səbəbdən o, gecələr normal yata bilmir və bu onun səhhətinə pis təsir edir. Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmişdir. Bunları nəzərə alaraq, onunla Cavabdeh arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin ləğv edilməsi, ona vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, bundan əvvəl eyni iddia ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, lakin sonradan cavabdehlə barışıq əldə olunduğu üçün iddiasından imtina etmiş və mülki işə xitam verilmişdir. Əvvəllər Mehparə adlı qonşusu ona qulluq etdiyinə görə, Cavabdeh Mehparəyə 11.000 manat pul ödəmişdir. Sonradan cavabdeh hər ay ona yalnız təqaüd pulunu vermiş, hər hansı kömək üçün ona müraciət etdikdə isə cavab olaraq onun əvəzində pul ödəməsini bəhanə gətirmişdir. Cavabdeh əvvəllər 250 manat pul ödəmiş, sonra isə telefonla zəng edib onunla barışmağı və 350 manat pulu ödəməyi ona təklif etmişdir. Cavabdeh adətən ona pulu çatdırarkən yoldan zəng edib nə almaq lazım olduğunu soruşmuş, lakin cari ilin fevral ayından başlayaraq cavabdeh mənzilə gəlib-getməmiş, onunla maraqlanmamışdır. Hesab edir ki, bununla da cavabdeh müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də təkrarən məhkəməyə müraciət etməli olmuşdur. İddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı evdən sərbəst çıxa bilmir, cavabdeh ona ayda bir dəfə baş çəkir, digər vaxtlarda isə iddiaçının qonşusu Rauf adlı şəxs iddiaçıya köməklik göstərir. İddiaçının yaşadığı mənzilin giriş qapısının gecə saatlarında döyülməsi faktı və nəticədə iddiaçının səhhətində problem yaranması ilə bağlı bildirir ki, İddiaçı iki dəfə Nəsimi rayon polis idarəsinə və “102” məlumat xidmətinə müraciət etməsi, bu hərəkətlərin cavabdehin öyrətdiyi insanlar tərəfindən qəsdən edilməsi, iddiaçının keçirdiyi stress nəticəsində həkimə müraciət etməsi, müayinə və müalicə olunması barədə sübutları yoxdur. Lakin bu məlumatların olduğunu nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, hər ay iddiaçıya məxsus kartdan çıxarılmış təqaüd pulunu, əlavə olaraq 200 manat pulu sonuncuya maddi yardım kimi vermişdir və onların arasında “renta müqaviləsi” bağlananda orada “pulla” bağlı qeyd olmamışdır. İddiaçıya dəfələrlə həkimə getməyi təklif etmişdir, lakin sonuncu bundan imtina etmiş, hətta “təcili tibbi yardım” çağırmaq istədikdə iddiaçı həkimin telefon nömrəsini alaraq ehtiyacı olanda özü zəng edib, evə həkim çağıracağını bildirmişdir. Bundan əlavə, Yeganə adlı qadına iddiaçının mənzilində hər dəfə lazım olan təmizlik işləri görməsi üçün iyirmi manat pul vermiş, ayda beş-altı dəfə, cari ilin iyun ayından sonra isə altı-yeddi dəfə özü iddiaçının evinə baş çəkmiş, ayda dörd-altı dəfə ərzaq almış, hər gün zəng edib maraqlanmış, kommunal xərcləri ödəmiş və bu barədə ödəniş qəbzlərini sübut qismində məhkəməyə təqdim etmişdir. İddiaçı ilə bundan əvvəl eyni əsaslarla məhkəmədə qaldırılan iddia üzrə barışıq əldə olunsa da, iddiaçı bu dəfə onun barəsində “102” xidmətinə şikayət etdiyinə görə ərizənin geri götürülməsi barədə İddiaçı müraciət etməmişdir. O, hal-hazıradək iddiaçıya ümumilikdə 18.000-20.000 manat pul xərcləmişdir. İddiaçının yenidən məhkəmədə iddia qaldırması əsassızdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 cavabdehin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının tələbinin “renta müqaviləsinin ləğvi” hissəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı mövcuddur, iddiaçının iddianı həmin hissədə mübahisələndirmək hüququnun olmadığını nəzərə alıb, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı 25 ildən çoxdur ki, tanıyır. Belə ki, iddiaçı iyirmi il əvvəl mənzili kiməsə yazılı şəkildə vəsiyyət etmiş, lakin həmin şəxs avtomobil qəzasında ağır yaralanmış və yeriyə bilməmişdir. Bundan sonra İddiaçı bir nəfər polis əməkdaşı baxmış, lakin sonradan həmin şəxs rəhmətə getdiyi üçün sonuncunun arvadı ona qulluq etmişdir. İddiaçı daha sonra həmin mənzilə dair Faiq adlı şəxsin adına Yasamal rayonu ərazisində yerləşən notariat kontorunda vəsiyyətnamə yazmış, həmin şəxs İddiaçı 5000 manat pul vermişdir. Bir gün İddiaçı ona bildirmişdir ki, mənzili ona vermək istəyir və bunun müqabilində ona qulluq etməsini ondan xahiş etmişdir. O, 4 il ərzində vicdanla iddiaçıya qulluq edib, alış-verişini etmiş, hər ay ona 300, 350 və 400 manat pul vermişdir. Lakin bir gün İddiaçı onu yanına çağırıb evi Cavabdeh adlı şəxsə renta müqaviləsi üzrə verdiyini bildirmişdir. O, dərhal həmin şəxsin əlaqə nömrəsinə zəng etmiş və bu günə kimi ödədiyi 11.000 manat pulu qaytarmasını sonuncudan tələb etmişdir. Cavabdeh qeyd etdiyi məbləğdə pulu 2 saat ərzində ona çatdırmış, həmin vaxtdan sonra Marqarita ilə bir daha əlaqəsi olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı (renta alan) ilə Cavabdeh (renta ödəyicisi) arasında bağlanmış və Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənməklə, reyestrdə 4-Ə- 911 nömrə ilə qeyd edilmiş “Renta müqaviləsi”nin surətindən görünür ki, “ “Renta alan” Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 104, M2, m1 ünvanında yerləşən ümumi sahəsi 43.6 kv/m olan mənzili “renta ödəyicisinin” mülkiyyətinə verir. Renta üçün özgəninkiləşdirilən əmlakı “Renta alan” “Renta ödəyicisi”nin mülkiyyətinə pulsuz verir. “Renta ödəyicisi”, “renta alan” sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə, müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərclərini ödəməyi öhdəsinə götürür. Rentanın satınalma qiyməti 65.000 manat müəyyən edilir.”; -Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nizami Hüseynov tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı 10 avqust 2020-ci il tarixdə “102” xidmətinə müraciət etmiş və onun müraciəti araşdırılaraq ona cavab məktubu verilmişdir; -Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin təhqiqatçısı Elxan Qasımov tərəfindən qəbul edilmiş 21 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı 11 mart 2020-ci il tarixli müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(007)-640/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına, iddiaçının iddia tələbindən imtina etməsi barədə xahişi nəzərə alınaraq xitam verilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırki 2(007)-1526/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğvi, vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair mülki iş üzrə icraata məhkəmənin 12 iyun 2020-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla işə baxıldığından “renta müqaviləsinin ləğv edilməsi” hissəsində xitam verilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2021-ci il tarixli, 2(103)-5001/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(007)-1526/2021 saylı qərardadından iddiaçının verdiyi şikayət qismən təmin edilmiş, qərardad əvvəllər iddiaçının ömürlük renta müqaviləsinin ləğv edilməsi barədə iddiasından imtina etməsinin, həmin müddətdən sonra da yenidən müqavilənin ləğv edilməsi barədə iddia qaldırmasını istisna etmədiyi əsası ilə ləğv edilərək mülki iş, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinə əsasən iddiaçı, yəni renta alan mülkiyyət hüququ üzrə ona məxsus olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 40, mənzil 34 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilini cavabdehin mülkiyyətinə vermişdir. Bunun müqabilində cavabdeh, yəni renta ödəyicisi, renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə, müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərclərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı, cavabdehin qeyd olunan müqavilə üzrə yuxarıda sadalanan öhdəliklərini yerinə yetirmədiyinə görə həmin müqavilənin ləğv edilməsini, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür; 864.2-ci maddəsinə görə renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir; 879.1-ci maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər; 879.2-ci maddəsinə əsasən əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər. Mülki qanunvericiliyə əsasən müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). İşin faktiki hallarından müəyyən olunur ki, burada, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin müqavilə öhdəliklərinə əməl etməməklə müqavilənin şərtlərini pozduğunu, buna görə də sözügedən müqavilənin 4, 12 və 15-ci bəndlərini əsas gətirməklə, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının ərizəsində göstərdiyi hallar sübuta yetirilməmiş, cavabdehin renta ödəyicisi kimi ömürlük renta müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması hallarına yol verməsi hazırki araşdırma zamanı öz təsdiqini tapmamışdır, iddiaçı isə bunun əksini təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin: 4-cü bəndinə əsasən, renta ödəyicisi renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağa, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərclərini ödəməyi öhdəsinə götürür; 12-ci bəndinə əsasən, renta ödəyicisi renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər; 15-ci bəndinə əsasən, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçının ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını, qeyd olunan müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərinə tam şəkildə əməl etdiyini, yəni iddiaçıya hər ay onun kartından çıxardığı təqaüd pulundan əlavə 200 manat maddi yardım etdiyini, səhhətində problem yarandığı hallarda dəfələrlə iddiaçıya həkimə getmələrini təklif etdiyini, lakin sonuncunun bundan imtina etdiyini, özünün mənzilin təmizlik işlərini görülməsini təmin etdiyini, o cümlədən mütəmadi olaraq iddiaçıya ərzaq aldığını və kommunal xərclərini ödədiyini bildirmiş, bunu təsdiq edən sübut qismində ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Neptun” marketə məxsus çeklərə, ödəniş terminallarının qəbzlərinə, o cümlədən "xxxx" MMC-yə məxsus qəbzlərə nəzər yetirdikdə, iddiaçının müqavilənin bağlandığı tarixdən hazıradək mütəmadi olaraq ərzaq və digər məhsulları alması, o cümlədən qeyd olunan mənzilin kommunal xərclərini ödəməsi və müxtəlif dərman preparatlarını alması sübuta yetirilir, hansı ki, məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçının özü də qeyd olunan çek və ödəniş qəbzlərinə münasibətdə cavabdehin müəyyən vaxtlarda ona bazarlıq etməsini və digər xərcləri ödəməsini etiraf etmiş, cavabdehin müqavilənin şərtlərini hansı formada pozduğuna dair isə mötəbət sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, renta müqaviləsinin ləğv edilməsinin mühüm şərti renta ödəyicisinin ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu anla əlaqələndirilir. Hansı ki, iddiaçı bu əhəmiyyətli dərəcədə pozuntunu təsdiq edəcək sübutunu, eləcə də cavabdehdən 5000 manat məbləğində maddi ziyan tutulmasını tələb etsə də, bu maddi ziyanın yaranmasının əsasları, hesablanma qaydaları, xüsusən maddi ziyanın yetirilməsində cavabdehin təqsirliliyi ilə bağlı müvafiq sübutlar təqdim edilməmiş, iddia tələbini əsaslandırmamışdır. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, renta müqaviləsinin tərəfi olan cavabdeh renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı digər iddia tələbləri ilə yanaşı ona mənəvi ziyan vurulması ilə bağlı da iddia qaldırmış, mənəvi ziyanın həcmini 10.000 manat həddində müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz renta müqaviləsinin şərtləri pozulmaqla maddi ziyanın yetirilməsi ilə bağlı olmuşdur və bundan irəli gəlmişdir, törəmə tələb hesab olunur. Hansı ki, həmin maddi ziyanla bağlı iddia tələbinin əsassız olması və təmin edilməli olmaması məhkəmə iclasında müəyyən edilmişdir. İddiaçı digər tələbində olduğu kimi özünə mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid qismində dindirilmiş X2 ifadəsini, cavabdehin irəli sürdüyü dəlilləri təsdiq edən sübut qismində qəbul edərək qiymətləndirir, qeyd edir ki, göründüyü kimi, iddiaçı daha əvvəl də müvafiq şəxslərlə renta müqaviləsi bağlamış və ya belə növdə müqavilənin şərtlərinə uyğun olaraq müxtəlif şəxslərlə razılığa gəlmiş, lakin sonradan məhz iddiaçının özünün təşəbbüsü ilə onlar arasındakı müqavilə, razılıq şərtləri pozulmuş, onun sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürən şəxslərlə münasibətlərinə son qoymuşdur. Bunun özü də onun göstərir və təsdiq edir ki, mübahisələndirilən renta müqaviləsinin mənasını, məqsədlərini özündə ehtiva edən şərtləri cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulmamış, məhz iddiaçının özünün qərarsızlığı, müqavilə tərəfi olan cavabdehə şübhə ilə yanaşması onun hazırki iddia ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Hansı ki, məhkəmə iclasında təkzibolunmaz sübutlarla müəyyən və təsdiq edilmişdir ki, iddia tələbinin hər hansı hüquqi əsası yoxdur, ümumilikdə əsassız olan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “Cavabdehlə aralarında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin ləğv edilməsi, ona vurduğu maddi ziyana görə 5.000 (beş min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Cavabdehlə aralarında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin ləğv edilməsi, ona vurduğu maddi ziyana görə 5.000 (beş min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar