Məhkəmə qərarları › İş №2(007)-1535/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1535/2025

31.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1535/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən evə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 1477 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən əsassız olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən evə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin aktlara əsasən hesablanmış 1477 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev onun istifadəsindədir. Həmin evə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən evə təbii qazdan istifadə olunması üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir. Onun xəbəri olmadan cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən evə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” bir neçə dəfə akt yazılıb, sonuncu dəfə isə xx.xx.2023cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Nəticədə isə ona 1477 manat borcu yaranmışdır. Cavabdeh təşkilati tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirmişdir. Bildirmişdir ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişdir ki, borcun silinməsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və yaranmış əsassız borcun silinməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndələri bildirmişlər ki, iddia tələbini qəbul etmirlər. Əvvəl həmin evdə yaşayış olub. 2020-ci ilin sentyabr ayında smart sayğac sökülüb və yerinə mexaniki sayğac quraşdırılıb. Üç dəfə akt tərtib olunub: xx.xx.2020-ci ildə sayğaca müdaxilə olunub, xx.xx.2021-ci ildə kənar xətt aşkarlanıb, xx.xx.2023-cü ildə sayğaca müdaxilə olunub. Sonuncu akt üzrə 777,60 manat hesablanıb.

6. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:

9. Dəymiş ziyanın bərpasına dair 31 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal qaz sərfi 0,8 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1,2x24x90=648 m3, 0,8x24x90=1296 m3.

10. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 27 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxış plasmas borusu deşilmişdir.

11. Dəymiş ziyanın bərpasına dair 29 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x12x90=6480 m3.

12. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 17 iyun 2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istifadə müddəti bitdiyinə görə mexaniki G-4 markalı sayğac quraşdırılmışdır.

13. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 mart 2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunduğu aşkar edilmişdir.

14. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 30 sentyabr 2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxış plasmas borusu deşilib, yivli birləşmədə korroziya izləri var.

15. Dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x6x90=2160 m3.

16. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Bakı Filialının 17 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində 2020-2023-cü illər üçün sərf etdiyi qazın orta aylıq sərfiyyatı (24 saat və 12 saat işləmə saatı həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə olunan cihazlar nəzərə alınmaqla, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi və.s) nəzərə alınmaqla) müəyyən edilsin. Rəyin hazırlanması üçün toplanmış materiallara əsasən mütəxəssis qarşısında qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakıları bildirir: "Azəriqaz" İB tərəfindən 2020, 2021 və 2023-cü illərdə 3 aktla iddiaçıya qazdan qanunsuz, istifadəyə görə 1425,60 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80-nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri, - olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin bu tələbinə əməl edilmədiyindən, xx.xx.2023cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777,60 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Qanunvericiliyin hazırki tələbini nəzərə almaqla 2020 və 2021-ci illədə tərtib edilmiş aktlar üzrə qazpaylayıcıya dəymiş ziyanın məbləği aşağıdakı kimi hesablana bilər: Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: -1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3, 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalarının 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla ("Qazdan istifadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3) x12saat x 30 gün=936 m3. Yay ayları üçün ayda 1.2 m3 x12 saat x 30 gün = 432 m3 2020-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 432 m3= 1296 m3 2021-ci ildə tərtib edilmiş 1 akt üzrə: 2 qış ayı x 936 m3= 1872 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının: istehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2020-ci il üzrə: 115 m3 x 0,10 manat + 1181 m3 x 0,20= 247,70 manat. 2021-ci il üzrə: 1005 m3 x 0,10 manat + 867 m3x 0,20 = 273,90 manat olmaqla cəmi 521,60 manat təşkil edər.

17. İddiaçı adına verilmiş **********00031 nömrəli saldodan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə 2020-ci il üzrə 216 manat, 2021-ci il üzrə 432 manat, 2023-cü il üzrə 777,60 manat borc hesablanmışdır.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı məxsusdud. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilə G-4 markalı **********029 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlara əsasən 1477 manat borc hesablanmışdır. İddiaçı məxsus mənzildə 1 ədəd PQ-4 markalı qaz plitəsi real qaz sərfiyatına uyğundur. İddiaçı ona hesablanmış 1477 manat borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1-ci maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2-ci maddəsinə əsasən əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-ci maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Bakı Filialının 17 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3) x12saat x 30 gün=936 m3. Yay ayları üçün ayda 1.2 m3 x12 saat x 30 gün = 432 m3 2020-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 432 m3= 1296 m3 2021-ci ildə tərtib edilmiş 1 akt üzrə: 2 qış ayı x 936 m3= 1872 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının: istehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2020-ci il üzrə: 115 m3 x 0,10 manat + 1181 m3 x 0,20= 247,70 manat. 2021-ci il üzrə: 1005 m3 x 0,10 manat + 867 m3x 0,20 = 273,90 manat olmaqla cəmi 521,60 manat təşkil edər.

23. Məhkəmə qeyd edir ki, 2020 və 2021-ci illər üçün hesablanmış borc tələbi idiaçıdan tələb edilə bilməz. Belə ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

24. "Azəriqaz" İB tərəfindən 2020, 2021 və 2023-cü illərdə 3 aktla iddiaçıya qazdan qanunsuz, istifadəyə görə 1425,60 (216+432+777,60) manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80-nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri, - olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin bu tələbinə əməl edilmədiyindən, xx.xx.2023cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777,60 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz.

25. İş materiallarına əlavə olunmuş abonent saldosundan məlum olur ki, X2 borcu 1425,60 manat təşkil edir. Odur ki, həmin borc silinməlidir.

26. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, xx.xx.2021ci il tarixli ******* nömrəli aktın və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi” hissəsinə münasibətdə bildirir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt və xx.xx.2020-ci il tarixli ******* nömrəli akt inzibati orqan tərəfindən tərtib edilmişdir, və inzibati orqanın qərarının ləğvi mülki iddia icraatının predmeti deyil. Odur ki, sözügedən tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmə xərcləri:

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı Əflətun qızına məxsus **********00031 abonent kodu üzrə hesablanmış 1425,60 manat məbləğində borc silinməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00031 abonent kodu üzrə hesablanmış 1425,60 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar