Məhkəmə qərarları › İş №2(007)-1538/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1538/2020

20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1538/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıcavabdeh “Azəriqaz” İB-yə qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması, 2008-ci ildən hesablanmış ödənişlərin hesablanaraq geri qaytarılması, həmçinin vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İİ qrup əlildir. 2008-ci ildə ailəsi ilə birlikdə istirahətdə olan zaman Azəriqazın əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək onların razılıqları və icazələri olmadan ünvana sayğac yerləşdirilmişdir ki həmin vaxtdan kommunal ödənişi ödəməyə başlamışlar. Belə ki, qeyd edilən mənzil tikilərək 2006-cı ildə onlara təhvil verilərkən sayğac olmamış, kommunal ödənişlər hesablanmamışdır. Mənzilə sonradan özbaşına olaraq sayğaclar yerləşdirilmiş, sonradan kommunal ödənişlər tərəflərindən 100 faiz olaraq ödənilmişdir. Halbuki onlar kommunal ödənişlərin 50 faizindən azad olunmaları barədə məlumatı olmamış, sonradan isə məlumat olan zaman əlilliyə dair sənədləri təqdim etsə də cavabdeh tərəfindən qəbul edilməmiş, ödənişlər 100 faiz olaraq hesablanmışdır. Qeyd edilən məsələ ilə bağlı Azəriqaza müraciət etsə də aralarında mübahisə baş vermiş, İB-nin əməkdaşları ilə aralarındakı konfliktdən sonra 24-cü Polis Bölməsinə məlumat verilmiş, həmin bölmənin sahə müvəkkili ilə cavabdehin əməkdaşları əlbir olub onu pilləkənə sürütdəyərək zorakılıq hərəkətləri etmişlər. 28.02.2020-ci il tarixdən yaşadıqları mənzilə qazın verilməsi dayandırılmış, belə ki, yemək hazırlanması, çay qoyulması, həmçinin yuyunmaq üçün isti sudan istifadə edə bilmir və hal hazırki günədək də cavabdeh tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulmamışdır. Xəstə insandır, buna görə ehtiyaclarını ödəyə bilmir, iztirab çəkir, ona dəymiş ziyanı 5000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Qazın bərpa edilməsi üçün “ASAN Komunal” xidmət mərkəzindən kartı götüməyəcəyini, işin məhkəmə qaydasında həll olunmasını istədiyini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş “Azəriqaz” İB-nin nümayəndəsi Qasımova Sona İlyas qızı iddia tələbini qəbul etmədiklərini bildirərək, qanunvericilikdə iddiaçının qeyd etdiyi kimi əlillərə 50 faiz güzəştlərin nəzərdə tutulmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış 13 may 2008-ci il tarixli, təbii qazla təmin edilmə, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqavilənin surətindən görünür ki, müqavilə təchizatçı ilə istehlakçı arasında təbbi qazın alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri tənzimləyir. Təchizatçı istehlakçını fasiləsiz, normativ sənəndlərə uyğun təbii qazla təmin edir, istehlakçıdan istifadə olunmuş qazın dəyərinin cari ayın sonun qədər ödənilməsini təmin edir. Məhkəmə iclasında müəyyən olundu ki, “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış 13 may 2008-ci il tarixli, təbii qazla təmin edilmə, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqavilənin surətindən görünür ki, müqavilə təchizatçı ilə istehlakçı arasında təbbi qazın alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri tənzimləyir. Təchizatçı istehlakçını fasiləsiz, normativ sənəndlərə uyğun təbii qazla təmin edir, istehlakçıdan istifadə olunmuş qazın dəyərinin cari ayın sonun qədər ödənilməsini təmin edir. Hazırda İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, “Azəriqaz” İB ilə İddiaçı arasında, təbii qazla təmin edilmə, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında 13 may 2008-ci il tarixdə müqavilə bağlanmışdır. “Azəriqaz” İB həmin müqavilə üzrə istehlakçını fasiləsiz, normativ sənəndlərə uyğun təbii qazla təmin etməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində istehlakçı istifadə olunmuş qazın dəyərinin cari ayın sonun qədər ödənilməsini öhdəsinə götürmüş və müqaviləni imzası ilə təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “Azəriqaz” İB tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması, 2008-ci ildən hesablanmış ödənişlərin hesablanaraq geri qaytarılması” hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdeh “Azəriqaz” İB-nin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 1Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı ““Azəriqaz” İB tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması, 2008-ci ildən hesablanmış ödənişlərin hesablanaraq geri qaytarılması, həmçinin vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “Azəriqaz” İB tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması, 2008-ci ildən hesablanmış ödənişlərin hesablanaraq geri qaytarılması, həmçinin vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) aymüddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar