Məhkəmə qərarları › İş №2(007)-1538/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1538/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1538/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Nizami RETSİ və "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi ev 166 ünvanda quraşdırılmış işıq sayğacı (abonent kodu: **********60045) ilə bağlı “Azərişıq’' ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə 7902 manat 19 qəpik məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" ASC-nin Nizami RETSİ cavabdehlər siyahısından çıxarılmasını və ona məxsus Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi ev 166 ünvanda quraşdırılmış işıq sayğacı (abonent kodu: **********60045) ilə bağlı “Azərişıq’' ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə 7537.01 məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda quraşdırılmış işıq sayğacı onun adına rəsmiləşdirilmişdir. Bir istehlakçı olaraq, işıqdan istifadə etmiş, həmin ünvanda quraşdırılmış işıq sayğacına tərəfindən hər hansı kənar müdaxilə və ya digər qanunazidd hərəkətlər edilməmişdir. “Azərişıq" ASC-nin əməkdaşları Quliyev A., Vəliyev G. və Rüstəmov Q. qeyd edilən ünvana onun məlumatı olmadan gəlmiş, guya sayğacın alt qapaq möhürünün siminin kəsilməsini və ümumiyyətlə sayğaca müdaxilə edilməsi barədə akt tərtib edilmişdir. Qeyd etmək istəyir ki, mübahisələndirilən akt onun iştirakı olmadan tərtib edilmişdir və o, yalnız növbəti ay üçün bildiriş aldıqda ona məlum oldu ki, 7902 manat 19 qəpik məbləğində əsassız borc yazmışdır. Həmin məbləğin nəyə əsasən və hansı kriteriyaya görə hesablanması ona aydın deyil. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, sözügedən ünvanda işıqdan istifadə etdiyi müddətdə bunun haqqını tam olaraq ödəmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən, bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. İddiaçı elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, onun tərəfindən yoxlama gəlməmişdən 10 gün qabaq sayğaca müdaxilə edilmişdir. Məhkəmənin iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini azaldılmış həcmdə müdafiə etdi, əlavə olaraq bildirdi ki, iddiaçı yoxlama gəlməmişdən cəmi 10 gün qabaq müdaxilə olduğunu etiraf etmişdir yəni məbləğ həddindən artıq şişirdilib. Ona görə məhkəmənin bunu nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, iddianı qəbul etmir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 05 aprel 2023-cü il tarixli NDM 032254 saylı aktdan görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi ev 166 ünvanda quraşdırılmış sayğacın yoxlanması zamanı sayğacın alt qapaq möhürünün simi kəsilmiş və hər üç fazanın (A,B,C) giriş və çıxış xətləri xüsusi naqil vasitəsilə şuntlanmışdır və bu barədə akt tərtib edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixində EİQ pozulması nəticəsində 7537.01 manat məbləğində borcu vardır. - Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələri üzrə tələblərdən görünür ki, satış sahəsi üzrə tələblər (13.2 kvt x (0.7) x 24 saat x 270 gün) – 1898 kvts= 57977 kvts. Tarif (0.13 man) - 57977 kvts x 0.13=7537.00 manat kimi hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən 05 aprel 2023-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi ev 166 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın yoxlanması zamanı sayğacın alt qapaq möhürünün siminin kəsilməsi və hər üç fazanın (A,B,C) giriş və çıxış xətləri xüsusi naqil vasitəsilə şuntlanması aşkar olunmuşdur bu barədə akt tərtib edilmişdir. Abonentin saldosundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixinə EİQ pozulması nəticəsində 7537.01 manat borc hesablanmışdır. İddiaçı onun tərəfindən sayğaca "xxxx" ASC-nin nümayəndələri tərəfindən yoxlama keçirilmədən 10 gün qabaq müdaxilə olduğunu etiraf etmişdir. Hazırda iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış borcun həddindən artıq çox hesablandığını və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən yoxlama gəlməmişdən 10 gün qabaq sayğaca müdaxilə edildiyi etiraf edilmişdir. O cümlədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş NDM 032254 saylı aktdan da göründüyü kimi, akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində nəzərdə tutulmuş qaydada mənzil sahibinin iştirakı təmin edilməmiş, formal olaraq “imtina etdi” yazılaraq mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. İddiaçı da iddia ərizəsində akt tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hüquq pozuntusuna yol verdiyi hal 10 gün müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış borc qismən silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra sayğacdan kənar qoşulma olması əsası ilə 7537.01 manat borc hesablanmış, qalan məbləğ isə enerji sərfiyyatı üçün hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 6918.99 manat borc silinməlidir. Belə ki, cavabdeh tərəfindən enerji sərfiyyatı üçün 270 gün hesablanmışdır. Lakin akt aprel ayında tərtib edilmişdir. Odur ki, iddiaçı tərəfindən 30 gün üçün enerji sərfiyyatına görə cərimə ödənilməlidir (13.2 x 0.7 x 24 x 30-1898=4754 x 0.13=618.02, 7537.01-618.02=6918.99), enerji sərfiyyatına görə hesablanmış borcun 618.02 manat silinməsi üçün isə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına olan **********60045 abonent kodu üzrə hesablanmış 6918.99 manat məbləğində borc silinməlidir. Ona görə iddia tələbinin cərimənin silinməsi hissəsi təmin olunmalı, iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına olan **********60045 abonent kodu üzrə hesablanmış 6918.99 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar