Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1581/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 952.41 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 52 saylı evin, 4 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30 may 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı sayğaca baxış keçirir və istifadə etdiyi işığa görə qəbz təqdim edirlər. O, isə qəbzdə göstərilən məbləği yəni işıq pulunu vaxtı-vaxtında ödəyir. 10 yanvar 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yenə sayğaca baxış keçirərkən beton döşəmənin altından kənar xətt çəkildiyini qeyd edərək akt tərtib etmişdilər və 952,41 manat cərimə yazmışlar. O, şəkər xəstəliyindən əziyyət çəkən yaşlı qadındır, 1 otaqlı mənzildə tək yaşayır. O, heç bir kənar xətt çəkdirməmiş və ona heç bir ehtiyacı yoxdur. Hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 yanvar 2023-cü il tarixli, 281394 nömrəli akt əsasız tərtib olunmuş və akta əsasən ondan 952,41 manat borc tələb olunur. Məhkəmənin iclasında İddiaçı verdiyi izahatında bildirdi ki, xəstədir, evdə çox vaxt olmur. Ya rayonda, ya da bacısıgildə olur. "xxxx" ASC-nin əməkdaşları gəlib baxanda kənar xətt çəkildiyini görüblər. O, xəstə, tək adamdır. Kənar xətti necə çəkə bilər. Akt tərtib edəndə evdə olmamışdır. İşıq kəsiləndə xəbəri olmuşdur. Sonra qaynar xəttə zəng edib işığı yandırtdırmışdır. Məhkəmənin 26 may 2023-cü il tarixli iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X1 izahatında bildirdi ki, iddianı qəbul etmir. Yoxlama xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Hər ay baxış keçirirlər. Sayğac pilləkən qəfəsində yerləşir. Məhkəmənin 26 may 2023-cü il tarixli iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, kənar xətt aşkar olundu. Bunu sübut edəcək videoçəkiliş var, təqdim edə bilərlər. X5 tərtib edib. Sayğac pilləkən qəfəsində yerləşir. Ayda bir dəfə sayğaca baxılır. Təkbaşına xəstə qadının etməsi mümkün deyildir. Kafelin altından çəkilmişdir. Belə çıxır ki, binanın təmirindən əvvəl olub. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, cavadehin nümayəndəsinin izahatını və şahid ifadəsini nəzərə alaraq, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10 yanvar 2023-cü il tarixli R 281394 saylı aktdan görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 52 saylı evin, 4 saylı mənzilinə quraşdırılmış sayğacın yoxlanması zamanı beton döşəmənin altından kənar xətt çəkilməsi müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixində EİQ pozulması nəticəsində 946.92 manat məbləğində borcu vardır. - Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 2011-ci ildən “hipertoniya xəstəliyi” diaqnozu ilə daimi olaraq ambulator müalicələr alır. xx.xx.2023-cü il tarixdən “şəkərli diabet İİ tip” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********54-05101-093033 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 52 saylı evin, 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən 10 yanvar 2023-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 52 saylı evin, 4 saylı mənzilin beton döşəməsinin altından kənar xətt çəkilməsi barədə akt tərtib edilmiş və kənar xətt "xxxx" ASC əməkdaşları tərəfindən ləğv edilmişdir. Abonentin saldosundan görünür ki, iddiaçı tərəfindən 26 yanvar 2023-cü il tarixinə EİQ pozulması nəticəsində 946.92 manat borc hesablanmışdır. Hazırda iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən çəkilmiş hesab olunan kənar xətt mənzilin beton döşəməsinin altında quraşdırılmışdır, bu səbəbdən iddiaçının döşəmənin altından çəkilmiş kənar xətti başqalarının müdaxilələrindən güdməsi qeyri-mümkündür, kənar xəttin məhz iddiaçı tərəfindən çəkilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Qeyd olunan iş üzrə sübutetmə yükü "xxxx" ASC-nin üzərinə düşür. Məhkəmə iclasında ifadə verən şahid X2 ifadəsində bildirdi ki, kənar xətt aşkar olundu bu halı sübut edəcək videoçəkiliş var. Buna baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. O cümlədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R № 281394 saylı aktdan da göründüyü kimi, akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində nəzərdə tutulmuş qaydada mənzil sahibinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Həmçinin məhkəmə iclasında şahid X2 aktda qeyd olunan aşkar olunmuş kənar xətt telefonun videokamerası vasitəsilə çəkildiyini bildirsə də məhkəməyə videoçəkiliş təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı da akt tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir. Bundan əlavə saldodan görünür ki, 2011-ci ildən 2023-cü ilə qədər abonentin sərfiyyatı 4,5 manat son illər isə lap az olmuşdur. Bu isə iddiaçının izahatında bildirdiyi kimi evdə az yaşamasını sübut edir. Beləliklə qeyd olunan hallar R № 281394 saylı aktın etibarsızlığı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra sayğacdan kənar qoşulma olması əsası ilə 946.92 manat borc hesablanmış, qalan məbləğlər isə enerji sərfiyyatı üçün hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 946.92 manat borc silinməlidir, enerji sərfiyyatına görə hesablanmış borcun silinməsi üçün isə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 yanvar 2023-cü il tarixli R 281394 saylı akt etibarsız hesab edilsin və İddiaçı **********20004 abonent kodu üzrə hesablanmış 946.92 manat məbləğində borc silinməlidir. Ona görə iddia tələbinin cərimənin silinməsi hissəsi təmin olunmalı, iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 yanvar 2023cü il tarixli R 281394 saylı akt etibarsız hesab edilsin və İddiaçı **********20004 abonent kodu üzrə hesablanmış 946.92 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1581/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1581/2023
07.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver