Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1582/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız yazılmış 277,66 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 fevral 2020-ci tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun şəxsi mülkiyyətidir. Hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı sayğaca baxış keçirir və istifadə etdiyi işığa görə qəbz təqdim edirlər. O isə qəbzdə göstərilən məbləği, yəni işıq pulunu vaxtı-vaxtında ödəyir. 20 dekabr 2024-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yoxlanış zamanı yeni sayğac quraşdırıb və yanvar, fevral ayının ödənişini edib, mart ayında isə artıq ödəniş yazıblar və nəticədə isə 277,66 manat borc yazıblar. Hesab edər ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 fevral 2024-cü il tarixli, ******* nömrəli akt əsasız tərtib olunmuş və akta əsasən ondan 277,66 manat borc tələb olunur.
İş materialları:
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
5. xx.xx.2024-cü il tarixli № 364006 saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğacın ekran kablosu işləmir. Axan cərəyan ölçüldü.
6. “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair İcra Vərəqəsindən görünür ki, İddiaçı məxsus ünvandakı sayğacın ekranı oxunmur. Qeyd: 111 x 0,05=8,88 AZN, 160 kvts x 0,09=14,40 AZN, 706 kvts x 0,13=91,78 AZN.
7. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında ******* saylı xx.xx.2024-cü il tarixli ptotokoldan görünür ki, 364006 saylı akta əsasən sayğac yenisi ilə əvəz olunub.
8. Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********79021 olan İddiaçı adına 227,81 manat borc müəyyən edilmişdir.
9. Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********79021 olan İddiaçı adına xx.xx.2025-ci il tarixdə 115,06 (8,88, 91,78, 14,40) manat borc müəyyən edilmişdir.
Tərəflərin izahatları:
10. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda işıq sayğacı evdən çöldə yerləşir.
11. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavandehin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 2025-ci ildə 115 manat məbləğində bir akt var, qalan məbləğ isə sərfiyyatdır. Borcun əsas hissəsi akt və sərfiyyatdan ibarətdir. İddiaçının hal-hazırda 414 manat 11 qəpik borcu var. Bir akt üzrə 91.78 və 14.40 manat məbləğ hesablanıb, qalan sərfiyyatdır. İddiaçı tərəfindən ödəniş olunub, lakin az ödəniş edildiyinə görə borc yığılıb. xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlər üzrə 36.56, 97.52, 94 və 86.52 manat məbləğlər sərfiyyatlardır. xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlər üzrə 1.60, 54.05, 48.18 və 1.60 manat məbləğlər isə limit aşmalarıdır. Çox güman ki, akt sayğaca müdaxiləyə görə tərtib olunub.
İşin faktiki halı:
13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilində yerləşən və İddiaçı adına qeydiyyata alınan sayğacın yoxlanması zamanı sayğacın ekranının oxunmadığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Bundan sonra iddiaçıya məxsus sayğac yenisi ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixli 364006 saylı akt əsasında 115,06 manat borc müəyyən edilmişdir. İddiaçı hazırda hesablanmış 277,66 manat borcun silinməsini məhkəmədən xahiş edir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməməlidir.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış evindən kənarda yerləşən elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh "xxxx" ASC özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla bağlı iddiaçıya borc məbləği hesablanmamalıdır və cavabdeh borcun ödənilməsini tələb edə bilməz.
20. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh sayğaca müdaxilə edilməsini bildirsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
21. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacının zədəli olmasına görə istehlakçı məsuliyyət daşımadığından, sayğaca müdaxilə olunması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən istehlakçı qeyd edilən ünvanda istehlak olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin istehlakçıdan xx.xx.2024-cü il tarixli 364006 saylı akt əsasında 115,06 manat borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır.
22. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən 277,66 manat borcun 115,06 manatı akt əsasında hesablanmış borc olsa da, qalan hissəsi sərfiyyat borcudur.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
25. Bu səbəbdən məhkəmə iddianı qalan hissədə əsassız hesab edir. Belə ki, iddiaçı aylıq elektrik enerjisindən istifadə nəticəsində yaranmış borcu ödəməlidir.
Nəticə:
26. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanı üzrə İddiaçı (abonent kodu **********79021) hesablanmış 115,06 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə hesablanmış 115,06 manat borc cavabdeh "xxxx" ASC tərəfindən (abonent kodu: **********79021) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva