Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1584/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 Cavabdeh qarşı “magistral boru kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin özbaşına tikili hesab edilməsi və sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 Cavabdeh qarşı “magistral boru kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin özbaşına tikili hesab edilməsi və sökülməsi” barədə iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Heydər Əliyev adına X4 məxsus xam neft və neft məhsulu boru kəmərlərinin “Mühafizə Zonası”nın 35 metrlik məsafəsində torpaq zəbt edilməklə ünvan 1 ünvanında Cavabdeh tərəfindən tikinti işlərinin aparılması aşkar edilmişdir. Bundan başqa, həmin ərazidən Dş-300 mm-lik reaktiv mühərrik yanacağı, Dş-500 mm-lik dizel yanacağı, 3 ədəd Dş-500 mm-lik xam neft, Dş-300 mm-lik xam neft, Dş-250 mm-lik xam neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X5 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarana bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X4 məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı) azı 50 metr olmalıdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib, əlavə olaraq bildirdi ki, hal-hazırda cavabdehin qeyd olunan ünvanda yaşayıb-yaşamaması barədə məlumatları yoxdur. Həmin ərazidə əvvəllər cavabdehin kiçik evi olmuş, sonradan həmin evi sökərək yerində yeni evin tikintisinə başlamışdır. Şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilmişdir ki, həmin tikintini Cavabdeh aparır, qanunvericiliyin tələbinə əsasən qeyd olunan tikili özbaşına tikili hesab edilir. Buna görə də Nümayəndə, qeyd edilənləri əsas tutaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmiş, nümayəndə və vəkil vasitəsilə məhkəmə iclasında təmsil edilməmişdir. Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə 07 iyun 2021-ci il tarixdə təqdim etdiyi ərizəsində göstərmişdir ki, o, 2006-cı ildən ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Qızı ailə qurduqdan sonra ailəsi və iki oğlu ilə birlikdə 2013-cü ildən onlarla birlikdə yaşamağa başlamışlar. Ailələri böyük olduğu üçün öz həyətində hasarın içində, öz hesabına heç nəyə mane olmadan ev tikmişlər. Hal-hazırda həmin evdə qızı ailəsi ilə birlikdə yaşayır. Onu da qeyd edir ki, yaşadıqları evlərin heç nəyə maneçiliyi yoxdur. Boru xəttindən 45 metr kənardadır. Əgər fövqəladə bir hal baş versə, hər tərəfə sağa, sola, arxaya maşın yolu var, maşın rahat girib-çıxa bilər. Müraciətinin nəzərə alınıb qərar verilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə 07 iyun 2021-ci il tarixdə təqdim etdiyi qeyd olunan ərizəsini onun izahatı kimi qəbul etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan əraziyə baxış keçirilməsi haqqında 09 fevral 2021-ci il tarixli aktdan görünür ki, qeyd olunan tarixdə Nizami rayonu, P.Fərzəliyev küçəsində vətəndaş Cavabdeh tərəfindən aparılan qanunsuz tikili ilə X4 məxsus xam neft və neft məhsulu boru kəmərləri estakadası (Dş-300 mm-lik reaktiv mühərrik yanacağı, Dş-500 mm-lik dizel yanacağı, 3 ədəd Dş-500 mm-lik xam neft, Dş-300 mm-lik xam neft, Dş-250 mm-lik xam neft) arasındakı məsafənin 35 metr olmaqla mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 26 aprel 2021-ci il tarixli, 10/1591 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin neft kəmərindən 35 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikilinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 məxsus xam neft və neft məhsulu boru kəmərlərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 22-ci maddəsinin 2-ci bəndinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır; 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı Qərarının 4.1-ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Bundan başqa, Önər Yıldız Türkiyəyə qarşı işi üzrə qərarının 54-cü paraqrafında Avropa İnsan Hüquqları Məhkəməsi “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin sahibliyində olan qanunsuz tikili dövlətin müstəsna mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində və tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına inşa edildiyinə, neft boru kəmərlərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyinə, cavabdehin özünün, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığına görə özbaşına tikili hesab edilməli, cavabdeh həmin tikilidən çıxarılmalı və tikili cavabdehin hesabına sökülməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti isə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilsin. ünvan 3 ünvanında yerləşən tikili Cavabdeh vəsaiti hesabına sökülsün. Cavabdeh məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1584/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1584/2021
08.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver