Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1593/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, 1977-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur, uzun müddət ərzində Rusiya Federasiyasında yaşamışdır və oranın vətəndaşlığını almışdır. 2006-ci ildə onun Bakı şəhərində mənzil almaq niyyəti olmuşdur və o, “X1” MTK-nə müraciət etmişdir. Ona izah edilmişdir ki, xarici ölkənin vətəndaşı olduğu üçün mənzilin qeydiyyata alınmasında çətinliklər ola bilər. Buna görə o, aldığı mənzili anası Cavabdeh adına rəsmiləşdirilməsini qərara almışdır. Bildirmək istəyir ki, onun anası Cavabdeh ilə heç bir narazılığı və problemi olmayıb. Aralarında səmimi münasibət olub, o, bacardığı qədər ona maddi kömək etmişdir. Lakin hal-hazırda qardaşı X6 ilə aralarında yaranan münaqişə nəticəsində anası ilə münasibətləri pisləşib və anası onu və ailəsini aldığı mənzilə buraxmır. Baxmayaraq ki, anası və qardaşı hər zaman mübahisəli mənzilin onun tərəfindən alınmasını etiraf etsələr belə, mənzilin onun adına rəsmiləşdirilməsindən imtina edirlər. “X1” MTK-nın məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 32A, M 14, mənzil 1 (keçmiş Azər Manafov küçəsi, məhəllə 2436, mənzil 199) ünvanda yerləşən mənzilin tam dəyərini - 78.252 manat pulu nəğd və tam olaraq o, şəxsən ödəmişdir. Hesab edir ki, “X1” MTK ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2006-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 32A, M 14, mənzil 1 (keçmiş Azər Manafov küçəsi, məhəllə 2436, mənzil 199) ünvanda yerləşən mənzilinə dair müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi qanuna müvafiqdir. Buna görə də, “X1” MTK ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2006-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 32A, M 14, mənzil 1 (keçmiş Azər Manafov küçəsi, məhəllə 2436, mənzil 199) ünvanında yerləşən mənzilinə dair müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 32A, M 14, mənzil 1 (keçmiş Azər Manafov küçəsi, məhəllə 2436, mənzil 199) ünvanında yerləşən mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun anasıdır. Mübahisəli mənzilə dair müqavilə 2006-cı ildə bağlanılıb və pulu ödənilib. 2021ci ildə isə mənzilə çıxarış alınıb. Anası və qardaşı ilə münasibətləri 2021-ci ildə pozulub. Anası heç vaxt işləməmişdir, mənzili o, özü almışdır. Mənzilin pulunu da tam şəkildə özü ödəmişdir. Sadəcə həmin vaxt Rusiya vətəndaşı olduğu üçün mənzil onun adına rəsmiləşdirilə bilməmişdir. O, öz aldığı həmin mənzilə gedəndə anası polis çağırır. Mənzil sadəcə formal olaraq anasının adınadır. Bundan başqa, o, 2006-cı ildə iki mənzil almışdır. 2015-ci ildə isə həmin mənzilləri satmışdır. Evləri anasının adına almışdır. 2020-ci ilədək hazırki mənzilə çıxarış alana kimi aralarında problem olmamışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, mənzilə dair bütün sənədləri Anar özü imzalamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, mübahisəli mənzil onundur, özü almışdır. İddiaçı olan oğlu Anar isə qardaşı Emili evsiz qoymaq üçün mənzili ondan almaq istəyir. O, mənzili 18000 ABŞ dollarına almışdır. O, əvvəllər həyətdə mal-qara saxlamış, parnik saxlamışdır. Həmçinin, qızıl və gümüş əşyalarını da satmışdır. Parnikdə isə güllər yetişdirib Rusiya Federasiyasına satış üçün göndərmişdir. Anar isə həm Bakıda, həm də Rusiyada yaşamışdır. Ona heç kəs mənzil almaq üçün pul göndərməyib, pulu özü qazanmışdır. Anar indi Türkiyədə yaşayır. Digər oğlu Emil isə həmişə onunla yaşayıb. Bundan başqa, evin bütün sənədləşmə işlərini oğlu Emilə tapşırmışdır. Anarın isə həmin mənzilə heç bir aidiyyəti yoxdur. İddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib, izahatında bildirdi ki, iddiaçının atası uzun illər Qaz İdarəsində rəis işləmişdir. Bu səbəbdən onların maddi imkanı həmişə yaxşı olmuşdur. Gülarə 2000-ci ildə Təranə Əliyeva ilə alqı-satqı müqaviləsi bağlayıb Bakıxanov qəsəbəsində ev almışdır. 2013-cü ildə isə ikinci mənzil almışdır. Cavabdeh Bakı şəhəri, Yavər Əliyev və Əliağa Vahid küçələrinin kəsişməsində yerləşən mülkiyyəti isə öz adına özəlləşdirib daha sonra oğlu Azərə bağışlamışdır. Bundan başqa, Gülarə Abıyevanın adına özəlləşdirilməmiş qeyriyaşayış sahələri də olmuşdur. İşin mahiyyəti ilə bağlı bildirir ki, iddiaçı mülkiyyət hüququnun tanınmasını istəsə də, çıxarışın və müqavilənin etibarsızlığını tələb kimi qoymadan hazırki iddiasının təmin edilməsini xahiş edə bilməz. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır və Rusiya vətəndaşıdır. Bu səbəbdən ev ala bilmədiyini bildirir, lakin bu yalandır. Mübahisəli ev anasının adınadır və evin pulunu da o, özü ödəmişdir. Müqaviləni və maliyyə arayışını o, imzalamışdır. Bütün sənədləşmə işlərini özü etmişdi. Anası ilə Anar arasında mübahisə isə pul və ev üstündə olmuşdur. Ev onun anasınındır və öz vəsaiti hesabına alınmışdır. Anarın başqa yerlərdə də evi və bağ evi vardır. Evin pulunu o, ödəmişdir və pulu anası ödəmək üçün ona vermişdir, yəni pul anasının öz pulu olub. Anası qızıl alveri ilə məşğul olmuşdur. Pulla bağlı, qardaşı Azər də onlara kömək edib. Anar isə köməklik etməyib. 2009-cu ilin avqust ayında sözügedən evə köçüblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-nin təsisçisi və rəhbəridir. Anarla 2006-cı ildə tanış olmuşdur. Anar Rusiya vətəndaşıdır. Bu səbəbdən ona mənzil satmaq qeyri-mümkün idi. O, da Anara izah etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı olan ata, ana adına rəsmiləşdirilə bilər. O, isə anasının adına rəsmiləşdirmək qərarına gəldi. Evin pulunu Anar 2 dəfəyə ödədi. Həmin puldan 10000 manat çatmadı, o isə Anara ödəmək üçün vaxt vermişdir. Emil isə onların binasından qeyri-yaşayış yeri də almaq istəmiş və qardaşının Rusiyadan gəlməsini gözləmişdir. Sonra isə Emildən xəbər çıxmamışdır. Emilin iddiaçının qardaşı olduğunu bilmişdir. Çələbiyev Eldəniz isə onun müavini olmuşdur, müqaviləni də o, hazırlamışdır. Müqavilənin əsli onlarda olmur, DƏDRX-də olur. Mənzilin pulu ona yox, maliyyə şöbəsinə ödənilir. Pul tam ödənildikdə Anarın anası orada olmamışdır. Sənədləşməni Anar aparmış, pulun kimin pulu olması barədə isə məlumatı olmamışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X2” MMC-nin adından Rövşən Məmmədli tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, həqiqətən də 2006-cı ildə “X2” MMC-yə və şəxsən ona mənzil almaq məqsədilə İddiaçı yaxınlaşıb onların qiymətləri və sair ilə tanış olmuş və 20 iyun 2006-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzili, 78.252 manata tam ödəməklə öz adına rəsmiləşdirilməsi zamanı İddiaçı RF-nın vətəndaşı olduğu müəyyən olunmuş, elə halda AR-nın mövcud qanunvericiliyinin tələblərinə əsasən adına mənzilin sənədləşdirilməsi mümkün olmadığına görə həmin mənzilin sənədlərinin münasib bildiyi və inandığı birinin adına rəsmiləşdirilməsini məsləhət bilmişdir. Nəticədə həmin mənzilə görə 78.252.00 manat pulu şəxsən İddiaçı, “X2” MMC-yə nəğd və tam olaraq ödəmişdir. Həmin mənzil İddiaçı razılığı ilə formal olaraq Cavabdeh adına rəsmiləşdirilmiş, alıcı tərəfdən bütün sənədlərdə o deyil, İddiaçı imza etmişdir, anası Cavabdeh heç bir sövdələşmə və alqı-satqı proseslərində iştirak etməmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, ev-, mənzil 199 (Yeni qaydalarla: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 32A, M14, m1) tam payda Cavabdeh məxsusdur, bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı məktubundan görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436cı məhəllə, 199 saylı mənzilin qeydiyyata alınmasının hüquqi əsaslarına dair məlumat verilməsi ilə bağlı müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzil 013032 nömrəli xx.xx.2006-cı il tarixli orderə, “X2” MMC-nin maliyyə arayışına, “X2” MMC ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, ev-, mənzil 199 (Yeni qaydalarla: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 32A, M14, m1) Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş, hal-hazırda qeyd olunan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir, bu barədə cavabdehə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 32A, M 14, mənzil 1 (keçmiş Azər Manafov küçəsi, məhəllə 2436, mənzil 199) ünvanında yerləşən mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun tanınması tələb edilən mənzilin Cavabdeh məxsus olmaqla onun mülkiyyətində olması işin mübahisəsiz halıdır, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, sözügedən mənzil cavabdehin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, hazırki halda iddiaçı isə cavabdehin xüsusi mülkiyyətində olan mənzilə mülkiyyət hüququnun tanınmasını tələb edir. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı ilk öncə mübahisəli mənzilin cavabdehin mülkiyyəti kimi qeydə alınmasına əsas olmuş müqaviləni və həmin müqavilə əsasında verilmiş çıxarışı mübahisələndirmədən, həmin mənzilə dair mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmışdır, lakin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan mənzilə dair cavabdehin adına qüvvədə olan rəsmi hüquqmüəyyənedici sənəd Çıxarış mövcud olduğu halda iddiaçının xahişi təmin edilə bilməz. Buna görə də, iddia əsassız olduğundan təmin edilməməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1593/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1593/2022
29.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver