Məhkəmə qərarları › İş №2(007)-1594/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1594/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1594/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyul 2019-cu il tarixli müqavilələyə əsasən ona satdığı “LC LED” markalı 2 ədəd televizor görə yaranmış 920 manat ödənilməmiş hissə, 92 manat cərimə pulu borcun, ümumilikdə 1012 manat dəyərində borcun və 30 manat ödənilmiş dövlət rüsumun, cəmi 1042 manat məbləğindən vəsaitin cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 21 iyul 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1547 manat (11 ay x 100 manat + 147 manat ilkin ödəniş) olan “LC LED” markalı 2 ədəd televizor üçün ümumilikdə 1012 manat olmaqla, ondan 920 manat ödənilməmiş hissə, 270 manat (1 manat x 270 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 92 manat cərimə pulu borcu yaranmışdır. Həmin müqavilə üzrə, cavabdeh ona 627 manat məbləğində ödəmə etmişdir. Beləliklə, müqavilə üzrə cavabdehin ona 920 manat əsas borcu və 92 manat cərimə olmaqla, cəmi 1012 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə X4 arasında bağlanmış 21 iyul 2019-cu il tarixli, 00796747 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən X3 ümumi dəyəri 1547 manat olan “LC LED” markalı 2 ədəd televizor satılmışdır. X4 müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 09 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X2 21 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 920 manat, cərimə borcu 92 manat olmaqla, cəmi 1012 manat borcu qalmışdır. İşə əlavə olunmuş 10 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X4 21 iyul 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. X1 21 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borc 920 manat, cərimə borcu üzrə 92 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar