Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1599/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı istifadəsindədir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus yaşayış sahəsində obyektin elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunması haqqında baxış keçirilən zaman məlum olmuşdur ki, guya abonent sayğacdan kənar xətti mənzilə daxil etmişdir. Bu barədə xx.xx.2014-cü il tarixli, 231934 saylı inventar aktı tərtib edilmiş və həmin akta əsasən İddiaçı "xxxx" ASC-yə ümumilikdə 6083.32 AZN məbləğində borcu hesablanmışdır. Halbuki heç bir qeyri-qanuni işıqdan istifadə halı olmamış və istifadə edilmiş işığa görə ödənişlər vaxtında ödənilmişdir. "xxxx" ASC tərəfindən həqiqətən də işıqdan sayğacdan kənar istifadə edilməsinə dair əsaslı sübutlar yoxdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən sayğacdan kənar “qeyriqanuni” işıq xəttinin quraşdırılmasında günahlandırılmış və ona əsassız olaraq borc hesablanmışdır. Belə ki, birincisi, qeyd edilən akt tərtib edilən obyektin nümayəndəsi qanunsuz aktın imzalanmasından imtina etmişdir. Bundan başqa bildirir ki, orada hər hansı bir sayğacdan kənar “qeyri-qanuni” işıq xəttinin aşkar edilməsi o demək deyil ki, həmin xətt İddiaçı tərəfindən quraşdırılmışdır. Onların tərəfindən obyektə quraşdırılmış işıq sayğacına hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək onların iqtidarında deyil. Belə olan halda, hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımaları absurddur. İşıq xəttinə hər hansı bir müdaxilə varsa, belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən edilə bilər. İşıq xətti kənar müdaxilələrdən mühafizə olunmur. Cavabdeh tərəfindən qeyri-qanuni işıq xəttinin olmasını və həmin xəttin vasitəsilə işıqdan istifadə edilməsinin sübutu kimi yalnız akt tərtib edilmişdir ki, həmin aktın hansı şəraitdə tərtib olması məlum deyil və buna görə də həmin aktın olması nöqsanın olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsinə əlavə edilən mübahisələndirilən xx.xx.2014-cü il tarixli, 231934 saylı aktının surətindən müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə "xxxx" ASC-nin əməkdaşları iştirak edərək akta imza etmişlər. Hesab edir ki, belə halda həmin aktın tərtib edilməsi üçün əsas olan hallar, yəni nöqsanın həqiqətən aşkar edilməsi şübhəlidir. Çünki, hal şahidləri marağı olmayan şəxslər sırasından seçilməli və akta imza etməli olduqları halda, həmin nöqsanların aşkar edilməsini, aktı tərtib edən orqanın öz əməkdaşları təsdiq etmişlər. Göründüyü kimi, cavabdehin müəssisənin qanunsuz hərəkətlərinin nəticəsində ona maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar olmadığından iddia tələbi təmin edilməlidir. Buna görə də, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 231934 saylı akt əsasında ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə ona məxsus abonent koduna hesablanmış 6083.32 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 231934 saylı akt əsasında ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə ona məxsus abonent koduna hesablanmış 6054.03 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, X4 onun əridir və ev onun adına rəsmiləşdirilmişdir, lakin o,vəfat etmişdir. Əri vəfat etdikdən sonra evi öz adına keçirməyib lakin o, ailəsi ilə uzun illərdir həmin evdə yaşayır və işıqdan istifadə edir, istehlakçı özüdür. Hazırda "xxxx" ASC tərəfindən ona hesablanmış borc həqiqətə uyğun deyil və həmin borc şişirdilmiş cərimə məbləğidir. Buna görə də, ərizəsində göstərdiyi ona hesablanmış həmin əsassız borcun silinməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyib, izahatında bildirmişdir ki, iddiaçıya hesablanmış borc şişirdilmiş cərimə deyil, onun istehlak etdiyi elektrik enerjisinə görə yığılmış borclarıdır. Belə ki, o, abonentin saldosunu məhkəməyə təqdim edir və həmin saldoya əsasən hazırkı borc 6054.03 manat təşkil edir. Bundan əlavə, xx.xx.2013-cü ildə abonentin sayğacı dəyişilib. Kənar xəttə görə 484.68 manat cərimə yazılıb. Abonent isə sadəcə xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixdə 2 dəfə 100 manat ödəniş etmişdir. Qalan vaxtlarda isə çox kiçik məbləğlərdə ödəniş etmişdir. İddia tələbi əsassızdır. Buna görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 23 iyun 2014-cü il tarixli, R 231934 saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğacın yoxlanması zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan kənar xətti mənzilə daxil etmişdir. Kənar xəttdən axan yük ampermann cihazı vasitəsilə ölçülmüş, bu barədə akt tərtib edilmişdir. - "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş arayışdan görünür ki, abunə kodu **********1006A olan abunəçi X2 cari tarixə 6054.03 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 23 iyun 2014-cü il tarixli akta əsasən iddiaçıya məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğacın yoxlanması zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan kənar xətti mənzilə daxil etmişdir və bu barədə akt tərtib edilmişdir. Hazırda iddiaçı ona hesablanmış əsassız borcun silinməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin faktiki halları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, iddiaçı cavabdeh tərəfindən ona hesablanmış 6054.03 manat əsassız borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə iclasında tədqiq edilmiş abonent saldosundan müəyyən edilmişdir ki, sayğacdan kənar istifadəyə görə 484,68 manat cərimə yazılmışdır, qalan borc isə iddiaçının elektrik enerjisindən istehlak etməsi nəticəsində yaranmışdır. İddiaçı iddia ərizəsində akt tərtib olunarkən onların iştirakı olmadan tərtib olunmasını bildirsə də, xx.xx.2014-cü il tarixli aktdan görünür ki, “məişət abonenti” qrafasının qarşısında Məmmədov Abbas (ərizəçinin oğlu) qeyd olunub və imza hissəsində “imtina etdi” qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borcun silinməsi barədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1599/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1599/2022
06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver