Məhkəmə qərarları › İş №2(007)-1606/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1606/2021

03.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1606/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun bacısı qızı, 5 dekabr 1991-ci il təvəllüdlü X6 daim çılğın hərəkətlər edərək ərazidə yaşayan digər insanların dincliyini pozmuşdur. Xədicə bir neçə dəfə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş, hər dəfə uzun sürən müalicə kursundan sonra evə, ambulator müalicəyə buraxılmışdır. Həkimlər tərəfindən ona “Şizoaffiktiv pozuntunun qarışıq tipi” diaqnozu qoyulmuşdur. Hal-hazırda xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdədir. Daimi nəzarət altında olmaqla, onun kənar şəxsin köməyinə ehtiyacı vardır. O özü-özünü daimi idarə edə bilmir, etdikləri hərəkətlərin mənasını dərk etmir. Müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Bu səbəbdən, onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyən edilməsinə zəruriyyət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X11 ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Stasionar (Ambulator) kitabçadan çıxarışdan görünür ki, 5 dekabr 1991-ci il təvəllüdlü X4 “Şizoaffiktiv pozuntunun qarışıq tipi” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 30 aprel 2021-ci il tarixli 938 nömrəli rəyindən görünür ki, X2 “Şizoaffiktiv pozuntunun qarışıq tipi” müəyyən edilir. Buna görə də, o, tam fəaliyyət qabliyyəti olmayan şəxs kimi hesab edilməlidir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X1 atası X3 24 iyul 2007-ci ildə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X1 anası X9 26 mart 2014-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan xalası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. X1 atası X3 24 iyul 2007-ci ildə, anası X9 26 mart 2014-cü ildə vəfat etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin həmin hissədə təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 5 dekabr 1991-ci il təvəllüdlü Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 5 dekabr 1991-ci il təvəllüdlü Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar