Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1611/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "Vesta Construktion” MMC ilə o, İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 0578 nömrəli "alqı-satqı müqaviləsi" bağlanmışdır. Müqavilə şərtlərinə görə cavabdeh "xxxx" MMC-nin (icraçı) inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən "MY HOME" yaşayış kompleksindəki (bina) blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m. olan 2 (iki) otaqlı D.5.4 nömrəli mənzilin 89.980 manata alqı-satqısına dair cavabdehlə İddiaçı razılıq əldə etmişlər. Yuxarıda sözügedən müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki yaşayış kompleksində D.5.4 saylı mənzilin tikilməsinə və alqı-satqısına görə ödənilməli olduğu 89.980 manat puldan ilkin olaraq 47.000 manat ödəmiş, qalan 42.980 manatı isə hissə-hissə ödəməyə razılaşmışdır. Qalan 42.980 manatdan 34.980 manatını hissə-hissə ödəmiş, ümumilikdə cavabdehə 81.980 manat ödəmişdir. Beləliklə, onun bu günə cavabdehə cəmi 8. 000 manat borcu qalmışdır. Bu gün də həmin məbləği ödəməyə hazırdır. Lakin cavabdeh bu məbləği məlum olmayan səbəblərdən qəbul etməkdən imtina edir. Belə ki, “Vesta Construktion" MMC-yə qalan 8.000 manat qalıq borcunun ödənilməsində gecikməyə üzürlü səbəblər olmuşdur. xx.xx.2019-cu il tarixdə belində L3-L4 fəqərə arası diskin sol tərəfli yırtığı diaqnozu ilə cərrahi əməliyyat olunmuş, əməliyyatdan 3 gün sonra xəstəxanada müalicə olunmuşdur. Sonra isə, 2 ay ambulator şəraitdə sarğıların dəyişdirilməsi, qoruyucu rejim, ağır fiziki işdə işləməmək şərtilə bel-omba karseti geymək məsləhət görülmüşdür (xəstəlik tarixçəsi barədə epikriz işə əlavə edilir). Bundan sonra xx.xx.2020-ci il tarixdə həyat yoldaşı X2 uzun müddət “süd vəzisinin aşağı-içəri kvadratının bədxassəli yeni ötürməsi" kimi xəstəlikdən vəfat etmişdir (işə ölüm haqqında şəhadətnamə əlavə edilir). Daha sonra himayəsində yaşayan ağır yataq xəstəliyindən əziyyət çəkən atası X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir (işə ölüm haqqında şəhadətnamə əlavə edilir). O, bütün bunlara baxmayaraq, təkrarən xx.xx.2021-ci il tarixdə belində L5-L1 fəqərə arası diskin sol tərəfli yırtığı diaqnozu ilə cərrahi əməliyyat olunmuş, əməliyyatdan 3 gün sonra xəstəxanada müalicə olunmuş və sonra 2 ay ambulator şəraitdə sarğıların dəyişdirilməsi, qoruyucu rejim, ağır fiziki işdə işləməmək şərtilə bel-omba karseti geymək məsləhət görüldü (xəstəlik tarixçəsi barədə epikriz işə əlavə edilir). Bütün baş verənlərlə bağlı o, “Vesta Construktion" MMC-nin rəhbərliyinə X1 dəfələrlə telefon vasitəsi ilə də məlumat vermişdir. Bundan başqa, cavabdeh “Vesta Construktion" MMC üzərinə götürdüyü öhdəliyi də yerinə yetirmir. Müqavilə şərtlərinə görə 1 (bir) il müddətinə evi tikib təhvil verəcəklərinə söz versələr belə, artıq 4 ildir ki, öhdəliyə əməl edilmir. Tikinti işləri yarımçıq saxlanılmışdır. Buna görə də, iddia tələbinin tam təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 0578 nömrəli "alqısatqı müqaviləsi"nə əsasən cavabdeh "xxxx" MMC-in inşa etdiyi Bakı şəhəri, Nizami raycnu, Şirin Mirzəyev küçəsində yerləşən "MY HOME" yaşayış kompleksindəki (bina) blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m. olan 2 (iki) otaqlı D.5.4 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 0578 nömrəli "alqı-satqı müqaviləsi"nə əsasən cavabdeh "xxxx" MMC-in inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən "MY HOME" yaşayış kompleksindəki (bina) blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m. olan 2 (iki) otaqlı D.5.4 nömrəli mənzilin cavabdehə 8.000 manat ödənildikdən sonra, İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, o, 2019-cu ilin iyun ayında Cavabdeh baş direktoru Ceyhun müəllimlə tanış olmuşdur. Mənzil almaq üçün 45000 ödəməklə müqavilə bağlamışdır. Yoldaşı onkoloji xəstə olduğu üçün o demişdir ki, 48 ay müddətinə 900 manat məbləğində ödəniş etməyə imkanı olacaqdır. Ona isə dedilər ki, “36 aya bölərik, maaşın artar, ödəniş etməyə sizə kömək edərik”. 42980 aylara bölünərək 1120 manat hesablandı. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı ağır xəstəlikdən rəhmətə getmişdir. Buna baxmayaraq o, hər ay 900 manat ödəniş edirdi. 2021-ci il tarixdə atası rəhmətə getmişdir. Özü də belimdən 2 dəfə əməliyyat keçirmişdir. Bütün bu çətinliklərə baxmayaraq, o, yenə də 900 manat ödənişi edirdi. 2022-ci il tarixdə ona demişlər ki, pilot layihəyə pul verilməlidir və 8000 manat pulu ödəmək üçün ona 3 ay vaxt vermişlər. Onun həmin vaxtlar krediti də var idi. Xəstəliyinə görə müalicə də götürürdü. Yoldaşı rəhmətə getdikdən sonra o evdə yaşamaq planı yox idi. Belə olan halda o, qərara gəlmişdir ki, evi satışa qoysun ki, pulu ödəyə bilsin. Bu barədə o, Cavabdeh satıcı meneceri olan Zeynal müəllimlə söhbət etmişdir. Ona ümid vererek demişdir ki, “sən evi sat, biz alqı-satqını həll edəcəyik”. O, alqısatqı edən zaman Ceyhun müəllim xəbər tutdu. Ona xəbər vermədiyi üçün hirslənmişdi. İndi isə o, nə 8000 manat pulu götürmür, nə də ki evi ona təhvil vermir. O, artıq evi satmaq istəmir. 8000 manat ödənişi edib almaq istəyir. O, ümumilikdə 81980 manat ödəniş etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0578 saylı müqaviləsindən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki «MY HOME» yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının D blok, 5 mərtəbə, ümumi sahəsi 81.8 kv.m olan, D.5.4 nömrəli 2 otaqdan ibarət mənzili İddiaçı verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 89980 manat təşkil edir, həmin məbləğin 47000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 42982 manat hissəsi 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək ödəniləcək. - İddiaçı tərəfindən məhkəməyə Cavabdeh MMC-yə ödənilmiş pul vəsaitlərinə dair kassa mədaxil orderi qəbzlərinin surətləri təqdim edilmişdir. - ******* nömrəli Epikrizdən görünür ki, İddiaçı “Diaqnoz” Tibb Mərkəzinə müraciət etmiş və ona “L3-L4 fəqərə arası diskin sol tərəfli yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. -AZ-İİ seriyalı 122052 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə vəfat etmişdir. -AZ-İİ seriyalı 193854 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0578 saylı müqaviləyə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki «MY HOME» yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının D blok, 5 mərtəbə, ümumi sahəsi 81.8 kv.m olan, D.5.4 nömrəli 2 otaqdan ibarət mənzili İddiaçı vermiş, tərəflər bununla bağlı razılaşma əldə etmişlər. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 89980 manat təşkil edir, həmin məbləğin 47000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 42982 manat hissəsi 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. İddiaçı üzrlü səbəbdən 8.000 manatlıq ödənişi gecikdirdiyini, bununla belə ümumi qalıq borcu hazırda MMC-yə ödəmək istədiyini, lakin MMC-nin həm ödənişini qəbul etməkdən imtina etdiyini, həm də mənzili ona təhvil vermədiyini bildirir. Hazırda iddiaçı ödəniş edilməklə mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı adıçəkilən mənzilin dəyərini ödəmiş, qalıq 8.000 manat borcun ödənilməsini də MMC-yə təklif etmiş, lakin cavabdeh ödəniş qəbul olunmaqdan imtina edilmişdir. Cavabdeh tərəfindən isə mənzilin hansı səbəbdən iddiaçıya təhvil verilməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh MMC tərəfindən mübahisə predmeti olan mənzilin təhvil verilməməsi üçün əsaslar yoxdur, sonuncunun qalıq ödənişi qəbul etməkdən imtina etməsi isə mənzilin iddiaçıya təhvil verilməməsi üçün əsas ola bilməz, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0578 saylı müqavilə üzrə Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən Blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m olan 2 otaqlı, D.5.4 nömrəli mənzil, 8.000 (səkkiz min) manat qalıq borc ödənildikdən sonra, Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməli, İddiaçı tərəfindən Cavabdeh MMC-yə qalıq borc 8.000 (səkkiz min) manat borcun ödənilməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən Blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m olan 2 otaqlı, D.5.4 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi eyni anda icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0578 saylı müqavilə üzrə Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən Blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m olan 2 otaqlı, D.5.4 nömrəli mənzil, 8.000 (səkkiz min) manat qalıq borc ödənildikdən sonra, Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən Cavabdeh MMC-yə qalıq borc 8.000 (səkkiz min) manat borcun ödənilməsi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksində yerləşən Blok D, mərtəbə 5, ümumi sahəsi 81.8 kv.m olan 2 otaqlı, D.5.4 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi eyni anda icra edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1611/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1611/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver