Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1619/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə düzəliş ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Neft Şirkəti ’'Azəriqaz" İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və 1555 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuş və guya əvvəlki sayğacda mexaninizmin qoruyucu qapağına vurulan zavod plombunun kəsildiyi aşkar olunmuş və bu səbəbdən xx.xx.2023-cü il tarixli, ******* saylı Aktla 1555 manat cərimə tədbiq edilmişdir. O, bununla bağlı bu günlərdə abonentin saldosu ilə tanış olarkən bilmişdir. Göründüyü kimi "Azəriqaz" İB ilə arasında qazdan istifadə ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır və o, mülkiyyətçi olaraq cavabdeh qarşısında yalnız aralarında qazdan istifadə ilə bağlı münasibətlər yarandığı andan onun təqsiri ucbatından yaranmış borcla bağlı riskə görə məsuliyyət daşıyır. Cavabdeh təşkilat sübut etməlidir ki, o, müqavilə üzrə yaranmış riskə görə pul ödəmək öhdəliyi daşıyır. Bundan başqa ünvan üzrə sayğacda hər hansı qüsur yaranmış olsa belə onun məsuliyyətini o daşımır. Çünki, həmin sayğacın qorunması, saxlanması məsuliyyəti vətəndaşın deyil, qaz paylayıcı təşkilatın üzərinə düşür. Cavabdeh təşkilat sübut etməlidir ki, yaranan nasazlıq abonentin təqsiri ucbatndan yaranmışdır. İddia tələbinə etiraz: Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinə münasibətdə etiraz verilərək bildirilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00080 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-760- 1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Hal-hazırda, cavabdehin 1430,20 manat məbləğində borcu qalmışdır. Həmçinin, ******* saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi əsas yoxdur, çünki həmin akt sayğacın əvəz edilməsini özündə əks etdirir və iddiaçının imzası ilə təstiq olunmuşdur. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00080 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 40/3, 8 saylı mənzildə yaşayır və təzə quraşdırılan sayğac girişdə, koridorda, girən kimi qapının sağ tərəfində yerləşir. Onlarda altdakı qonşularında, o cümlədən bir çox qonşularda sayğac evə girən kimi kolidorda qoyulmuşdur. Cavabdeh İB onun xəbəri olmadan akt tərtib etmiş, həmin aktı ona təqdim etməmişlər. Onun iştirakı olmadan 4 ay sonra yanvar və aprelin axırı hesabat ediblər ki, guya plom qırılmışdır. Lakin fakt budur ki, həmin vaxt onu çağırmalı, aktın yazılmasında iştirak etməli idi. Aktda imza atmalı olduğu yerə özləri imtina qeyd etmiş və özləri yazıb qol çəkib aktlaşdırmışlar. Lakin, o, latın əlifbası ilə yaza bilmir, kiril əlifbası ilə yazır. Onlarda uzun müddət elektron sayğac olmuş, 2023-cü ilin yanvar ayının axırında kart sisteminə keçilmişdir. Bəzən, həkimə, xəstəxanaya getdikləri vaxt cavabdeh tərəfin işçiləri gəlirdilər və bu zaman evdə heç kəs olmurdu. O, Tək yaşayır, qızı və bacısı gəlib ona kömək edirdi. xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə iki dəfə ağır əməliyyat keçirmiş, iyul ayında böyrəyi ilə əlaqədar 8 gün xəstəxanada yatmış, tez-tez müalicəyə gedib-gəlmişdir. Həmin vaxt yay ayı olduğu üçün qazı bağlamışlar, qaz istifadə edilməmişdir. Ümumiyyətlə, mənzildə iki gözlü qaz və soba yandırmış, pitiminutkanı da yuyunduqları zaman yandırmışlar. Qışda karta pul yükləyir, lakin kartı vura bilmirdi. Kartı yükləməsi üçün qonşunu çağırırdı. Kartda olan 10 manatlıq balans iki günə bitirdi. O da Pərviz adlı oğlana zəng edib, hətta səsli mesaj göndərib sayğacın xarab olmasını, gəlib aparmalarını demişdir. Lakin Pərviz gəlməmişdir. Bundan sonra qaynar xəttə zəng etmiş, zəng edəndə ona cərimənin olmasını demişlər. Cərimənin nə ilə bağlı olmasını soruşsa da, ona bu barədə heç nə bildirməmişlər. Daha sonra Cavabdeh İB-nin NZS qəsəbəsində yerləşən idarələrinə getmiş, orada rəisin kim olduğunu soruşmuş, rəisə müraciət etmək istədiyini bildimiş, adı və soyadı öyrəndikdən sonra ona cərimə tətbiq edildiyini söylənilmiş, ödənişlərin siyahısı və akt da verilmişdir. Ondan cərimədən xəbərinin olub-olmaması soruşulmuş, o da cərimədən xəbərinin olmadığını bildirmişdir. O, pulu ödəyir, amma qazdan istifadə edə bilmir. Tək adamdır, onun iki balaca otağı vardır. O, orada nə edə bilər ki? Qazı qışda 5 ay yandırmışlar. Qış gələndə görmüşdür ki, pulu karta yükləyir və pulun bir hissəsi gedir. Daha sonra pulun cəriməyə çıxıldığını başa düşmüşdür. O, təqaüdçüdür, xəstə adamdır, hələ cərimə də ödəməlidir. Əvvəllər, köhnə sayğacın şəkilini özləri çəkib onlara atar, onlar da borc məbləğini hesablayırdılar. Dekabr ayında sayğacın şəklini çəkib atmış, borc hesablanmış, bildiriş göndərilmiş, onlar da ödəniş etmişdir. Sayğacın plomu yerindədir. Barəsində bu məsələ ilə bağlı inzibati işi də olmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, xx.xx.2024cü il tarixdə iddia tələbinə münasibətdə verilən etirazda təyin edilmiş baxış iclasının icraatlarında olan digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşməsini üzürlü səbəb kimi qəbul edərək iclasın iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 40/3, 8 saylı mənzildə təbii qazdan istifadə olunması üçün Cavabdeh İB ilə müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. Cavabdeh İB tərəfindən qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-760-1 saylı akt və Təbii X1nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar tərtib olunmuş, aktlar ilə həmin mənzildə ******* saylı sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod plomblarının kəsildiyi aşkar olunmuş və dəymiş ziyanın hesablanması, ödənlməsi tələb olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixli X2 dair Tələbnamə ilə yuxarıda qeyd olunan nöqsanlar ilə təbii qaz itkisinin yaranması və 12960 m3 itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında İddiaçı adlı abonentə xx.xx.2023-cü il tarixdə Zenner G4T Sart markalı, **********802 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00080-dir. Abonentə 2023-cü ilin aprel ayında 1555,20 manat borc hesablanmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, iddiaçının izahatını dinləyib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci, 560.2-ci və 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci, 81-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci, 4.7-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci, 20-ci və 21-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən qaz sayğacına müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü cavabdehin üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi barədə akt tərtib edilsə də həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əlavə edilmiş 8-1-ci hissənin məzmununda qeyd edilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Qanunun məzmunundan görünür ki, istehlakçının qazın talanmasında təqsirli olması qanunda qeyd olunan orqanların və məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsin istehlakçıdan tələb etməlidir. Belə olan halda, hazırkı iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olubolmamasına qiymət verilməsi üçün kifayət edir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz Həmçinin, cavabdeh iddia ərizəsinə etiraz versə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməmiş və bununla bağlı etirazının dəlillərinə mötəbər sübutlar əlavə etməmişdir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 1 üzrə (Abonent kodu: **********00080) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1555 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını və iddia tələbinin təmin edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki iddiaçının ödəməkdən azad olduğu 35,55 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 üzrə (Abonent kodu: **********00080) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 1555 manat məbləğində borc silinsin. Cavabdehndən 35,55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1619/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1619/2024
12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver