Məhkəmə qərarları › İş №2(007)-1665/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1665/2024

09.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1665/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi Məhkəmənin iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kommunal xidmətlər üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “kommunal xidmətlər üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Yasamal rayonu, X4 küçəsi bina 20 ünvanda çoxmənzilli yaşayış binası inşa edilmişdir. xx.xx.2013-cü il tarixli, 00368 nömrəli müqaviləyə əsasən inşa edilmiş yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən 112 kv.m ümumi sahəsi olan, yaşayış sahəsi 50.8 kv.m təşkil edən 345 nömrəli mənzil müqavilənin 2.1-ci maddəsində müəyyən edilmiş şərtlər əsasında payçı Cavabdeh sahibliyinə verilmişdir. Yaşayış binası qanunvericiliyə uyğun olaraq istismara qəbul edildikdən sonra MTK öz fəaliyyətini dayandırmış və yaşayış binasında məskunlaşmış sakinlərə və qeyri-yaşayış sahələrinin sahiblərinə kommunal xidmətlərin göstərilməsini əvvələr "xxxx" MMC-yə, daha sonra isə həmin MMC-nin təsisçisini vəfat etməsi və fəaliyyətinin dayandırılması səbəbi ilə "xxxx" MMC-yə həvalə etmiş və bununla bağlı tərəflər arasında müqavilələr imzalanmışdır. MMC həmin yaşayış binası üzrə idarəçi təyin edilməklə binada yaşayan sakinlərə bütün kommunal xidmətləri- binanın mühafizəsi, işıqlandırma, təmizlik, cari təmir və sair həyata keçirmişdir. Bina sakinləri ilə ümumi razılığa əsasən kommunal xidmət haqqı bir kv.m üçün 0.40 manat müəyyən edilmişdir. Artıq uzun müddətdir ki, MMC tərəfindən xidmət göstərilir və bir neçə sakin istisna olmaqla kommunal xidmətlərə görə müəyyən edilmiş xidmət haqqı ödənilir. Yığılmış xidmət haqqının hesabına işçilərin əmək haqqısı, vergi və sosial ödənişlər, cari təmir və digər xərclər ödənilir. Hazırki iş üzrə cavabdeh isə uzun müddətdir ki, müəyyən edilmiş kommunal xidmət haqqını ödəməkdən imtina etmişdir. Bu əsasla hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Tərtib edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, 345 saylı mənzil üzrə aylıq kommunal xidmət haqqı 45 manat təşkil edir. Cavabdeh son 90 ay üzrə ödəniş etməmişdir. Lakin mövcud məhkəmə təcrübəsi və müvafiq qanunvericiliyin təlbələri nəzərə alınmaqla sonuncu 3 il üzrə komunal xidmət haqqı (36 ay x 45 manat) 1.620 manat təşkil edir. Həmin məbləğ və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu olan 37 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də, kommunal xidmətlərə görə 1620 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 37 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, ev cavabdehə məxsusdur, yalnız çıxarışsızdır. Əgər cavabdeh mənzili satmaq istəyərsə, bu halda MMC-yə müraciət etməlidir. Hal-hazırda da mənzil sonuncunun sahibliyindədir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 00368 nömrəli müqavilənin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 20 ünvanında yerləşən yaşayış massivində 345 saylı mənzili Cavabdeh təklif edir və dəyəri ödənildikdən sonra təhvil verir. - "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 20 ünvanında yerləşən binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 4 giriş 12 mərtəbəsində, ümumi sahəsi 112 kv.m, yaşayış sahəsinin 56,8 kv.m olan 3 otaqlı, 345 mənzilin dəyəri Cavabdeh tərəfindən tam şəkildə ödənilmiş, MTK-ya borcu yoxdur. - Sifarişçi "xxxx" MTK ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 001/DM nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bina sakinlərinə kommunal xidmətlərin göstərilməsi işinin təşkili, həmin xidmətlərin göstərilməsi İcraçıya həvalə olunur, sonuncu göstərdiyi xidmət müqabilində bu müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı alır. Yaşayış binalarının ünvanı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 20-dır. - xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 aprel 2018-ci il tarixdə imzalanmış Servis Xidməti Müqaviləsi ilə əlaqədar MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu X4 küçəsi 20 ünvanda inşa edilmiş yaşayış binalarında yaşayan sakinlərə kommunaltəsərrüfat xidmətlərinin göstərilməsi ilə əlaqədar binalarda yerləşən əsas vəsaitlər, maddi texniki-baza tərəflər arasında imzalanmış 30 aprel 2018-ci il tarixli müqavilənin qüvvədə olduğu müddətdə hazırki Aktla "xxxx" MMC-yə təhvil verilmişdir. - Sifarişçi "xxxx" MTK ilə İcraçı İddiaçı MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 001/DM nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bina sakinlərinə kommunal xidmətlərin göstərilməsi işinin təşkili, həmin xidmətlərin göstərilməsi İcraçıya həvalə olunur, sonuncu göstərdiyi xidmət müqabilində bu müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı alır. Yaşayış binalarının ünvanı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 20-dır. - xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə imzalanmış Servis Xidməti Müqaviləsi ilə əlaqədar MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu X4 küçəsi 20 ünvanda inşa edilmiş yaşayış binalarında yaşayan sakinlərə kommunal-təsərrüfat xidmətlərinin göstərilməsi ilə əlaqədar binalarda yerləşən əsas vəsaitlər, maddi texnikibaza tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilənin qüvvədə olduğu müddətdə hazırki Aktla İddiaçı MMC-yə təhvil verilmişdir. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 081 nömrəli arayışından görünür ki, Yasamal rayonu, X4 küçəsi bina 20, blok 4, 12-ci mərtəbə ünvanda yerləşən 345 saylı mənzil üzrə kommunal borc (1 kv.m 0.40 Azn x 112 kv.m=45 AZN) olmaqla xx.xx.2016-cı il tarxindən xx.xx.2023 tarixinədək 90 ay olmaqla 4050 AZN təşkil edir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 38 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, sifarişçi "xxxx" MTK ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 001/DM nömrəli xidmət müqaviləsinə əsasən, sifarişçi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bina sakinlərinə kommunal xidmətlərin göstərilməsi işinin təşkili, həmin xidmətlərin göstərilməsi İcraçıya həvalə olunur, sonuncu göstərdiyi xidmət müqabilində bu müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı alır. Yaşayış binalarının ünvanı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 20dır. xx.xx.2023-cü il tarixli Akta əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi ilə "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə imzalanmış Servis Xidməti Müqaviləsi ilə əlaqədar MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu X4 küçəsi 20 ünvanda inşa edilmiş yaşayış binalarında yaşayan sakinlərə kommunal-təsərrüfat xidmətlərinin göstərilməsi ilə əlaqədar binalarda yerləşən əsas vəsaitlər, maddi texnikibaza tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilənin qüvvədə olduğu müddətdə hazırki Aktla İddiaçı MMC-yə təhvil verilmişdir. Hazırda iddiaçı, Cavabdeh göstərilən xidmətlərə görə borcunun yarandığını və həmin borcun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcacan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, hərr də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşlıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 420.1-ci maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.2. təklif etmiş tərəfir öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar. 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 560.1-ci maddəsinə əsasən mülki huquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçun - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 22 sentyabr 2020-ci il tarixli qərarı 58. “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir". Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 29 dekabr 2015-ci il tarixli qərarı ...Yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44- 47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xususılə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cu maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir. (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir". Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh göstərilmiş kommunal xidmətlərlə bağlı xidmət haqqı ödəməli olduğundan, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, kommunal xidmətlərə görə 1620 manat pul və dövlət rüsumu kimi ödənilmiş 37 manat pul vəsaiti Cavabdeh tutulub, İddiaçı MMCyə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Kommunal xidmətlərə görə 1620 manat pul və dövlət rüsumu kimi ödənilmiş 37 manat pul vəsaiti Cavabdeh tutulub, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar