Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1666/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizam, rayonu, Qara Qarayev prospekti, 82 a saylı evin, 114 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı sayğaca baxış keçirir və istifadə etdiyi işığa görə qəbz təqdim edirlər. O isə qəbzdə göstərilən məbləği, yəni işıq pulunu vaxtı-vaxtında ödəyir. Nəzərə çatdırır ki, xx.xx.2023-cü il tarixdə ünvanında quraşdırılan sayğac onun iştirakı olmadan çıxarılaraq dövlət yoxlanılmasına göndərilmişdir. Dövlət yoxlanmasının rəyinə əsasən sayğacın dövlət möhürünün pozulduğu, sayğacın üst qapağın yuxarı hissədən qırıldığı və s. aşkarlanmış və bunun əsasında 1658 manat cərimə hesablanmışdır. Heç bir xəbərdarlıq olmadan enerji təchizatları dayandırılmışdır. Bu barədə Nizami rayon "xxxx" ASC adiyyəti quruma məlumat verilsə də, mənzilin enerji təczihatı bərpa olunmamışdır. MTK sayğacları qapalı yerdə quraşdırıldığından yalnız MTK rəhbərliyi və nəzarətçinin iştirakı ilə hər ay sayğac göstəricəsinə baxış keçirilir. Aylar ərzində sayğacda qeyd olunan “gözlə görünən” nöqsanlar olduğu halda bu barədə aidiyyəti qurumlar tərəfindən ona heç bir məlumat verilməmişdir. Hesab edər ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 aprel 2023-cü il tarixli, 022590 nömrəli akt əsasız tərtib olunmuşdur. Hazırki iş üzrə sübut etmə vəsifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və ya hərəkətsizliyim nəticəsində vurulmasını zərərlə, qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməmişdir. Qeyd edilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız yazılmış 1658 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə cəmiyyət tərəfindən əsassız olaraq 1657,26 manat borc hesablanmışdır. Qeyd edilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız yazılmış 1657,26 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, ərizənin və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac binada yelləşir, mənzildən kənardadır. Sayğacın açarı MTK-da və cəmiyyətin işçilərində var. Onlar sayğaca müdaxilə etməmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın üst qapağı yuxarı hissədən qırıqdır, sayğacın daxilində baxış keçirən zaman sayğacın daxilində uzaqdan idarə olunan qurğu aşkarlanmışdır. Sayğac blokda, mənzildən kənarda yerləşir, 2006-cı ildə quraşdırılmışdır. Baxış zamanı sayğacın yarasız olduğu müəyyən edildiyinindən yenisi ilə əvəz edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - əişət istehlakçılarında sayğaclaın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 357397 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacın içərisində pult aşkarlanmışdır. Ə/m müdaxilə var; - Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 022590 saylı xx.xx.2023-cü il tarilxi protokoldan görünür ki, sayğacın ******* nömrəli qırmızı dövlət möhürü pozulmuşdur. Yoxlama zamanı aşkar olunan qüsurlar sayğacın üst qapağı yuxarı hissədən qırıqdır, sayğacın daxilində baxış keçirən zaman sayğacın daxilində uzaqdan idarə olunan qurğu aşkarlanmışdır. Sayğac istismara yararsızdır. - Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********A0114 olan abunəçi İddiaçı 1666,87 manat borcu vardır, xx.xx.2023-cü ildə sayğac dəyişdirilmişdir. xx.xx.2023cü ildə 1657,26 manat borc müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin ünvanda xx.xx.2006-cı ildə quraşdırılmış sayğacın yoxlanması zamanı sayğacın üst qapağı yuxarı vint hissədən qırıq olması, sayğacın daxilində baxış keçirilən zaman sayğacın daxilində uzaqdan idarə olunan qurğu olması aşkarlanmışdır və bu barədə akt tərtib edilmişdir. İddiaçı həmin akt əsasında hesablanmış əsassız borcun silinməsini məhkəmədən xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır; 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır; 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Hesablaşma elektrik sayğacına baxış keçirilməsi və göstərişinin yazılması üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonenti tərəfindən iki hesablaşma dövrü müddətində elektrik sayğacının quraşdırıldığı yerə buraxılmadıqda, onlar məişət abonentinə bununla əlaqə-dar rəsmi bildiriş verirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********A0114 abonent kodu üzrə hesablanmış 1657,26 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına olan **********A0114 abonent kodu üzrə hesablanmış 1657,26 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1666/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1666/2023
21.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver