Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1669/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə cəbhə bölgəsinə ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və ona izah edilmişdir ki, N saylı hərbi hissə komandirinin avqust-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tairxli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarından onun xidməti və yaralanmağı barədə məlumat aşkar olunmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi, maraqlı şəxs qismində cəlb edilmiş orqanın ərizəçinin müraciətindən imtinasının əsasını təşkil edən hal, xx.xx.1993-cü il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, ərizəçi yalnız hərbi hissədə xidmət etməsi barədə müvafiq sənədləri əldə etdiyi halda, bu sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən olunması üçün ümumi məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsində qeyd etdiyi hala mülki icraat qaydasında baxılmalı deyil. Belə ki, ərizəçi məhkəmə aidiyyətini düzgün seçməmişdir. Hansı ki, qanunun mənasına görə qeyd olunan xarakterli müraciətin təmin olunmasından inzibati orqan tərəfindən imtina edilərsə, o cümlədən inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə iddia qaldırılarsa, belə iddialara ümumi məhkəmədə baxıla bilməz, iddiaçı qanunvericiliyin müvafiq tələblərinə əməl etdikdən sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçinin həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçinin həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1669/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1669/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver