Məhkəmə qərarları › İş №2(007)-1693/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1693/2021

31.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1693/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı qızının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması” barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 12 avqust 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Lakin sonradan ailədaxili problemlər səbəbindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(008)- 430/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, o da öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş Cavabdeh2 mülkiyyətində olan “Mitsubishi Pajero İO” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə edilmiş pulun ½ hissədə bölünməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin həmin qərardad vaxtında icra edilməsi üçün göndərilmədiyindən 17 avqust 2020-ci il tarixdə cavabdeh onun mülkiyyət hüquqlarını pozaraq onun razılığı olmadan gizli şəkildə həmin mübahisə predmeti olan avtomobili alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər Cavabdeh1 satmışdır. Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(001)-2790/2020 saylı qətnaməsilə ilk və qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduqları dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan “Mitsubishi Pajero İO” minik markalı, AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında ½ hissədə bölünməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Lakin hazırda icra edilə bilmir. Bu səbəbdən də Nizami Rayon İcra və Probasiya Şöbəsinin 17 fevral 2021-ci il tarixli məktubuna əsasən icrası mümkün olmayan icra sənədi kimi Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hesab edir ki, Cavabdeh2 qəsdən gizli şəkildə birgə nikah dövründə əldə edilmiş əmlakı satması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə hərrac vasitəsilə satılaraq ona yarı hissəsi çatmalı əmlakdan onu məhrum etmək niyyətilə bağlanmış əqd olduğundan həmin alqı-satqı müqaviləsi qanunsuzdur və hu halda həmin mübahisə predmeti olan nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. “Mistsubishi Pajero İO” markalı, hazırda ** BH *** (əvvəlki AZ **-BD-***) dövlət qeydiyyat nişanlı, gümüşü mctallik rəngli, H76W0200355 ban nömrəli avtomobilin satılmasına dair Cavabdeh2 və Cavabdeh1 tərəfindən bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pozulmuş hüququnun bərpa edilərək nəqliyyat vasitəsinin yenidən Cavabdeh2 adına qeydiyyata alınaraq mülkiyyətə qaytarılması və Cavabdeh2 adına yeni texniki pasportun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, birgə nikah dövründə avtomobil alınarkən o, 5.000 manat, Cavabdeh2 atası isə qalan pulu düzəltmiş və onlar avtomobili almışlar. Aralarında bağlanmış nikah pozulduqdan sonra, məhkəmə qətnaməsi ilə qeyd olunan avtomobilə onun və Zərintacın hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Bundan əlavə, nikah pozulmamışdan əvvəl Zərintac uşaqlarını baxçaya aparmış və baxçanın müdiri olan, hazırkı iş üzrə Cavabdeh1 ilə aralarında həmin dövrdən sevgi münasibətləri yaranmışdır. Zərintac ilə boşanmalarının səbəbi də məhz bu olmuşdur. O, cavabdehlər arasında sevgi münasibətlərinin olmasını təsdiq edən fotoşəkilləri də məhkəməyə təqdim edir. Eyni zamanda, avtomobil alqı-satqısı zamanı guya onun da orada olması barədə cavabdehlərin bildirdikləri fikirlər tamamilə uydurmadır. O, qeyd olunan avtomobilin alqı-satqısında iştirak etməmiş, buna görə alqı-satqının harada baş tutması barədə məlumatı olmamışdır. O, cavabdehlərin yalan məlumat verməsinə görə aidiyyəti hüquq mühafizə orqanlarına şikayət ünvanlayacaqdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, verdiyi izahatında bildirdi ki, Cavabdeh2 vaxtilə uşağını onun rəhbərlik etdiyi baxçaya gətirmişdir. Bir müddət sonra iddiaçı avtomaşınını satmaq istədiyini ona bildirmiş, o, avtomaşına baxmış və 3.000 manata razılaşmışlar. Bundan sonra iddiaçı ilə o, sənədləşmə üçün görüşmüş, Cavabdeh2 isə gəlib sənədi imzalayıb getmiş və o, 3.000 manat pulu iddiaçıya ödəmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib, verdiyi izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi avtomaşını 29 yaşı tamam olanda atası ona hədiyyə kimi almışdır, o, avtomaşın satıldığı müddət ərzində Rasimi tanımış olsaydı, maşını Rasimə satmazdı. Alqı-satqı məsələsini Rasimlə Niyaməddin öz aralarında razılaşmışlar və o, sadəcə müqaviləni imzalamışdır. Rasimlə onun arasında, Niyaməddinlə olan nikahının ləğvindən əvvəl hər hansı münasibət olmamışdır, iddiaçının təqdim etdiyi fotoşəkillər nikahın ləğvindən sonra çəkilmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məkəməyə gəlməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(008)- 430/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında Cəbrayıl rayon VVADQ şöbəsində 12 avqust 2015-ci il tarixdə 315 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 02 fevral 2014-cü il təvəllüdlü X1 anası Cavabdeh2 yanında saxlanılması, cavabdeh İddiaçı 02 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir; -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(001)- 2790/2020 saylı qərardadından görünür ki, İddiaçı ərizəsinin təmin edilməsi, Cavabdeh2 mülkiyyətində olan “Mitsubishi Pajero İO” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır; -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(001)- 2790/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan “Mitsubishi Pajero İO” markalı, AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında ½ hissədə bölünməsi qət edilmişdir; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin çıxarışından görünür ki, ** BD *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero İO” markalı, 2000-ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 17 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra “** BH ***” olaraq dəyişdirilmişdir; - AD seriyalı, 925889 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BH *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero İO” markalı, 2000-ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır, şəhadətnamə 17 avqust 2020-ci il tarixdə verilmişdir; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 22 aprel 2021-ci il tarixli, 314-1470-1221 saylı məktubundan və ona əlavə edilmiş 17 avqust 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında 17 avqust 2020-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünə məxsus ** BD *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero İO” markalı, 2000-ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsini 9.300 manat məbləğə alıcıya satmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 aralarında nikah bağlanmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah akt qeydi pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan “Mitsubishi Pajero İO” markalı, AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında ½ hissədə bölünməsi qət edilmiş və qeyd olunan nəqliyyat vasitəsini 17 avqust 2020-ci il tarixdə Cavabdeh2 aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 9.300 manat müqabilində Cavabdeh1 satmışdır. “Mitsubishi Pajero İO” markalı, 2000-ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 17 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra “** BH ***” olaraq dəyişdirilmişdir. Hazırda iddiaçı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılmasını xahiş edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, iddianın predmetini təşkil edən “Mitsubishi Pajero İO” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Göründüyü kimi, İddiaçı ilə aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulduqdan sonra Cavabdeh2, iddiaçının razılığı olmadan birgə nikah müddətində əldə edilmiş əmlak olan “Mitsubishi Pajero İO” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 avqust 2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır, hansı ki, alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl qeyd edilən nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsinə əsasən məhkəmə qətnaməsi çıxarılanadək iddianın təmini tədbiri qismində həbs qoyulmuş, bu halın özü də hazırki iş üzrə Cavabdeh2 məhz həmin tarixdə məhkəmə iclasında şəxsən iştirak etdiyindən məlum olmuşdur. O, məhkəmənin icraatında avtomobilin hərracda satılması yolu ilə dəyərinin tərəflər arasında bölünməli olması ilə bağlı iddia tələbi olduğu halda iddianın predmeti olan əmlakı özgəninkiləşdirməyə nail olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında sevgi münasibətlərinin olmasını təsdiq edən və məhkəməyə təqdim edilmiş fotoşəkillər, o cümlədən cavabdehlərin məhkəmə iclasında nəqliyyat vasitəsini guya 3.000 manat müqabilində iddiaçıya satmaları barədə verdikləri ifadələr də özü-özlüyündə qeyd olunan alqı-satqı müqaviləsinə münasibətdə işin faktiki halları ilə ziddiyyət təşkil edir. Çünki, iş materiallarında olan 17 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsindən də göründüyü kimi, nəqliyyat vasitəsinin alqı-satqı qiyməti 9.300 manat müəyyən edilmişdir, müqavilə tərəfləri də həmin müqaviləni imzaları ilə təsdiq etmişlər, sonradan da mübahisələndirilməmişdir. Bununla da, faktiki olaraq iddiaçının qanunla qorunan mülkiyyət hüquqları məhdudlaşdırılmış, o cümlədən “İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan “Mitsubishi Pajero İO” markalı, AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında ½ hissədə bölünməsi” barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(001)-2790/2020 saylı qətnaməsi icra oluna bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru T.Hümbətzadənin 17 fevral 2021-ci il tarixli qərarından görünür ki, aparılmış icra tədbirləri nəticəsində “Mitsubishi Pajero İO” markalı, AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 17 avqust 2020-ci il tarixdə alqı-satqı yolu ilə özgəninkiləşdirilmiş, bu səbəbdən icra sənədinin icrası mümkün olmadığından icra sənədi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki işin məhkəmə tədqiqi ilə müəyyən edilmiş nəticə ondan ibarət olmuşdur ki, Cavabdeh1 iddiaçı Cavabdeh2 ilə olan yaxın münasibətləri nəticəsində Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakı əldə edərkən (adına alqı-satqı müqaviləsi bağlanarkən) alıcı kimi əqdin legitimsizliyi barədə bilmiş, məlumatlı olmuşdur, ona görə də o, vicdanlı alıcı qismində qəbul oluna bilməz, Cavabdeh2 niyyəti isə məhkəmə mübahisəsinin predmeti olmaqla ayrıldığı həyat yoldaşı İddiaçılə birgə nikah dövründə əldə etdikləri əmlakı özgəninkiləşdirmək olmuşdur. Belə olan halda, əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə bağlandığı andan etibarsız hesab olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Mitsubishi Pajero İO” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı (hazırda ** BH *** dövlət qeydiyyat nişanlı), 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 17 avqust 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və Cavabdeh1 adına verilmiş “Mitsubishi Pajero İO” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməli, qeyd olunan nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətinə qaytarılmalı və Cavabdeh2 adına yeni nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə, iddiaçı isə dövlət rüsumunu tələb etmədiyindən, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Mitsubishi Pajero İO” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı (hazırda ** BH *** dövlət qeydiyyat nişanlı), 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 17 avqust 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və Cavabdeh1 adına verilmiş “Mitsubishi Pajero İO” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilsin. “Mitsubishi Pajero İO” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı (hazırda ** BH *** dövlət qeydiyyat nişanlı), 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətinə qaytarılsın və Cavabdeh2 adına yeni nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar