Məhkəmə qərarları › İş №2(007)-1709/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1709/2021

31.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1709/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və GPG12311266 nömrəli qaz sayğacına yazılmış 324 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzili o, X3 ******* saylı alqı-satqı müqaviləsi ilə 12 sentyabr 2019-cu ildə almışdır. Nizami Rayon Qaz İdarəsinin əməkdaşları ona bildirirlər ki, guya onun Qaz İdarəsinə 324 manat borcu vardır. Lakin bu borc o, mənzili aldığı vaxtadan əvvəlki tarixə aiddir və mənzilin əvvəliki sahibi X4 məxsusudur. Alqı-satqı müqaviləsindən görünür ki, o, həmin mənzili X1 almış və həmin borcun ona heç bir aidiyyatı yoxdur. Nizami Rayon Qaz İdarəsinin əməkdaşlarının hesab etdiyinə görə onun hal-hazırda qaz idarəsinə 324 manat borcu yaranmışdır. Buna görə də o, qaz sayğacını öz adına keçirə bilmir. Qaz idarəsinin əməkdaşları mənzil satılarkən niyə buna nəzarət etməmişlər və ondan köhnə mənzil sahibinə aid olan borcu tələb edirlər. Bütün bu problemlərin yaranmasında onun günahı yoxdur. Buna görədə əsassız hesablanmış 324 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd edtdi ki, iddiaçı tərəfindən silinməsini istədiyi borc ona aid deyil. Həmin mənzilin əvvəlki mülkiyyətçisi olan Əliyev Elçinə aiddir. Hazırda iddiaçının, Əliyev Elçinə aid olan borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 13 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan GPG12311266 nömrəli qaz sayğacı haqqında məlumatları əks etdirən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanına quraşdırılmış sayğac üzrə abonentin adı Əliyev Elçindir və onun borcu 324.2 manat təşkil edir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iş materiallarında olan GPG12311266 nömrəli qaz sayğacı haqqında məlumatları əks etdirən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanına quraşdırılmış sayğac üzrə abonentin adı Əliyev Elçindir və onun borcu 324.2 manat təşkil edir. Göründüyü kimi İddiaçı silinməsini xahiş etdiyi borc məbləği abonent Əliyev Elçinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Əliyev Elçinin adına hesablanmış borc məbləğinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “ünvan 1 ünvanda yerləşən və GPG12311266 nömrəli qaz sayğacına yazılmış 324 manat borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “ünvan 1 ünvanda yerləşən və GPG12311266 nömrəli qaz sayğacına yazılmış 324 manat borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar