Məhkəmə qərarları › İş №2(007)-1717/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1717/2021

18.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1717/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, anası X4 01 avqust 2020-ci ildə vəfat etmişdir. Bu barədə ona ölüm haqqında şəhadətnamə verilmişdir. Onun mərhum anasının mülkiyyətində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmiş və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 1 saylı binanın 35 saylı mənzilində yerləşən əmlak vardır. Lakin o, mirası qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. Buna səbəb isə vərəsəliyi qəbul etmək üçün notariusa müraciət etməli olmasını bilməməsi olmuşdur. O, mərhum anasına məxsus əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhər 15 saylı xüsusi notariusu X6 müraciət etmişdir. Lakin, orada ona bildirilmişdir ki, o, mirası qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır və bu məhkəmənin səlahiyyətinə aiddir. Bu barədə Bakı şəhər 15 saylı xüsusi notariusunun 27 fevral 2021-ci il tarixli notarial hərəkətinin aparılmasından imtina məktubu vardır. 01 avqust 2020-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakı qəbul etmək üçün buraxılmış müddətin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, mirasın qəbul edilməsi üçün qanunvericilikdə müddət nəzərdə tutulmasından xəbəri olmamışdır. Onlar ailədə iki bacı, üç qardaş olmaqla, beş övlad olmuşlar, bacısının biri rəhmətə getmişdir. Anası evi Moskva şəhərində yaşayan qardaşına vəsiyyət etmişdir, lakin sonuncu bundan imtina etmişdir. Bacısının isə mirası qəbul etməsindən xəbəri yoxdur. O, öz payını qardaşına vermək istəyir, bacısı ilə əlaqəsi yoxdur. Qeyd etdiyi mənzildə qardaşı ailəsi ilə birlikdə yaşayır. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktublarla müraciət edərək işin çoxluğunu nəzərə alıb, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır, bir bacısı isə rəhmətə getmişdir. O, ünvan 1 ünvanında yaşayır və qeyd etdiyi mənzillə bağlı iddiaçı ilə arasında hər hansı mübahisə yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu A.K.Məmmədovun 27 fevral 2021-ci il tarixli, 202 saylı məktubundan görünür ki, 01 avqust 2020-ci il tarixdə vəfat etmiş anasının adına açılmış vərəsəliyin qəbulu müddətini ötürdüyü, vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilməsi İddiaçı izah edilmişdir; - İ-ИЕ seriyalı, 070347 saylı “evlənmək haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 03 mart 1935-ci il təvəllüdlü X5 ilə 26 avqust 1957-ci il tarixdə evlənmişlər, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 48 nömrə ilə lazımı qeyd edilmişdir, evlənmə qeyd ediləndən sonra kişi “Hüseynov”, arvad isə “Hüseynova” soyadını götürmüşdür; - İ-ИЕ seriyalı, 303707 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1959-cu il tarixdə doğulmuşdur, atası X9, anası X3r; - AZ-İİ seriyalı, 109416 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 01 avqust 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 avqust 2020-ci il tarixdə 555 nömrə ilə qeyd edilmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 1 saylı evin 35 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X2 adına 19 iyul 2011-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə iclasında müəyyən olundu ki, 01 avqust 2020-ci il tarixdə ölmüş X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 1 saylı evin 35 saylı mənzili miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsəsi hazırkı iddiaçı, onun oğlu İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinə müraciət edərək mərhum anasından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X2 01 avqust 2020-ci il tarixdə ölməsi ilə ona məxsus əmlak, onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan oğlu İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, mərhum hazırkı iddiaçı ilə birlikdə yaşamış, mərhumun dəfn və yas mərasimləri iddiaçı tərəfindən həyata keçirilmişdir. Buna görə iddiaçının mirası qəbul etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır. Lakin iddiaçı hüquqi savadının olmaması ilə əlaqədar mirası rəsmi qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, müvafiq notariat ofisinə yalnız 27 fevral 2021-ci il tarixdə müraciət etmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum anasının 01 avqust 2020-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, onun miras əmlakı faktiki olaraq qəbul etməsi müəyyən edildiyindən, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı 01 avqust 2020-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 01 avqust 2020-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar