Məhkəmə qərarları › İş №2(007)-1785/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1785/2021

21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1785/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 3 saylı yaşayış evinin 57 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlə mənzilində təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmışdır. Eyni zamanda da istifadə olunan qaz sərfıyyatını hesablamaq üçün mənzili olan binanın girişində cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmış və sayğacın üzərinə plomb da qoyulmuşdur. Həmin mənzilində istifadə olunan təbii qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Bu faktı cavabdeh tərəfindən verilmiş və iddia ərizəsinə əlavə etdiyi “Abonentin saldosu” adlanan elektron cədvəl də təsdiq edir. Həmin cədvəldən də məlum olur ki, qeyd olunan ünvanda hər ay orta hesabla 40-50 kub metr təbii qaz istifadə edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 3 saylı yaşayış evinin 57 saylı mənzilinə dair Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2018-ci il tarixdə ******* saylı Akt tərtib edilmişdir ki, guya mənzilinə aid qaz sayğacına vurulmuş “plomb” yoxdur. Həmin Akta əsasən ona qarşı qanunsuz olaraq 325 manat borc yazılmışdır. Bu barədə sonuncu dəfə ona 31.01.2021 -ci il tarixli bildiriş-xəbərdarlıqla məlumat verilmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin Akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Belə ki, xususi mülkiyyətində olan mənzili yerləşən binanın giriş hissəsində quraşdırılmış qaz sayğacının təhlükəsizliyi üçün o, cavabdehlik daşımır. Həmin borcun silinməsini barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir.Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izahatı verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. “Qazdan istifadə Qaydaları”nın 4.8ci bəndinin tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və suiistifadə hallarının yaranmasına səbəb olur. Belə ki, qaydaların 4.8-ci bəndinə münasibətdə təhlili edilən çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar istehlakçının xüsusi mülkiyyət sayılan mənzilinin balkonunda yeləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davma edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsinin tələb edir ki, bu xərclər tə Tarif Şurası tərəfindən müəyyən edilən təbbi qazın dəyərində nəzərə alınmayıb, ikincisi həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxarıda qeyd etdiyiniz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyət vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikası Energetika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunan tələbin təhlildən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-ci maddəsinin, Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri ucbatından baş verdikdə qaz sayğacının təmin olunması, texniki baxışdan keçirilməsi, dyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsati hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Birlik tərəfindən tərtib olunan aktların və verilən rəylərin mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbbi bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərərçəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar – faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu aşkar surətdə bəllidir.Təsadüfü deyil ki,”Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektirk və istilik enerjisi, su və qaz) inkişafına dair X4” nin Tədbirlər Planının 4.1.4-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Odur ki, qeyd olunanların nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarmağınızı sizdən xahiş edir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən ki, İddiaçı oğlu Bakı şəhəri, Ə. Hacıyev küçəsi,ev 15,mənzil 43 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 0559785 saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu A.Manafov küçısindəki 3 saylı evin 57 saylı mənzili İddiaçı oğlunun xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 3 saylı yaşayış evinin 57 saylı mənzilinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2018-ci il tarixdə ******* saylı Aktdan görünür ki, sayğacın qayka birləşməsində vurulmuş plomb yoxdur. Abonentin saldosundan görünür ki, İddiaçı oğlunun Bakı şəhəri Nizami rayonu A.Manafov küçısindəki 3 saylı evin 57 saylı mənzilində quraşdırılmış **********00013 sayğac üzrə istifadə olunmuş qaz sərfiyyatına görə 325 manat borc möcuddur. Göründüyü kimi,iddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış sayğac üzrə qaz sərfiyyatından yaranmış 325 manat borc vardır.Həmin borcun silinməsinin hüquqi əsasları mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf) Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı öz tələblərinin istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı oğlunun Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar