Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1809/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2, X3 və X4 cəlb edilməklə cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “miras əmlaka dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2, X3 və X4 cəlb edilməklə cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “miras əmlaka dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum anası 14 oktyabr 2023-cü il tarixdə vəfat etmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.10 kvadrat metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0336 ha torpaq sahəsi ½ hissəsinin tam payda İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 39.1. daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
3. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) ilə bağlı mübahisələrə müstəsna aidiyyət şamil olunur.
4. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
5 Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, ərazi aidiyyatına dair mülki prosessual qanunvericiliyin tələblərini pozulmaqla məhkəməyə müraciət edilmişdir. Hansı ki mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
7. Belə ki, məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, İddiaçı anası X1 miras qalmış əmlaka dair tam hissədə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi miras qoyanın qanun üzrə digər vərəsələri miras əmlakın qəbul edilməsinə dair ərizə ilə notariat ofisinə qanunla müəyyən edilmiş müddətdə müraciət etdikləri üçün miras əmlaka tam hissədə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina etmişdir.
8. İşin faktiki hallarından görünür ki, hazırda isə iddiaçı miras əmlak üzərində tam pay hüququnun müəyyən edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət edərək, miras əmlak üzərində tam pay hüququnun müəyyən edilməsini, yəni həmin əmlak üzərində onun tam mülkiyyət hüququnun tanınmasını istəyir.
9. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialara müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalıdır.
10. Məhkəmə qeyd edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılır.
11. Belə ki, Azərbaycan respublikası Mülki prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
12. Qeyd edilən prosessual hüquq normasının məzmunundan göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1, 157.2 və 157.4-cü maddələrində istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir-hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir.
13. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh qismində notariat ofisini formal olaraq cəlb etməklə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə hesab edir ki, notariat ofisi hazırki iddiaya cavab verməli olan şəxs deyil.
14. Göründüyü kimi, hazırki iddianın Nizami rayon Məhkəməsində baxılması üçün heç bir əsas müəyyən edilməmiş və aidiyyət qaydalarının pozulması hallarına yol verilmişdir. Hansı ki, mülki prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
Nəticə :
15. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətınə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2, X3 və X4 cəlb edilməklə cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “miras əmlaka dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
16. İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
17. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi: 13680; büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********; tarix: xx.xx.2024, saat: 12:24) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X2, X3 və X4 cəlb edilməklə cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “miras əmlaka dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi: 13680; büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********; tarix: xx.xx.2024, saat: 12:24) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva