Məhkəmə qərarları › İş №2(007)-1818/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1818/2023

19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1818/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Tümen vilayəti, Nyaqan şəhəri VVAQ Şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İİ-FR 446898 saylı nikah haqqında şəhadətnamənin ona yəni, xx.xx.1967ci ildə Yevlax şəhərində anadan olmuş, Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. 307.2.3-cü maddəsinə əsaəsn məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsaəsn məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsaəsn Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, Ərizəçi “nikah haqqında şəhadətnamənin ona məxsus olması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsə də, nikahın bağlanması haqqında akt qeydi Rusiya Federasiyasında tərtib edilmişdir. Ərizəçi nikah haqqında şəhadətnamədə onun adının düzgün olmayaq “Rahimə” kimi göstərilməsi səbəbi ilə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Belə olan halda, hazırkı halda həmin ərizənin qanunvericiliyin tələbi baxımından icraata qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar