Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1820/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Tümen vilayəti, Xantı-Mansiysk Muxtar dairəsi-Yuqra Nyaqan şəhəri Adminstrasiyasının VVAQ İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş İ-PN 891554 saylı doğum haqqında təkrar şəhadətnamənin ona yəni, xx.xx.1995-ci ildə Rusiya Federasiyası Tümen vilayəti, Nyaqan şəhərində anadan olmuş, Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir; 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsindən görünür ki, məhkəmə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi ərizəsində qeyd etdiyi faktın məhkəmə tərəfindən müəyyən olunması istisna olunur. Hansı ki, qeyd olunan xarakterli müraciətin təmin olunmasından inzibati orqan tərəfindən imtina edilərsə, o cümlədən ərizəçi tərəfindən inzibati orqanın üzərinə öhdəlik qoyulması, doğum haqqında şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması və ya ləğvi barədə iddia qaldırılarsa, belə iddialara ümumi məhkəmədə baxıla bilməz. Qeyd olunan sənəddə olan səhvlər belə sənədi vermiş orqan (təşkilat) tərəfindən və ya məhkəmə icraatının başqa növləri üzrə inzibati prosessual qaydada aradan qaldırıla bilər. İş materiallarından da görünür ki, ərizəçiyə doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı inzibati orqan tərəfindən imtina məktubu verilmişdir. Beləliklə, ərizənin yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi qanunvericiliyin müvafiq tələblərinə əməl etdikdən sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə, hesab edirəm ki, ərizənin yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad Ərizəçi tərəfindən ödənilmiş 100,0 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2023-cü il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1820/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1820/2023
22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver