Məhkəmə qərarları › İş №2(007)-1826/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1826/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1826/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********63009 olan “Samsung J2” markalı telefon üçün 120 (yüz iyirmi) manat əsas borcun, 12 (on iki) manat cərimənin, 16 noyabr 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********19843 olan “Samsung J2” markalı telefon və “Power Bank” üçün 127 (yüz iyirmi yeddi) manat əsas borcun, 12 (on iki) manat cərimənin, ümumilikdə isə 271 (iki yüz yetmiş bir) manat əsas borc, 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 291 (iki yüz doxsan bir) manat pulun Cavabdeh alınaraq, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 06 iyul 2018-ci il və 16 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********63009 olan “Samsung J2” markalı telefon, İMEİ kodu **********19843 olan “Samsung J2” markalı telefon və “Power Bank” almış və nəticədə 271 (iki yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh 06 iyul 2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 410 (dörd yüz on) manat (yəni 18 ay x 20 manat + 50 manat ilkin ödəniş), İMEİ kodu **********63009 olan “Samsung J2” markalı telefon üçün ümumilikdə 132 (yüz otuz iki) manat olmaqla ondan 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu (360 gün x 0.20 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 16 noyabr 2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə atqı-satqı qiyməti 470 (dörd yüz yetmiş) manat (yəni 12 ay x 35 manat + 50 manat ilkin ödəniş), İMEİ kodu **********19843 olan “Samsung J2” markalı telefon və “Power Bank” üçün ümumilikdə 139 (yüz otuz doqquz) manat olmaqla ondan 127 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə pulu (120 gün x 0.35 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 633 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2018-ci il tarixli, 00202862 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 410 manat olan İMEİ kodu **********63009 olan “Samsung J2” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 00375978 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 470 manat olan İMEİ kodu **********19843 olan “Samsung J2” markalı telefon və “Power Bank” satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 25 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 iyul 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 120 manat, cərimə borcu üzrə 12 manat olmaqla, ümumilikdə 132 manat borcu vardır. Cavabdeh 16 noyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 127 manat, cərimə borcu üzrə 12 manat olmaqla, ümumilikdə 139 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 271 manat borcu vardır. İşə əlavə olunmuş 26 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 06 iyul 2018-ci il tarixli və 16 noyabr 2018-ci il tarixli müqavilələr əsasında “xxxx” MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 06 iyul 2018-ci il tarixli müqavilə üzrə 120 (yüz iyirmi) manat əsas borc, 12 (on iki) manat cərimə borcu və 16 noyabr 2018-ci il tarixli müqavilə üzrə 127 (yüz iyirmi yeddi) manat əsas borc, 12 (on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 271 (iki yüz yetmiş bir) manat əsas borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar