Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1834/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış 4600 manat borc pulun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, ünvan 1 ünvanında yaşayırlar. Hazırda ailə üzvləri iki nəfərdən ibarətdir. Hələ sovet höküməti vaxtından hesablanan işıq pulları onun hesabına yazılmışıdır. "xxxx" ASC-nin verdiyi ərizə əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi 29 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə 1770 manat məbləğində işıq pulunun ödənilməsini əmr etmişdir. Məhkəmənin qeyd etdiyi borcundan hissə-hissə ödəyir. Lakin "xxxx" ASC 2016-cı il tarixdən hal-hazıra kimi aylıq işıq pulunu ödəməyinə baxmayaraq əsassız borc hesablayaraq, hazırda borcu 6500 manatı keçmişdir. Belə ki, 4600 manat artıq pul hesablanmışdır. Odur ki,məhkəməyə müraciət etməklə hesab edir ki, məhkəmə qanusuz hesablanmış borcu silə bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, "xxxx" ASC 1700 manat məbləği ilə bağlı məhkəməyə müraciət etmiş və həmin vəsaitin ondan tutulması barədə əmr qəbul edilmişdir. Bundan əlavə, onun borcu olması barədə 6000 manatlıq qəbz veriblər. Həmin vaxt sayğac olmamış, şəxsən borcun olması ilə bağlı əllə borc məbləğini yazıb kağız şəklində vermişlər. Bu qədər borc 3-5 ilə yığılan borc deyildir. O, həmişə işıq pulunu 50-100 manat olaraq ödəmiş, hətta anası borcu ödəyə bilmirsə, gəlib kəsmələrini bildirmiş, onlar da buna ixtiyarları olmadıqlarını qeyd etmişlər. Onların evinə 2009-cu ildən sayğac qoyulmuş, 2009-cu ildə qoyduqları sayğac ucbatından onun bütün məişət avadanlıqları yanmış, lakin ona heç bir köməklik edilməmişdir. Həmçinin, X4 imzalamışdır ki, işıq borcları silinsin, lakin buna əməl edilməmişdir. 2 aydır ki, köhnə sayğac aparılmış, yeni kartla sayğac gətirib qoyulmuşdur. Onun sayğacın quraşdırılması barədə aktı və istifadə ilə bağlı müqaviləsi vardır. Onun qardaşına da 6000 manat borc yazılmış və məhkəmə prosesi olacaqdır. Onun həyət evində, çöl qapısının küçədə olan hissəsində sayğac qoyulmuşdur. Onun qardaşı ilə sayğacları neçə ildir ki, ayrı-ayrıdır. İşıq üçün karta 100 manat yükəyir, onun 50 manat məbləği borca gedir. Onun Məhkəmə Əmri üzrə tutulmalı olan borcuna görə avtomobilinin üzərinə həbs qoyublar. Heç olmasa həbsi götürsünlər, o da avtomobili satsın. Ondan sonra pulu ödəyər, həbs götürülərsə borc silinməsə də olar. 60 yaşı var, onu işə də götürmürlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçının 2017-ci ilə kimi 2972,55 manat köhnə borcu olmuş, qalanı isə 2018-dən sonra olan sərfiyyat borcudur. 2018-ci ildə olan dəyər qrafasına nəzər yetirildikdə işıq üzrə dəyərin 929 manat 82 qəpik olduğu və iddiaçının 80 manat ödədiyi görünür. Avtomatik olaraq qalıq 3822 manat 37 qəpik olmuşdur. 2019-cu ildə sərfiyyat 542 manat 29 qəpik olmuş, iddiaçı isə 200 manat ödəniş etmiş və bu borc da əvvəlki borcun üzərinə gələn zaman qalıq borc məbləği 4164 manat 66 qəpik olmuşdur. 2022-ci il üzrə sərfiyyata baxılsa artıq sərfiyyatın çox, ödənişin isə az edildiyi görünür. Ödənişlər az olduğu üçün qalıq borc toplanmışdır. İddiaçının mənzili ilə bağlı akt tərtib edilməmiş, borcların hamısı sərfiyyatdır. Onun təqdim etdiyi sənədlərdə bütün məlumatlar qeyd edilmişdir. O, iddiaçının Fərmana görə borcun silinməsi ilə bağlı bildirdi ki, borcların silinməsi qeyri-yaşayış obyektlərinə, sahibkarlıq subyektlərinə və 2015-ci ilə qədər olan Bakı Elektrik Şəbəkəyə aid olan borclar olmuşdur. "xxxx" ASC 2015-ci ildə yaranmışdır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Mənzilin işıq təchizatı ilə bağlı şəbəkəyə abonent kodu **********4017A olan sayğac qoşulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3308/2016 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc qismində 1770,44 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 1790,44 manat məbləğində pul vəsaitinin tutulması müəyyən edilmişdir. “Abunetin hərəkət cədvəli” ilə **********4017A saylı abunə kodu olan İddiaçı ünvan 2 ünvanında 2017-ci il üzrə 8010.12 kvth sərfiyyat, sərfiyyat üzrə 2972,55 manat dəyər, dəyər üzrə heç bir ödəniş edilmədiyi, 2018-ci il üzrə 10008.48 kvth sərfiyyat, sərfiyyat üzrə 929,82 manat dəyər, 80 manat ödəniş, 3822,37 manat borc məbləği, 2019-cu il üzrə 6344.56 kvth sərfiyyat, sərfiyyat üzrə 542,29 manat dəyər, 200 manat ödəniş, 4164,66 manat borc məbləği, 2020ci il üzrə 6817.04 kvth sərfiyyat, sərfiyyat üzrə 585,11 manat dəyər, 40 manat ödəniş, 4709,77 manat borc məbləği, 2021-ci il üzrə 8766.96 kvth sərfiyyat, sərfiyyat üzrə 810,81 manat dəyər, 20 manat ödəniş, 5500,58 manat borc məbləği, 2022-ci il üzrə 7517.95 kvth sərfiyyat, sərfiyyat üzrə 810,23 manat dəyər, 100 manat ödəniş, 6210,81 manat borc məbləği, 2023-cü il üzrə 4933.4 kvth sərfiyyat, sərfiyyat üzrə 465,88 manat dəyər, 210 manat ödəniş, 6466,69 manat borc məbləği, 2024-cü il üzrə 1621,03 kvth sərfiyyat, sərfiyyat üzrə 138,91 manat dəyər, 180 manat ödəniş, 6425,6 manat borc məbləği olması müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlığından görünür ki, İddiaçı tərəfindən 33,84 manat məbləğ ödənilmiş və 6497.674 manat qalıq borc qalmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, tərəflərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 448.1-ci, 560.1-ci, 560.2-ci və 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci, 139.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 78.1ci, 81-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı, 7.11-ci, 8.14-cü, 8.33-cü, 9.1-ci, 9.10-cu bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı Məhkəmənin xx.xx.2016-cı il tarixli əmri ilə iddiaçının cavabdehə 1770,44 manat borcunun olması, 2017-ci il tarixdən 2024-cü il tarixədək ümumilikdə 6425,6 manat borcunun olması, həmin tarixdən iddiaçı tərəfindən 80-210 manat arası ödənişlər edilməsi müəyyən edilmişdir. Hazırda iddiaçının istifadəsində olan işıq sayğacında hər hansı qüsur olduğu müəyyən edilməmiş və iddiaçı bununla bağlı cəmiyyətə rəsmi qaydada müraciət etməmiş, bununla bağlı hər hansı akt da tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı işıq ilə bağlı götürdüyü öhdəliyə əməl edərək xidmətə görə yaranmış borcu vaxtlı-vaxtında ödəməlidir. Qeyd edilən borc aylıq işıqdan istifadə üzrə formalaşmış borcdur. Hazırda yaranmış borcun silinməsi əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı həmin borcun əsassız olaraq hesablandığını qeyd etsə də, buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, iddiaçıya hesablanmış borcun əsassız olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Habelə iddiaçı tərəfindən sayğacda nasazlıq olması və dəyişdirilməli olması ilə "xxxx" ASC-yə müracət edilməsi iş materiallarından görünmür. Belə olan halda, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını və iddia tələbinin təmin edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad olduğu dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış 4600 manat borc pulun ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1834/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1834/2024
08.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver