Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1896/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli aktların etibarsız hesab edilməsi, ünvan 1 ünvanında verlaşən mənzildə İddiaçı adına abonent nömrəsi **********70002 olan sayğacda hesablanmış 240 ( iki yüz qırx) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və ev 3 otaqdan ibarətdir. Qanuni əsaslarla həmin ünvana işıq sayğacı quraşdırılmışdır. İstehlakçı kimi abonent nömrəsi **********70002 olmaqla, elektrik enerjisi ilə təmin edilmişdir. Həmin ünvana quraşdırılmış sayğac və elektrik enerjisinin verilməsi barədə müqavilə onun adına bağlanmış və sayğac onun adına olmuşdur. xx.xx.2021-ci il tarixdə mənzillərində işıqda problemlər yarandığı üçün o, işıq idarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" nümayəndələri mənzillərinə yaxınlaşmışlar. Onlar tərəfindən bildirilmişdir ki, onların mənzillərinə daxil olan tərəfdən sayğacda problem aşkarlanmışdır. Onlar bu problemi aradan qaldırılacağını bildirmiş və 55 manat ondan pul alaraq sayğacı əsas şəbəkəyə qoşmuşlar. "xxxx" nümayəndələri ona bildirmişlər ki, 3-4 gün ərzində yeni sayğac quraşdırılacaqdır. Daha sonra xx.xx.2021-ci il tarixində "xxxx" ASC-nin nümayəndələri akt tərtib edərək yeni sayğac quraşdırmışlar. Bir müddət keçdikdən sonra ünvanlarına cərimə olunmaları barədə bildiriş gəlmişdir. Lakin, onlar tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Vaxtı-vaxtında hər zaman ödənişlərini həyata keçirmişlər. Təqaüdçü, yaşlı insanlardırlar. Nəvəsi qazidir. 240 manat cərimənin yazılması tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin borc onun tərəfindən yaranmamış və borcun ondan tələb edilməsi düzgün deyildir. O, təqaüdçü olmaqla, başqa heç bir gəlir mənbəyi yoxdur. O, "xxxx" ASC-yə müraciət edərək, borcun silinməsini xahiş etsə də, onlar tərəfindən həmin borc məbləğinin silinməsinin mümkünsüz olması bildirilmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ünvanlayaraq iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın qrifinin yandığı və işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən R 227777 saylı xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Abonent aktı imzalamaqdan imtina etmiş və bu barədə qeyd aktda göstərilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 233 manat məbləğində müəyyən edilməklə abonentin **********70002 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, xx.xx.2021-ci il tarixdə mənzillərində işıqda problem yarandığı üçün o, işıq idarəsinə müraciət etmiş və "xxxx" ASC-nin nümayəndələri onların mənzilinə gəlmiş və sayğacda problem olduğunu, bu problemi aradan qaldıracaqlarını bildirmiş və ondan 55 manat pul alaraq sayğacı əsas qoşmuşlar. Onlar 3-4 gün ərzində yeni sayğac qoşacaqlarını bildirmiş, sonra xx.xx.2021-ci il tarixdə yeni sayğac qoşmuşlar. Bir müddətdən sonra cərimə olumaları barədə bildiriş gəlmişdir. Onlar sayğaca müdaxilə etməmişlər və onların heç bir əlavə xətləri olmamışdır. Sayğac hasardan çöldə yerləşir. O, ustalara 10 manat əlmuzdu və 30 manat blompa görə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, iddiaya münasibət bildirirək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca baxış zamanı sayğacın qrifinin yandığı və işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu aşkar edilmişdir. Aşkar olunmuş fakla bağlı akt tərtib edimişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il, R 227748 saylı və xx.xx.2021-ci il tarixli, R 227777 saylı akt aktlar tərtib edilmiş və aklarda müvafiq olaraq bildirilmişdir ki, abonent İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın qrifinin yandığı və işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu aşkar edilmişdir. Daha sonra İddiaçı "xxxx" ASC tərəfindən bildiriş göndərilərək hesablamalarda xx.xx.2022-ci il tarixinə qədər olan borclarının və bildiriş tarixindən sonrakı ödəmələr nəzərə alınmadan 237,67 manat borcu olduğu müəyyən olunmuşdur. Abonent İddiaçı abunə haqqında sənədindən görünür ki, xx.xx.2021-ci il tarixində ona 234,22 manat borcu yarandığı müəyyən olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri müəyyən edilmədiyindən, sayğac mənzilin hasarından çöldə yerləşdiyindən və ona kənar şəxslərin müdaxiləsi də mümkün olduğundan, abunə haqqında sənəddə xx.xx.2021ci il tarixində İddiaçı 234,22 manat borcu yarandığı qeyd edildiyindən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinin “ünvan 1 ünvanında verlaşən mənzildə İddiaçı adına abonent nömrəsi **********70002 olan sayğacda hesablanmış 240 ( iki yüz qırx) manat borcun silinməsi” hissəsi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 234,22 manat borc silinməlidir. Məhkəmə həmçinin İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinin “cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktların etibarsız hesab edilməsi” hissəsində bildirir ki, qeyd olunan aktlar sayğacda problem olduğundan, iddiaçı tərəfindən "xxxx" ASC-nin nümayəndələrini çağırılmış, onlar tərəfindən akt tərtib edilmiş və aktda sayğacın qrifinin yandığı, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu aşkar edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən həmin aktların qanunsuz hesab edilməsini tələb etmək üçün heç bir əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddia tələbi borcun silinməsi hissəsində qismən təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qısmən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 234,22 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1896/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1896/2022
15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver